Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın öz yeri və mövqeyi var"
"Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın öz yeri və mövqeyi var"

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı xarici siyasət, region və eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən münasibətlər qurması və əməkdaşlıq etməsi Azərbaycanın nüfuzunu getdikcə artırır. Ölkəmizin Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı regionda sülhyaratma və təhlükəsizliyin təmin olunmasında əldə etdiyi nailiyyətlər, atdığı addımlar və irəli sürdüyü təşəbbüslər həm bölgənin, həm də bütövlükdə dünyanın təhlükəsizliyinə müsbət təsir göstərəcəkdir. Bu, artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməkdədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova danışıb. Onun sözlərinə görə, hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühim rol oynayır, etibarlı tərəfdaşdır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Bunun çox ciddi əsası var: “Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, etnik təmizləmələri, terror aktlarını, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz bu stabilliyə təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasətin nəticəsində nail olmuşuq”.

Deputat qeyd edib ki, Azərbaycan həm özünün və regionun təhlükəsizliyini daha da möhkəmləndirmək üçün 2021-ci ildə Türkiyə ilə “Şuşa Bəyannaməsini”, 2022-ci ildə isə Rusiya ilə müttəfiqlik bəyanatları imzalayıb. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Bu sənədin hər iki ölkənin Parlamentdə təsdiq olunması bir daha bu müttəfiqliyin ən yüksək səviyyədə olmasını sübut edir. 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə beynəlxalq nüfuzunu daha da artıran Azərbaycanın son dövrdə baş verən siyasi-iqtisadi proseslər, eləcə də Rusiya-Ukrayna konflikti fonunda dünya üçün əhəmiyyəti bir qədər də yüksəlmişdir. Avropa İttifaqı, o cümlədən Avropanın böyük dövlətləri, İtaliya, Böyük Britaniya və bir çox digər dövlətlər ölkəmizə xüsusi diqqət ayırmağa başlayıb. Hazırda bu İttifaqa sədrlik edən Fransanın Prezidenti Emmanuel Makron regionda cərəyan edən məsələlərlə bağlı dövlət başçısı İlham Əliyevə zəng edib, ardınca məktub göndərib, Avropanın əsas dövlətlərindən olan İtaliyanın hökumət rəhbəri telefon əlaqəsi yaradıb, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəyə səfər edib. Azərbaycan Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Avropa İttifaqı karbohidrogen ehtiyatlarının etibarlı və sabit şəkildə nəqlində maraqlıdır. Eyni zamanda Türkiyə, Rusiya və Ukrayna prezidentləri də Azərbaycan lideri ilə telefonla əlaqə saxlayaraq müvafiq müzakirələr aparmışdılar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu günlərdə Bakıya səfərinin ardınca Prezident İlham Əliyev Türkiyəyə səfər edərək, prezident Rəcəb Tayyib Ərdoğanla regionu və beynəlxalq aləmin maraq dairəsində olan bir çox mühim mövzulara dair müzakirələr və məsləhətləşmələr aparılmışdır.

“Artıq dünyada gedən proseslər bir çox sahələrdə, xüsusilə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin bərqərar olunması, hərbi konfliktlərin qarşısının alınması, onların yaratdığı fəsadlarının aradan qaldırılması istiqamətində yeni görüş və münasibətlərin formalaşmasını zəruri edir. Bu günlərdə Türkiyə Prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda keçirilən Antalya Diplomatiya Forumu bunun əyani nümunəsidir. Ölkəmiz üçün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, yeni münasibətlər yaratmaq, qlobal və regional əhəmiyyətli prinsipial məsələlər ətrafında müzakirələr aparmaq üçün bu Forum böyük önəmi vardır. Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir. Rusiya-Ukrayna konfliktinin dayandırılması, sülh danışıqlarının keçirilməsi, yaranmış böhranın aradan qaldırılması istiqamətində həm Türkiyə, həm də Azərbaycan vasitəçi qismində çıxış etməsi, göstərdikləri təşəbbüslər yüksək qiymətləndirilir.

Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsi nüfuzu, bacarıqlı diplomat, müdrik lider, yeni vəziyyəti və gələcək hədəfləri görən strateq olaraq dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanı yeni uğurlara aparır. Ölkəmiz region dövlətləri ilə bərabərhüquqlu, etibarlı, qarşılıqlı maraqlara, sabitliyə, iqtisadi inkişafa xidmət edən əlaqələr qurur. Müasir beynəlxalq münasibətlər sistemində, dəyişən dünyanın yeni siyasi nizamında Azərbaycanın öz yeri və mövqeyi var” - deyə Hicran Hüseynova bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »