Kreml rəhbəri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Kiyevə qarşı tələblərini sadalayıb və bunu müharibənin dayandırılması üçün şərt hesab edir.
Siyasətçilər arasında aparılan danışıqlara dair açıqlama verən Türkiyə liderinin müşaviri İbrahim Kalın BBC-yə müsahibəsində bu tələblər haqqında danışıb. Onun sözlərinə görə, Moskvanın əsas şərti Ukraynanın “neytrallığı” və Avroatlantik kursdan, yəni NATO üzvlüyündən imtina etməsidir.
Rusiyanın tələbləri siyahısında Ukraynanın “Rusiya üçün təhlükə yaratmaması üçün tərksilah edilməsi”, “rus dilinin qorunması” və mahiyyəti hələ də aydın olmayan “denazifikasiya” da var.
Putinin “istəklərinin” digər qrupu müvəqqəti işğal olunmuş Donbass və Krım ərazilərinə aiddir. Lakin Kalın bu maddələrin məzmununu açıqlamayıb. Eyni zamanda, onun sözlərinə görə, təcavüzkar ölkənin rəhbəri yekun razılaşmadan əvvəl Zelenski ilə şəxsi görüşün tələb olunacağını bildirib.
Xatırladaq ki, daha əvvəl Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın Ukrayna ilə danışıqlarda mövqeyini daha yumşaq ritorikaya dəyişdiyini bildirmişdi. O demişdi ki, işğalçı ölkə nümayəndələrinin bəyanatları daha təmkinli və reallığa yaxın olmağa başlayıb.

Bəzi mənbələrin yazdığına görə, Rusiya artıq Donbass və Luqanskın müstəqil dövlət kimi tanınmasını tələb etmir. Amma həmin ərazilər üçün Ukrayna daxilində xüsusi status istəyir.
Daha əvvəl Rusiya Krımın onun tərkibində tanınmasını tələb edirdi. Amma hazırda Krım mövzusunda nələrin müzakirə olunduğu bəlli deyil.
Bizimyol.info