Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin "Böyük Yekaterina"nın yolunu davam etdirir: Alınacaqmı?
Putin "Böyük Yekaterina"nın yolunu davam etdirir: Alınacaqmı?

Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik elan edən postsovet ölkələrini yenidən eyni bir bayraq altında cəm etmək, Putinin ən böyük xəyalıdır desək, yəqin ki, yanılmarıq. O, bu dövlətləri yenidən eyni çətir altına toplamaqla, tarixə “Böyük Putin” kimi düşmək istəyir. Eyni ulu nənə-babası Yekaterina və Pyotr kimi... “Böyük Rusiya” onun həm xəyalı, həm də iddiasıdır.

Putin Qərbin və NATO-nun öz qapılarını sovet qatarından düşən ölkələrə açmasını, özünün “Böyük Rusiya” arzusuna çatmaq üçün ən böyük maneə kimi görür.

2008-ci ildə Putinin Gürcüstana hərbi müdaxiləsi nəticəsində Abxaziya və Cənubi Osetiyanı həmin ölkədən ayırması, 2014-cü ildə Ukraynanın Krım və Donbass bölgələrini işğal edərək, onları siyasi oyunlarla Rusiyaya bağlamaq cəhdləri və nəhayət, Ukraynanı işğal etmək barədə verdiyi əmrlə Qərb cəbhəsinin Rusiyanı mühasirəyə alan blokadasını yarıb keçmək əməliyyatıdır.

İqtisadi sanksiyalar, təbii ki, Rusiyaya təsir edir və sarsıdır, lakin görünür bütün bunlar Putini öz məqsədindən döndərə bilməyəcək. Çünki bütün xəbərdarlıqlara və sanksiya hədələrinə baxmayaraq, Ukrayna küçələrində qanlı müharibə aparan Rusiya ordusunun Ukraynanın dağıdılmış kazarmalarına, körpülərinə, şəhərlərinə bomba yağdırmaqda davam etdiyinin şahidi oluruq.

Putin və komandasının fikrincə, Ukraynanın işğalı Rusiyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Rusiya dövləti son 200 ildə iki dəfə məhv olmaq həddinə gəlib: Birincisi, Napoleon, ikincisi isə Hitler hücumlarıdır. Bu hücumların hər ikisi də Qərb kökənli olduğuna görə, üçüncü bir hücumla üzləşməmək üçün qərb cəbhəsini möhkəmləndirmək, Putinin fikrincə, “müstəqil və azad Rusiya” üçün ciddi həyati ehtiyacdır.

XVIII əsrin sonlarına doğru İkinci Yekaterina Krımı, daha sonra isə qərb sahillərini Osmanlılardan alaraq müasir Odessa şəhərinin əsasını qoydu. Beləliklə, O, tarixə “Böyük Yekaterina” kimi düşüb. İndi 250 ildən sonra Putin Qara dəniz sahillərində hökmranlıq etməyə çalışır. Görünür, Onun məqsədi Rusiya tarixində “Böyük Putin” kimi yer tutmaqdır. Digər tərəfdən, Putin hər fürsətdə “Biz hədəfimizə çatana qədər işğal davam edəcək, nüvə döyüş qüvvələrini işə salmaq əmrini də mən vermişəm” açıqlamaları ilə Qərb cəbhəsində şok, panika və qorxu yaratmağa çalışır.

Çeviklik və hiyləgərlik həmişə Vladimir Putinin imicinin bir hissəsi olub. KQB-nin keçmiş kəşfiyyatçısı, Kremlin şefi və yeganə qərar verən Putin şahmat fiqurlarını yaxşı oynamağı bacaran bir lider kimi tanınır. Məşhur Çin sərkərdəsi və mütəfəkkiri Sun Tzunun bəşəriyyət tarixində ən qədim və ən böyük strategiya əsəri sayılan “Müharibə sənəti” Putin üçün ilham mənbəyidir. Görünür, Putin əfsanəvi müharibə strateqi Sun Tzunun təlimlərini 2500 ildən sonra uğurla tətbiq edir. Çox danışmır, amma hər kəs nə istədiyini başa düşür; Çox görünmür, amma hər kəs onun varlığını hiss edir. Ən əsası isə heç bir şəkildə demaqoqluq etmir. Bununla belə, Vladimir Putində müşahidə edilən paranoya əlamətləri və XXI əsrin reallıqlarından qopması da başqa bir faktdır. Eyni zamanda, Putin, Rusiya xalqının genlərinə hopmuş aqressiv meyllərini daşıyan yeganə qərarverici diktatordur.

İndi isə əsas önəmli sualları sıralayaq: Putin Ukrayna ilə kifayətlənəcəkmi, hədəfi bəllidirmi? Ukraynadan sonra hücum və işğalın hədəfində hansısa ikinci ölkə olacaqmı? Putinin qarşısını kimlər hansı vasitələrlə alacaq? Dalana dirənmiş Rusiya rəhbərliyi son çarə kimi nüvə silahlarına əl ata bilərmi?

Mənə elə gəlir, bacarıqlı kəşfiyyatçı bu dəfə ciddi bir tələyə düşüb. Şübhəsiz ki, indi Rusiya vətəndaşları Ukraynanın tələsinə düşməyin bədəlini ödəyirlər və görünür, uzun müddət ödəməli olacaqlar. Ukraynanın yandırılmış və dağıdılmış şəhərləri, insan faciəsi, itkilər, yanan tanklar və əsirlər isə XXI əsrin biabırçı mənzərəsi kimi tarixə düşəcək.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »