Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəfael Dadaşovun anım günüdür
Rəfael Dadaşovun anım günüdür

Çox yaraşıqlı idi. Özünə məxsus gülüşü, baxışları vardı. Hətta ona səhnəmizin “Alen-Delonu” deyidilər. Bir zamanlar gənc qızların ən sevdiyi idi. O, tamaşaçılarının sevdiyi idi. Sənəti, səhnə isə onun sevdiyi. Sevgisinə etibarlı idi, Rəfael Dadaşov.

Tamaşaçı onu sevirdi. Rafel rollarını elə ifa edirdi ki, sanki o rolun həyatını yaşayırdı. Aktyor Məlik Dadaşovun ailəsində dünyaya gəlmişdi, bu yaraşıqlı, istedadlı aktyor...

“1996-cı ildə Heydər Əliyev anamı Şöhrət ordeni ilə təltif etmişdi. O zaman mən ordeni əlimdə tutdum və baxdım, baxdım. Sonra öpdüm anamı. Bir söz dedi: “Sənə də qismət olsun”. Və bu gün mən bunu əlimdə tutub, hiss edirəm ki, ömür boşa getməyib” - belə sevinirdi Rəfael Dadaşov Şöhrət ordeni alanda.

Yaraşıqlı olduğunu özü də bilirdi. Hətta teatra da xarici görünüşünə görə dəvət aldığını deyirdi. Bu qədər sadə, səmimi, təvazökar idi:

“Mən heç vaxt lovğalanmamışam, özümü dikbaş aparmamışam ki, mən, mən”...

Sadəcə çox heyifsilənirdi ki, onun xarici görünüşündən filmlərdə az istifadə edilib. Amma fərqli idi. Etibarlı idi.

Rəfael Dadaşov bir çox tamaşalarda Anarın "Ötən ilin son gecəsi" Aslan Qəhrəmanovun "Bağışla" və "Səndən xəbərsiz", Ruhəngiz Qasımovanın "Yollar görüşəndə", Hüseyn Cavidin "Topal Teymur", Üzeyir Hacıbəyovun "Ordan-burdan", İlyas Əfəndiyevin "Mənim günahım" və s. rollar yaradıb.

Rəfael Dadaşov narazı idi. Deyirdi ki, vaxtı ilə atası Məlik Dadaşovun 70 illik yubileyi dövlət səviyəsində qeyd edilmədi. Məlik Dadaşov, 72 yaşında dünyasını dəyişdi. Rəfael Dadaşovun da 70 illiyini qeyd etmədilər. O da dünyadan 74 yaşında getdi. Bu Rəfael Dadaşovun ən böyük nisgili idi desək, yanılmarıq.

“Heç kim insan qədər yüksələ bilməz və heç kəs insan qədər alçala bilməz. Zaman göstərir, kim yüksəlir, kim alçalır” - deyirdi Rəfael Dadaşov.

Ümumiyyətlə, yaşlananda da sevilən kişi obrazı idi. Ailəsinə, qızlarına olan sevgisi onu daha da ucaldırdı. Əsl qayğıkeş ata idi, sahib çıxmağı bacaran.

İki il əvvəl bu gün martın 16-da bir sənətkar itirdik. Bəzən deyirlər ki, əvəz edilməyən insan yoxdur. Amma Rəfael Dadaşov sözün əsl mənasında böyük aktyor idi. Biz səni unutmayacağıq... Məsələn, “Var olun qızlar” filminə baxanda “o simanı unutmaq olarmı” deyə düşünəcəyik. Və yaxud səsini eşidəndə, o duruş, baxışlar, gələcək gözümüz önünə...

Allah rəhmət eləsin!.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »