Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Demokratiya avtoritarizmi udur: Ukrayna sonun başlanğıcı ola bilər
Demokratiya avtoritarizmi udur: Ukrayna sonun başlanğıcı ola bilər

Ukraynada müharibənin 20-ci günüdür. Ukrayna dünyanın ikinci ən güclü ordusuna sahib olan Rusiyaya qarşı 20 gündür ki, müqavimət göstərir. Addım-addım geri çəkilməyə məcbur olur, amma düşmənin önündə sipər olmağa çalışır və bunu bacarır.

Bu günlərdə izlədiyim təbiət videosunda bir biton ilanın donuzu necə ovladığı göstərilirdi. İlan ondan güclü olan heyvana səbirlə, tələsmədən sarılaraq onu hərəkət etmək cəhdlərindən məhrum edir. Sıxaraq bir-bir sümüklərini qırır. Əvvəldə xilas olmaq üçün çırpınan, müqavimət göstərən heyvan bir vaxt cığırmaqdan başqa çarəsi qalmır və bu da onu xilas etmir. Biton onu udur.

Bütün müharibələrdə ənənəvi xüsusiyyətdir ki, müharibənin gedişində üstünlük qazanan tərəf həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan güclənir. Ətraf dövlətlər öz təhlükəsizliyi baxımından istər-istəməz gücü müdafiə edir, ən yaxşı halda bitərəf qalırlar ki, bu da müdafiənin bir şövü sayılır. Rusiya-Ukrayna müharibəsində isə vəziyyət bunun tam əksidir. Dünya dövlətləri işğala məruz qalan Ukraynanın yanında olduqlarını əməlləri ilə bildirir. Müharibənin uzanması Rusiyanı çöküşə sürükləyir. Saat Kremlin əleyhinə işləyir. Zaman uzandıqca dünyanın sanksiya məngənəsinin Moskvanı sıxması daha aydın hiss edilməyə başlayır. Əvvəlki on gündə Rusiya üçün bu sıxıntıları ehtiyat anbarlarla qapamaq mümkün olurdusa, indi çatışmazlıqları gizlətmək getdikcə çətinləşir.

Bizim məşhur atalar sözümüz var: “Cidanı çuvalda gizlətmək olmaz”. Rusiya da artıq gizlədə bilmir. “Cida” bir yerdən çuvalı deşib görünməyə başlayır. Məsələn, ilk günlərdə Rusiya hərbi canlı qüvvələrin və texnikanın itkiləri barədə məlumat vermirdi. Lakin “pis xəbər tez yayılar”, artıq ruslar cəbhədəki uğursuzluqlardan anında xəbər tuturlar. Rusiya telekanalları bunun əksini iddia etsələr də, indiki texniki vasitələrin sürətli inkişafı dövründə xəbərin yayılması qısa zaman gecikdirilə bilər, gizlətmək isə çətindir, bəlkə də mümkünsüzdür.

Cəbhəyə göndərilənlərin əksəriyyətinin qeyri-rus olması bəlkə də Putin-Şoyqu-Lavrov üçlüyünün uğuru sayıla bilərdi. Çünki tabutlar fəqli ərazilərə və fərqli ölkələrə gedəcəkdi. Bu da rus xalqının vahimə və hiddətini qabarmamasına səbəb olacaqdı. Amma hər şey planlaşdırılan kimi getmədi. Cəbhədə olan zabit heyətinin döyüşçülərin bir hissəsinin ruslardan ibarət olması ölənlərin ölkəyə axınını yaratdı. Hökumətin buna qarşı da planları var idi. Lokal etirazları anında dağıtmaq, hətta ictimai yerlərdə “müharibə” ifadəsini işlədənlərin həbs eilməsi kimi göstərişlər verilmişdi. Böyük şəhərlərdə, xüsusilə,paytaxda xeyli sayda etirazçı həbs edilərək əhalini qorxuya salmaq cəhdləri oldu. Bu bəzi hallarda nəticə verdi. Amma bir anda Mariya Ovsyannikova kimi gözlənilməz yerdən zərbə vuranlar da olur. Bunu proqnozlaşdırmaq mümkün deyil.

Xanım Ovsyannikova Rusiyanın 1-ci kanalının redaktoru olduğu halda, həmin kanaldan canlı yayımlanan verilişə girərək savaş əleyhinə “müharibəni dayandırın, yalançı təbliğata inanmayın” kimi Vladimir Vladimiroviçin xoşuna gəlməyən sözlər yazılmış pankart qaldırıb. Mariya bilirdi ki, bu hərəkətinə görə onu bir neçə illik həbs cəzası gözləyir. Amma elə anlar olur ki, ölüm qorxusu da insanların bəzi hisslərinə qalib gələ bilmir. Yay o qədər gərilib ki, onu saxlamaq mümkün deyil. Bunu saxlamağa Rusiya kimi nəhəng dövlətdə hamını ram etmiş Putinin də gücü çatmır.

“Yaxşı tərəfi olmayan pislik yoxdur”, deyiblər. Bu müharibə bəlkə Rusiya hakimiyyətinin avtoritar rejimini suquta aparacaq cığırın açılmasına səbəb olacaq. Xalqın sivil dünya dövləti qurmasına imkan yaradacaq. Rusiya böyük dövlətdir və onun zəngin təbii resursları olduğu kimi, kifayər qədər ağıllı, vətənini sevən insan resursu da var. Bundan sonra ruslar geri dönməyə razılaşmayacaq. İndi müasir dünya imperiyaya yox, insan kimi yaşamağa döğru inkişaf edir.

Ukrayna son qurban və ya sonun başlanğıcı ola bilər. Demokratik dünya udmaq istədiyi avtoritarizmə sarılaraq onu sıxır, sümüklərini sındırır. Artıq “çığırmaq” da fayda verməyəcək.

Qadir Musaoğlu

P.S. Rusiyadan "demokratiya" nümunəsi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »