Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kür çayının suyunda azalma başlayıb
Kür çayının suyunda azalma başlayıb

Son illər Kür çayının suyunda azalma müşahidə edilir. Bunu ən çox Neftçala sakinləri hiss edir. Çünki iki ildən çoxdur ki, Xəzər dənizi Kürün deltasına dolaraq, çayın suyunu şorlaşdırır. Bu isə, Neftçala rayonun bir çox kəndlərinin şirin su-içməli susuz qalmasına səbəb olur.

Əksər ekspertlər Kür çayında suyun azalmasını iqlim dəyişiklikləri ilə izah edir. Çünki iqlim dəyişiklikləri su ehtiyyatlarını da azaldır. Azərbaycanın su ehtiyyatlarının 70 faizi, digər ölkələrdə formalaşaraq daxil olur. Ölkəmiz su ehtiyyatları az olan ölkələrdəndir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun Prezidenti Rauf Sultanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Xəzər dənizinin suyunun azalması, çoxalması və Kür çayı ilə bağlı mütəmadi olaraq Azərbaycanda tədqiqat işləri aparılıb.

Rauf Sultanov Rauf Sultanov

“Kür çayı 200 km Türkiyə ərazisindən, 400 km Gürcüstan ərazisindən 800 km isə Azərbaycan ərazisindən axır. Kürün suyunun həcmi, 28,2 kub kilometrdir. Amma Azərbaycanda isə cəmi 7 kub kilometrdir. Gürcüstanda formalaşan suyun miqdarı Azərbaycanda formalaşan suyun miqdarından 7 dəfə çoxdur. Ermənistanın kiçik olmasına baxmayaraq, orada formalaşan su Azərbaycandan 3 dəfə çoxdur. Yəni bu suyun da 15-16 faizi Azərbaycana gəlir. Yəni Kürün suyunun azalmasının səbəbi budur. Azərbaycanın təbii iqlim şəraiti ilə əlaqədar deyil. Bu, Cənubi Qafqazla əlaqədardır. Xəzərin iki böyük çayı var. Biri Volqa, ikincisi isə Kür çayıdır. Yəni suyunun çoxluğuna görə deyirəm. Yəni Kür çayının suyunun azalması, Cənubi Qafqazda gedən təbii coğrafi iqlimdən asılıdır” - deyə professor bildirib.

Xəzərin Kürün deltasına doğru hərəkət etməsi prosesinə gəldikdə isə, professor bildirib ki, bu mütəmadi olaraq 10-20 ildən bir bu proses baş verir. R.Sultanov qeyd edib ki, Xəzərin suyu şordur və Kürün deltasına doğru hərəkət etdiyi zaman su şorlaşır. Bu, bütün sahələrə eləcə də balıqçılığa zərər verir. Kürünün xarici qatı zəif olduğu üçün duz onu əridir. Bu səbəbdən də balıqlar kürü qoymur. Ümumiyyətlə, duzlu su bir çox sahələrə zərər verir. Professor deyir ki, bunun qarşısını almaq üçün ölkə başçısı müəyyən məbləğdə vəsait ayırıb. Və problemin həll edilməsi tapşırılıb.

“Müstəqilliyimizin ilk illərində iqtisadiyyatımız yaxşı inkişaf etməmişdi. Və dövlət vəsaitləri daha vacib hesab edilən sahələrə yatırılırdı. İndi iqtisadiyyatımız inkişaf edib və bu problem də həll olunmaq ərəfəsindədir” - deyə professor əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »