Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı Nərminin işi: “İlkin Süleymanovun əleyhinə ifadə vermədiyimə görə işdən çıxardılar”
10 yaşlı Nərminin işi: “İlkin Süleymanovun əleyhinə ifadə vermədiyimə görə işdən çıxardılar”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Azyaşlını oğurlayıb öldürməkdə, meyitini isə yandırmaqda təqsirləndirilən 1973-cü il təvəllüdlü İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, budəfəki məhkəmə iclasında Dondar Quşçu kənd sakinləri Mahir Orucov və Nazim Vəliyev şahid qismində dindirilib. Onların hər ikisi kənddə İlkin Süleymanovgilin qonşusudur.

Mahir Orucov ifadəsində bildirib ki, cinayəti İlkin Süleymanovun törətməsi haqda yalan ifadə vermək üçün Tovuz rayon Polis Şöbəsində təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə, təzyiqlərə baxmayaraq, İlkin Süleymanovun əleyhinə ifadə vermədiyinə görə 20 gün sonra işdən çıxarılıb.

Mahir Orucov Mahir Orucov

“Bu işə görə başıma oyunlar açdılar. Yanvarın 6-da yanan meyit tapılmışdı, yanvarın 7-də gecə saat 1-də məni polis şöbəsinə apardılar. Onda gözüm yeni əməliyyat olunmuşdu. Polis rəisi Şirzad Əsgərov deyirdi ki, yalandan eynək taxmısan. Eynəyimi çıxaranda dedim görmürəm. Onda məni şöbədə “podvala” aparmaq istəyirdilər. Həkimimə zəng elədim, telefonu verdim rəis danışdı. Həkim dedi ki, ona toxunmayın, yoxsa o biri gözü də əldən gedəcək. Məndən tələb edirdilər deyim ki, bu işi İlkin tutub. Onlara dedim ki, İlkini uşaq vaxtından tanıyıram, gözümün qabağında böyüyüb, dünyasında belə iş tutmaz. Mən görmədiyim şeyi necə deyim ki, İlkin eləyib, meyiti ora atıb? Yenə burada da deyirəm, o işi İlkin eləməyib...”.

Mahir Orucov bildirib ki, sonradan da bir neçə dəfə çağırılıb, təzyiqə məruz qalıb. Yenə də tələb olunan ifadəni verməyəndə isə başqa yolla cəzalandırılıb: “Təxminən 20 gün sonra müdir çağırıb dedi ki, getməlisən. Açıq dedi ki, “Mahir kişi, ya sən getməlisən, ya da gərək mən stolumu tərk eləyim”. Pensiya yaşıma da il yarım qalmışdı”.

Mahir Orucovun evi İlkin Süleymanovgilin evinin yaxınlığındadır. Meyit də onlara yaxın ərazidə yandırılıb. O deyir ki, həmin gün axşam saat 19.30 radələrində evdə televizora baxanda səs-küyə çıxıb. Ətrafda xeyli adamın, o cümlədən çoxlu sayda polisin toplaşdığını görüb: “Meyitin yandığı yer bizim evə yaxındı. Çıxanda gördüm ki, millət yığılıb. Mən meyiti görmədim, milislər əhatəyə almışdı. Sonra da İlkini tutub apardılar. Sabahı bizim evə, qonşuların evinə basqın elədilər, axtarış apardılar”.

Şahid əlavə edib ki, iki saata qədər orada olub. Hadisə yerində Nərminin əmisini, onun həyat yoldaşını görsə də, atası Şərif Quliyevi görməyib: “Təxminən 15 metr kənarda idik, milislər heç kimi yaxına buraxmırdılar. İki saata yaxın qaldı, heç kim yaxınlaşmadı”.

Digər şahid Nazim Vəliyevin evinin hasarının o biri üzündə meyit yandırılıb. Onun sözlərinə görə, həmin ərazi dərə kimidir. Bir çox hallarda kənd sakinləri gizli şəkildə ora zibillərini atırdılar. Əraziyə yaxın yaşayan evlərin sakinləri, o cümlədən İlkin Süleymanov isə arabir zibilləri yandırırdı ki, evlərə zibillərin iyi yayılmasın.

“Maraqlıdır ki, o hadisədən bir neçə gün əvvəl oranı gəlib kimlərsə tərtəmiz təmizləmişdilər, gül kimi idi”,- şahid bildirib.

Nazim Vəliyevə yanğın haqda İlkin Süleymanov məlumat verib: “İlk dəfəydi ki, İlkin qapını döymədən kiminsə qapısını açırdı. Dedi ki, orada cəsəd yanır. Əvvəl elə bildim, heyvan cəsədidir. Tez getdik, orada gördüm ki, insan meyitidir. İlkinin əmisi oğlu Murad polisdir, qonşuluqda yaşayır. Tez onu çağırdıq ki, polisdir, o bilər hara zəng eləmək lazımdır. Murad gələn kimi zəng eləyib xəbər verdi, 4-5 maşında polislər gəldi. Məsləhətləşdik ki, istintaqa kömək üçün çəkmək lazımdırmı? Qərara gəldik ki, çəkilsə, yaxşıdır. İlkinə dedik, o da çəkdi ki, istintaqa verilsin. Kinolarda da görmüşük ki, hadisəni çəkirlər, istintaqa verirlər. Səhvimiz onda oldu ki, İlkinə dedik çəksin. Sonra da onun əleyhinə istifadə olundu”.

İlkin Süleymanov və əmisi oğlu su, Nazim Vəliyev isə torpaq tökərək meyiti söndürüb: “Meyit tanınmaz halda idi. Ancaq diş görünürdü, başında da saç vardı”.

Nazim Vəliyevin dindirməsi martın 30-da növbəti məhkəmədə davam edəcək.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »