Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna yeni Suriya olacaqmı və ya əcnəbi döyüşçülər ölkəyə nə vəd edir?
Ukrayna yeni Suriya olacaqmı və ya əcnəbi döyüşçülər ölkəyə nə vəd edir?

Ukraynada müharibə 22-ci gününə qədəm qoyub. Son vaxtlar həm Ukrayna, həm də Rusiya tərəfindən müharibəyə son qoymaq üçün aparılan danışıqlarda irəliləyiş əldə olunduğuna dair bəyanatlar səslənsə də, münaqişələr artan intensivliklə davam edir. Təəssüf ki, proses ən pis ssenariyə doğru irəliləyir. “Könüllülər” adı altında Ukraynadakı müharibəyə xarici döyüşçülər cəlb olunmağa başlayıb. Həm Rusiya, həm də Ukraynanın xarici döyüşçülərdən istifadə etməyə başladığının şahidi oluruq.

Əliyalın ukraynalılar öz canlarını, ailələrini qorumaq üçün qonşu ölkələrə qaçmağa başladığı bir zamanda bir ölkənin başına gələ biləcək ən ağır ssenari baş verir - xarici ölkələrin muzdlu döyüşçüləri Ukrayna torpaqlarına daxil olaraq, işğalçılarla savaşır.

Keçmiş nümunələrin bizə öyrətdiyi ən mühüm dərs isə budur: xarici döyüşçülər bir ölkəyə daxil olmağa başladısa, o ölkə asanlıqla sülhə qovuşmaz, sülhü, sabitliyi qısa zamanda əldə edə bilməz, müharibə getdikcə dərinləşər, xarici muzdlu döyüşçülərdən istifadə etmək potensialına malik olan qlobal və regional güclər yuxarıda qeyd olunan qanun və qaydalara zidd olan “Müharibə Maşınları-Ölüm Qrupları-Qatil dəstələri” üzərindən öz müharibələrini apararlar, döyüş bölgəsinə çevrilən ölkə zamanla başqalarının nəzarətinə keçər, ölkəni geri qaytarmaq asan olmaz və ən önəmlisi, ölkəni işğaldan xilas etmək istəyərkən özünüz də bilmədən başqa işğala məruz qalarsınız. Əfqanistan, İraq və Suriya buna ən yaxşı örnəkdir.

Ölkəniz işğala məruz qalanda, işğalçılar torpaqlarınıza hücuma keçəndə, bəziləri “demokratiya” vədi ilə sizə yaxınlaşırlar. Birbaşa döyüşə getməsələr də, hər cür dəstəklə yanınızda olacaqlarını deyirlər. “Pul və silah problem deyil, bu baxımdan qəti narahat olma, arxanda biz varıq” deyə, qulağınıza pıçıldayırlar. Bir sözlə, ölkə sənin əlindən çıxana qədər hər cür oyunu oynayırlar. Necə deyərlər, “ayının min hoqqası var, bir armudun üstündə”.

Düşünürsən ki, ölkəni xilas etməyə çalışırsan və səni dəstəkləyən “yaxşı oğlanlar” var. “Çıxılmaz küçə”yə girib, dalana dirənəndən sonra məsələnin həqiqətini görməyə başlayırsan, amma artıq gecdir. Bununla belə, prosesdə elə bir nüfuz qazanırsan ki, sənə “qəhrəman, cəsur xalq, azadlıq döyüşçüsü, demokratiya aşiqi” kimi göz oxşayan, qulağa xoş gələn adlar verirlər. Nə qədər ki, döyüşməklə həm də bir növ onların planlarını icra edirsən, o zaman səndən daha yaxşısı yoxdur. Nə zaman ki, həqiqəti anlayıb, düşünmək üçün dayanırsan, onda da olursan terrorist və sənin ölkənə “demokratiya” gəlməyə başlayır, İraqa gəldiyi kimi - qırıcı, bombardmançı təyyarələrlə…

Bütün bunlara nümunə olaraq, Əfqanıtanı göstərə bilərik. 1979-cu ildə Rusiya Əfqanıstanı işğal etməyə cəhd edəndə də oxşar hadisə baş vermişdi. Belə ki, “Əfqanıstanın haqq işinin yanındayıq” devizi ilə ABŞ və Qərb dünyası Əfqanıstan ərazisində əfqanların əli ilə Rusiyaya qarşı öz müharibəsini apardı. Müharibəyə daxildən və xaricdən qatılanlar Əfqanıstan və müsəlmanlar üçün vuruşduqlarını zənn edirdilər. ABŞ, Qərb və Sovet Rusiyası arasında aparılan Soyuq Müharibənin hərbi-siyasi aləti olduqlarının fərqinə belə varmadılar. Olan isə Əfqanıstana və əfqanlara oldu. Hə, bir də bu ölkəyə döyüşçü göndərən bəzi İslam dünyası ölkələrinə. İndi aradan 43 il keçməsinə baxmayaraq, Əfqanıstan hələ də ayağa qalxa bilmir. Əfqanıstanda əfqanları işğalçı Rusiyadan xilas etmək bəhanəsi ilə prosesə cəlb olunanlar, İraqda “demokratiya” maskası altında peyda olub, iraqlıları Səddam Hüseynin əlindən “xilas” edəcəkdilər. Bu hiyləgər layihəyə dəstək verən çoxluq isə ölkə daxilindəki bir qrup kürdlər və şiələr oldu. Beləliklə, müharibə ilə birlikdə işğalçı qüvvələr və xarici muzdlu döyüşçülər İraq ərazisinə daxil oldular. Nəticədə, iraqlılar Səddamdan qurtulsalar da, fərqinə varmadan başqaları tərəfindən işğala məruz qaldılar. Beləliklə, ölkədə bir tərəfdən xarici qüvələr tərəfindən idarə olunan silahlı birləşmələrin fəaliyyəti artdı, digər tərəfdən, İran müxtəlif yollarla İraqı işğal etdi.

Suriya nümunəsi də fərqli deyil. İndiki reallıqda Suriya suriyalılardan alınıb. 2011-ci ildən bəri davam edən münaqişə müxtəlif dövlətlərin və onların döyüşçülərinin fəaliyyəti ilə formalaşır. Suriya tərəfi “biz barışmaq istəyirik” desələr, kənardan gələnlər “yox, edə bilməzsiniz” deyə, onlara qadağa qoyurlar. Hətta iş o yerə çatıb ki, “sən kimsən ki, barışırsan?” deyə, ölkə daxilindəki milli hərbi-siyasi qüvvələrə açıq-aşkar təzyiq olunur.

Əfqanıstan, İraq və Suriya nümunələrinə baxsaq, Ukraynanın siyasi gedişlərində xarici döyüşçülərdən uzaq durmaq daha yaxşı olardı. Çünki suveren bir ölkənin torpaqlarına xarici döyüşçülər cəlb olunursa, bu, tarixlə sabitdir - onların ayaqlarının dəydiyi yerdə ot bitməyəcək. Bu qüvvələr Ukrayna ərazisinə daxil olandan sonra Ukrayna ukraynalıların əlindən gedə bilər. Bu dəfə Ukraynanı “qurtarıcılar”dan belə qurtarmaq mümkün olmaz.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »