Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada niyə irimiqyaslı etiraz aksiyaları keçirilmir?
Rusiyada niyə irimiqyaslı etiraz aksiyaları keçirilmir?

Rusiyada müharibə əleyhinə kiçik ölçülü eritazların şahidi oluruq. Lakin nədənsə siyasi şərhçilərin proqnozlarına uyğun olaraq, işlərində problemlər yaranan biznes sahibləri, ölkədən gedən xarici şirkətlərin işsiz qalan işçilərinin kütləvi etirazı nəzərə çarpmır.

Bunun səbəbi nədir? Rusiya xalqı bütün bu sanksiyaların altından tək başına çıxacaqlarına inanır?

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Rusiya xalqın bu qədər gərginlik fonunda etirazlara qalxmamasının səbəbi etiraz aksiyaların dərhal və yerindəcə boğulması ilə əlaqədardır.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bu müharibə ilə bağlı məsələdə “hamı Putini dəstəkləyir” deyə bir anlayış yoxdur. Bu etirazların müntəzəm şəkildə və Putinin hakimiyyətini sarsıdacaq qədər təşkilatlanmış formada, nizam-intizamla keçirildiyini görə bilmirik. Bu da avtoritar rejimin idarəetməsi ilə bağlıdır. Bu onu göstərmir ki, xalq müharibə, onun yaratdığı çətinliklərlə razıdır. Bunu demək olmaz. Sadəcə olaraq, görünür ki, bu etirazlar nəticə vermir və yaxud tam təşkilatlana bilmirlər.

Düşünürəm ki, Putinin bütün bunları nəzərə alması, qısa müddətdə müharibəni sonlandırması, Rusiyanı normal vəziyyətə qaytarması lazımdır. Əks halda elə aksiyalar başlaya bilər ki, bu, Putinin hakimiyyətinə son qoya bilər”.

Xatırladaq ki, Rusiyada etirazların qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilib. İndi Ukraynada baş verənlərlə bağlı "feyk" ("saxta") məlumat yaymağa görə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məsələnin absurd tərəfi ondan ibarətdir ki, baş verənləri "müharibə" adlandırmaq da qadağandır. Rusiya hökuməti bunu "xüsusi əməliyyat" adlandırır. Bunu "müharibə" olaraq təqdim edən şəxslər 15 il azadlıqdan məhrum edilə bilər.

Müharibə başlayandan bu yana Rusiyada etiraz aksiyalarında 15 mindən artıq şəxs polis tərəfindən saxlanılıb.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »