Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran dəhlizinin tənqidçiləri nə istəyir?!
İran dəhlizinin tənqidçiləri nə istəyir?!

İran dəhlizi mövzusu gündəmdən düşmür. Düşməyəcək də. İki səbəbdən: birincisi, bu, Ermənistana təsir (və ya onu idarə edən) kənar güclərin planını pozduğuna görə və ikincisi, bu dəhlizin Azərbaycan, İran, Türkiyə və ümumiyyətlə, bütün region üçün əhəmiyyətinə görə.

Birinci səbəbdən bu anlaşmanı tənqid edən, ikinci səbəbdən təqdir edən çoxdur və çox olacaq. Müşahidələr göstərir ki, Ermənistanın hökumətinə təsir edən kənar güclər Azərbaycanın müxalifətinin müəyyən kəsimlərini də yönləndirə bilir. Ya da bu anlaşmaya Azərbaycanı tənqid etmək üçün bir fürsət kimi baxırlar.

Bəli, hökuməti deyil (yaxud təkcə hökuməti deyil) bütövlükdə Azərbaycanı tənqiddən söhbət gedir burda. Çünki bu nəqliyyat-kommunikasiya dəhlizi təkcə hökumətə lazım deyil axı. Bu, Azərbaycana lazımdır. Hökumətlər dəyişir, dövlət, xalq, ölkə yerində qalır - bunu unutmamaq lazım.

Sabah-birisigün hökumət dəyişsə, yeni prezident seçilsə, əvvəlki prezident, hökumət bu yolları, Naxçıvana çəkilən enerji xətlərini, dımiryollarını söküb özü ilə aparmayacaq ki. Yaxud bu gün həmin İran dəhlizini tənqid edənlər sabah-birisigün özləri iqtidar olsa, bu kommunikasiyaları söküb atacaq?! Ləğv edəcək?!

Müxalifətçilik - hökumətin nöqsanlarını tənqid etmək, alternativ həllər təklif etmək öhdəliyidir, uğurları inkar etmək məcburiyyəti deyil. Əgər belə bir məcburiyyət varsa, onu müəyyən mənada başa düşmək olar. Məsələn, "Zəngəzur dəhlizi" Ermənistanın da milli maraqlarına cavab verir. Ancaq Ermənistan hökuməti ölkəsinin xeyrinə olan bir layihədən də imtina edir. Niyə?! Çünki məcburdur. Kim məcbur edir?! Ermənistan rəhbərliyində təmsil olunanların xarici sponsorları.

Onlar rəsmi İrəvanı məcbur edirlər ki, "Zəngəzur dəhlizi" layihəsinə razılıq verməsin, bu rıçaqdan Azərbaycana təzyiq üçün istifadəyə imkan yaratsın. Ki, Qarabağda münaqişəni, sərhədlərdə qanlı mübahisələri diri saxlamaq mümkün olsun. Qarabağın dağlıq hissəsində yaşayan bir ovuc erməni əsilli əhali qrupuna status tələbinə qüvvə qazandırsınlar.

Rəsmi Bakı İranla məlum anlaşmanı imzalamaqla bu oyunu pozur. "Zəngəzur dəhlizi"ndən imtina etmədən topu Ermənistanın meydançasında saxlayır, Azərbaycanla İran arasında ortaq maraqları hərəkətə gətirir, Ermənistanla İranın maraqlarını ayırır, Azərbaycanın öz ərazi hissəsi olan Naxçıcanla kommunikativ bağlarını möhkəmləndirir. Və sair və ilaxır.

Burda tənqid olunası nə var?!

İnanmırıq ki, bu anlaşmanın Azərbaycandakı (eləcə də, Azərbaycandan kənardakı azərbaycanlı) tənqidçiləri Ermənistanı haqlı sayalar. Azərbaycanla İranın konkret iqtisadi-kommunikasiya (əslində həm də geostrateji) layihədə əməkdaşlıq etməsinəmi etiraz edirlər?! Yoxsa Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə daha sıx kommunikativ inteqrasiyasına qarşıdırlar?! İnanmaq olmur. Ancaq gətirilən arqument çox zəif və cığaldır.

Həmin tənqidçilərlə bir az qiyabi də olsa, mübahisə edək.

Deyirsiniz ki, Azərbaycan "Zəngəzur dəhlizi"ndən imtina edir. Xeyr, imtina edən Ermənistandır. Dəyişik salırsınız.

Deyirsiniz ki, Naxçıvana İran ərazisindən onsuz da yollar var idi, yenisinə nə ehtiyac?! Məsafənin qısalması və sair kimi arqumentləri heç istifadə etməyək. Şərqi Zəngəzurdan Naxçıvana İran vasitəsilə dəmiryolunun çəkilməsi, enerji xətləri və sair kimi məsələləri də hələ qoyaq bir kənarda dursun. Tutaq ki, lap "Zəngəzur dəhlizi" də var. Ermənistandan yan keçməklə bizi Naxçıvandan Türkiyə ilə bağlayan daha bir alternativ quru və dəmiryolu xəttinin nəyi pisdir?! Niyə olmasın?!

Ən tutarlı arqumentiniz budur ki, İlham Əliyev: "Zəngəzurdan dəhliz verməsələr də, zorla alacağıq" deyib. Bəli, bəlkə də dövlət rəhbərinin dilindən belə bir ifadə səslənməli deyildi. Ancaq söhbət hələ də istər Qarabağda, istərsə də ölkəmizlə sərhədlərində bizimlə zor dilində danışan bir kvazidövlətdən gedir. Necə olur ki, Ermənistan (və ya Ermənistanın adı altında, deyək ki, Rusiya) torpaqlarımızı ələ keçirib 30 il boyunca işğal altında saxlayanda bu, Qərbdə heç kimi narahat etmir, bir söz işlətmişik, aləm dəyib bir-birinə?! Necə olur ki, Ermənistan Gəncə, Bərdə, Tərtər...kimi şəhərlərimizi bombalayanda kimsənin tükü tərpənmirdi, Bakıya, Mingəçevirə, Xızıya, Qəbələyə, Şuşaya raket atılanda kimsənin vecinə deyildi, indi bizim bir kəlməmizin ucundan tutub ucuzluğa gedirlər?! Bəli, İlham Əliyev o ifadəni işlədib. Mahiyyətə baxsaq, bu, Azərbaycanın Ermənistan ərazisinə müdaxiləsini deyil, 44 günlük müharibənin nəticələrinə əsaslanaraq özünün bir dövlət kimi (eləcə də, bu "Zəngəzur dəhlizi"ndə marağı olan rügional, beynəlxalq güclərin) Ermənistana təzyiq göstərməsini nəzərdə tutan bir ifadədir. Nədir ki?! Yoxsa Ermənistana təzyiq göstərmək də olmaz?!

Bu məsələdə udan yenə Azərbaycan, uduzan Ermənistandır. Ermənistanın öz iqtisadiyyat naziri bəyan etmişdi ki, "Zəngəzur dəhlizi" açılarsa, Ermənistan iqtisadiyyatının yaxın perspektivdə 30 faiz böyüməsi mümkün olacaq."Zəngəzur dəhlizi"nin Türkiyə ilə Ermənistan arasında açılıma çox böyük təsiri olacaqdı. Ermənistan Türkiyə vasitəsilə böyük dənizlərə çıxış əldə edəcəkdi və sair və ilaxır. İstəmədilər. Yaxud "yox" deməyə məcbur edildilər. Ancaq Azərbaycan nəzərdə tutduqlarını həyata keçirməkdə davam edir. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın məhdudlaşan logistika imkanları da bu yeni dəhlizə yönələcək. Eləcə də, Mərkəzi Asiyanın, Çinin, İranın özünün logistik ehtiyacları. Ermənistan öz ərazisindən cəmi 40 kilometrlik bir nəqliyyat keçidi verəcək, əvəzində çox böyük iqtisadi inkişaf və sosial rifah perspektivi qazanacaqdı. Bunlardan özü özünü məhrum etdi. Azərbaycanın və Türkiyənin guya Ermənistanı blokadaya saldığı haqda 30 il dayanmadan nağıl danışıb, ağlaşma qurmuşdular. İndi bütün dünya gördü ki, kim kimi təcrid edirmiş (daha doğrusu, etmirmiş). Ermənistan özünü (ya da arxasındakılar onu) blokadaya saldı yenə. Özü yıxılan ağlamaz.

Belə çıxır ki, bizim öz içimizdə Ermənistandan da bərk hönkürən var. "Zəngəzur dəhlizi"ndən Azərbaycana qarşı şantaj aləti kimi istifadə edən Ermənistan ola-ola (bu gerçəyi gördüyünüz halda) düşmüsünüz Azərbaycanın üstünə.

Yaxşı, tənqid edib emosiyalarınızı təmin etdinizsə, əvəzində çıxış yolu göstərin. Necə bir alternativ təklif edirsiniz?! Ermənistan öz ərazisindən bizə keçid vermədi. Nə edək?! Ermənistana hərbi müdaxilə edək?! Budurmu təklifiniz?! Məncə, bu deyil. Bəs nə?!

Bəli, "Laçın dəhlizi"ni bağlaya bilərik. Buna haqqımız, hüququmuz var. Ancaq indiki halda "Laçın dəhlizi"ni bağlamaq məlum üçtərəfli anlaşmalardan çıxmaq, eyni vaxtda həm Rusiya ilə, həm Qərblə açıq münaqişəyə girmək demək deyilmi?! Üstəlik Ermənistan vasitəsilə hərbi münaqişənin bərpasına bəhanə vermək. Azərbaycanı cəzalandırmaq üçün fürsət qovlayan güclərə bu zövqü yaşadaqmı, bu ötürməni edəkmi?! Budurmu alternativ variantımız, əziz tənqidçilər?!

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »