Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qida təhlükəsizliyi haqqında” Qanun real dəyişiklik yaradacaqmı?
“Qida təhlükəsizliyi haqqında” Qanun real dəyişiklik yaradacaqmı?

“Qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar. Qarşıya qoyulmuş uzunmüddətli hədəflərə, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal olunan qida məhsullarının inkişaf etmiş bazarlara ixracının asanlaşdırılması məqsədilə qeydiyyat, sertifikatlaşdırma və nəzarət tədbirlərinin qarşılıqlı tanınmasına nail olunması, bu məqsədlə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya texnologiyalarının son uğurlarından və innovativ həllərdən istifadə etməklə qida zənciri boyu risk əsaslı nəzarət sisteminin təşkili, istehlakçıların hüquqlarının qorunması və sahibkarların mənafelərini qorumaqla qida təhlükəsizliyinin təmin edilməsi kimi hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqamı” layihəsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib”.

Bu barədə Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, Dövlət Proqramının və Qanunun layihəsinin hazırlanmasında yerli və xarici mütəxəssislərlə yanaşı, ekspertlərin, sahibkarların nümayəndələri də iştirak edib.

Qeyd edilib ki, “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, ictimai birlikləri, eləcə də istehlakçıları məlumatlandırmaq məqsədilə 14 fevral 2019-cu il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa keçirilib.

“Tədbirdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, habelə istehlakçı assosiasiyaları iştirak edib və qanun layihəsi ilə bağlı müxtəlif rəy və fikirlər səsləndirilib. Tədbir çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb” - deyə məlumatda bildirilib.

Həmçinin əlavə edilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir:

“Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindəndir. “Qida təhlükəsizliyi haqqında” Qanun ölkəmizdə qida təhlükəsizliyi ilə əlaqədar aparılan islahatlar baxımından mühim əhəmiyyətə malikdir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda, Avropa qanunvericiliyi ilə uyğunluğun təmin edilməsi Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, habelə Azərbaycanla Avropa İttifaqı arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcək”.

Xatırladaq ki, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirmişdi ki, AQTA ictimai şurasının üzvü olmasına baxmayaraq, “Qida Təhlükəsziliyi haqqında” qanunun ictimai müzakirələrinə dəvət edilməyib. O, qeyd etmişdi ki, layihə Milli Məclisin müzakirələrinə təqdim edilib, ancaq bu müzakirələrdə iştirak etmək üçün də QHT rəhbərindən 48 müddət keçərliliyi olan PCR test tələb edilib.

Qısası, ölkədə bir qanun müzakirəyə verilir. İctmai müzakirələri aparılır. Ancaq bunu cəmiyyətə və KİV-ə açıq şəkildə izah edə bilən ekspert qanunun müzakirələrindən kənarda saxlanılır…

Maraqlıdır, görəsən yeni qanun bizə nə verəcək?

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »