Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaralılar çaş-baş vəziyyətə düşüblər, harada yerləşdiklərini anlamırlar" - Almaniya mətbuatı
“Yaralılar çaş-baş vəziyyətə düşüblər, harada yerləşdiklərini anlamırlar" - Almaniya mətbuatı

Belarus müharibədə fəal iştirakdan mümkün qədər boyun qaçırır. Kreml ciddi təzyiq göstərir, dövlət başçısı Aleksandr Lukaşenko konstitusiya dəyişikliyinə ehtiyac olduğunu deyir.

Buna baxmayaraq, Belarusun müharibədən tamamilə kənarda dayandığını demək olmaz. Rusiya məhz bu ölkənin ərazisindən Kiyevə hücum üçün istifadə edib. Üstəlik, Kreml qoşunlarının yaralıları da daha çox Belarusa aparılır.

Bizimyol.info xəbər verir ki, yaralı Rusiya hərbçiləri Mozır və Qomel şəhərlərindəki hospitallara çatdırılır. Narovlyada sahə hospitalı da quraşdırılıb. Almaniya mətbuatı yaralıların bura çox ağır vəziyyətdə gətirildiyini yazır: “Əllərini, ayaqlarını itirənlər çoxdur. Hətta qulaqsız və gözsüz gələnlər də var”.

Alman jurnalistlər Belarusda hospitalların yerləşdiyi ərazilərdə yaşayan sakinlərlə söhbətləşməyə imkan tapıb. Onların sözlərinə görə, yaralı gətirilənlərin əksəri 2003-cü il təvəllüdlüdür. Onlar günlərlə ac qalıblar: “Çaş-baş vəziyyətə düşüblər. Harada yerləşdiklərini anlamırlar. Çünki, demək olar, uşaqdırlar. Xahiş edirlər ki, onlara valideynlərilə telefonda danışmağa kömək edək”.

ABŞ kəşfiyyatının son məlumatlarında Rusiya ordusunda təxminən 21 min hərbçinin yaralandığı yazılıb. Onların nəzərəçarpan hissəsi döyüş meydanına qayıtmağa daha yararlı deyil. Azı 7 min hərbçinin öldürüldüyü ehtimal olunur. Böyük Britaniya kəşfiyyatı Rusiya ordusunda həlak olanların daha çox olduğunu istisna etmir. Ukrayna Müdafiə Nazirliyi düşmən tərəfin 13800 döyüşçüsünü itirdiyini iddia edir. Minlərlə hərbi texnikanın sıradan çıxarıldığı barədə məlumat verilir. Azı 400 tank məhv edilib.

Rusiya ordusu fevralın 24-də Ukraynada hərbi əməliyyatlar keçirməyə başladığını elan edib. Döyüşlərin 22 günü ərzində xeyli şəhər dağıdılıb. Xarkov və Mariupolda əksər obyektlər, yaşayış binaları raket zərbəsinə məruz qalıb. Xerson, Sumı, Çerniqovda da dağıntılar çoxdur. Ukrayna Prezidenti Vladimir Zelenski ayrı-ayrılıqda NATO-ya, Avropa İttifaqına, ABŞ-a hava məkanının bağlanması ilə bağlı müraciət edib. Qərb nüvə müharibəsi ehtimalına görə bu məsələyə razılıq vermir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »