Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Asiyanın əjdahası” Rusiyaya niyə kömək etmədi?
“Asiyanın əjdahası” Rusiyaya niyə kömək etmədi?

Son 50 ildə müttəfiq olan iki supergüc dövlətdən biri olan Rusiyanın günəşi günü-gündən sönərkən, Çinin günəşi parlamağa davam edir. Görəsən, Çin ABŞ, Qərb və NATO-nun Rusiyanı zəiflətmək cəhdlərinin ona qarşı siyasi-iqtisadi, hətta bəlkə də hərbi əməliyyatların hazırlıq mərhələlərindən sadəcə, biri olduğunun fərqindədirmi? Əgər fərqindədirsə, bəs nə üçün Rusiyaya bir müttəfiqi kimi sahib çıxmaq, dəstək vermək istəmir? Görünən odur ki, elə Çin də ABŞ və Qərb kimi Rusiyanın kiçilməsini və zəifləməsini istəyir. Beləliklə, öz müttəfiqi də olsa, gələcək rəqiblərindən biri azalmış olar.

Əgər Rusiya iqtisadiyyatı zəifləsə, Çin bəzi strateji Rusiya şirkətlərini almağa çalışacaq və Rusiyanı məqbul görünməyən bəzi iqtisadi razılaşmalara inandırmağa çalışacaq. Ola bisin, Çin, vaxtilə İran və Venezuelaya qarşı etdiyi bu strategiyanı indi Rusiyaya da tətbiq etsin. Özü də rusların göz yaşlarına aldanmadan. Təbii ki, söhbət Çinin iqtisadi startegiyasından gedir.

Hərbi sahədə isə Çin bu günə qədər Rusiya və Sovet İttifaqı ilə bağladığı bütün hərbi müqavilələrdə “ehtiyac duyan ölkə” mövqeyində idi, lakin zaman dəyişib. Rusiya isə hələ də ikitərəfli münasibətlərdə eyni üstün mövqeyə malik olduğunu güman edir, lakin gedişat onu göstərir ki, O, bunun səhv olduğunu çox ağrılı şəkildə çox yaxın zamanda dərk etməli olacaq. Yəni Rusiya, əvvəlki Rusiya deyil və özünü Çinlə eyni üstün mövqedə görməsi, reallıqdan çox uzaqdır.

İndi isə rollar getdikcə dəyişilir. Çinin Rusiya ilə təkcə iqtisadi sahədə deyil, həm də siyasi və hərbi sahədə müzakirə etməli olduğu, daha doğrusu, hesablaşmalı olduğu ciddi məsələlər var. Məsələn, bu gün Çinin Yapon dənizinə baxan sahil xətti yoxdur. Diqqət etməyənlər xəritəyə baxsalar, burada Şimali Koreyaya qədər uzanan bütün sahil xətlərinin Rusiya ərazisi olduğunu fərqinə vara bilərlər. 1860-cı ildə İngiltərə-Fransa müştərək ordusu Çin İmperator Sarayını zəbt edib yandırdığı zaman, Rusiya Çini dəstəkləyəcəyini vəd edərək, “Aygün” və “Tyan-Şan” müqavilələri ilə yuxarıda qeyd etdiyimiz əraziləri ilhaq etmişdi. Rusiyanın bu “ilhaq” sevgisi elə dövrlərə, hətta daha da keçmişə dayanır.

Adını hallandırdığımız iki Rus-Çin müqaviləsi əsasında, Çin əvvəlki yüzilikdə türk və moğollardan qəsb etdiyi Amur hövzəsinin hamısını və Ussuri çayı ilə dəniz arasında yerləşən indiki Yaponiyanın üç qatı böyüklüyündə olan ərazilərini Rusiyaya verməli oldu. Daha sonra ngilislər,fransızlar, almanlar və amerikalılar işğal etdikləri əraziləri Çinə qaytarsalar da, onlardan fərqli olaraq, ruslar vaxtilə Çindən qopardıqları həmin əraziləri hələ də öz əllərində saxlayırlar. Şübhə yoxdur ki, gün gələndə, yəni Rusiya zəiflədikdə, çinlilər bu torpaqları geri istəyəcəklər.

Nəticə etibarilə, bu gün Çin bir tərəfdən texnoloji əməkdaşlıq etdiyi Ukraynanın torpaqlarına hücum edən Rusiyaya qəzəblidir, digər tərəfdən, o, ümid edir ki, Rusiya Ukraynada anqlo-saksonlara qarşı döyüşməklə, onları ən azı, on il Çinə qarşı birləşməkdən yayındıracaq. Bu ikibaşlı və ziddiyyətli perspektivlər Çinin Ukraynadakı müharibə ilə bağlı yekun siyasətini müəyyən edəcək.

Qlobal müharibə səbəbindən əziyyət çəkən Ukrayna xalqının yaxın gələcəkdə sülh və əmin-amanlıq şəraitində yaşamaq ümidi isə günü-gündən azalır…

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »