Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Regional imkanlardan yararlana bilməyən Ermənistan növbəti dəfə dalana dirənir"
"Regional imkanlardan yararlana bilməyən Ermənistan növbəti dəfə dalana dirənir"

“Bu günlərdə Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanması fikirlərimiz bir daha təsdiq edir. Bu tarixi sənədə əsasən İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya əlaqələri yaradılacaqdır. Azərbaycan 1 il 4 aydır ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistana verdiyi təkliflərə cavab gözləyir. Lakin Baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizindən siyasi maraqları üçün istifadə edir, müxtəlif bəhalər gətirməklə layihənin reallaşmasına maneə olurdu. Zəngəzur dəhlizinin açılması prosesinə əngəl olmağa çalışan İrəvan artıq seçim qarşısındadır: ya Azərbaycanın şərtlərilə razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaq. Həmişəki kimi, İrəvan Azərbaycanın təklif etdiyi konstruktiv təkliflərə adekvat cavab vermir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova danışıb. O bildirib ki, regional imkanlardan yararlana bilməyən Ermənistan növbəti dəfə dalana dirənir. Bunun məsuliyyəti isə Ermənistanın üzərinə düşür.

Hicran Hüseynova Hicran Hüseynova

“Cənab İlham Əliyevin dediyi kimi, “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq”. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Azərbaycan enerji, neft-qaz, logistika, kommunikasiya sahəsində nəhəng, iri miqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbayacan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir TANAP və TAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Türkiyə-Azərbaycan işbirliyinin nəticəsi olan TANAP və TAP-ın hazırkı şəraitdə əhəmiyyəti də artmaqdadır. TANAP və TAP layihəsi Avropada və dünyada enerji təhlükəsizliyinin yeni reallığının mühüm elementlərinə çevrilməkdədirlər. Türkiyə-Azərbaycan qardaşlığının bu layihələr təkcə iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyətə malikdir. Ölkələrin enerji təhlükəsizliyində vacib rol oynayır” - deyə deputat vurğulayıb. Onun sözlərinə görə, ölkə başçısı regionda praqmatizmə və qarşılıqlı faydaya əsaslanan fəaliyyət mühiti yaradır. Bu əməkdaşlıqdan bütün region ölkələri yararlanır, iqtisadi vəziyyətini gücləndirir. Zəngəzur dəhlizi imkan verir ki, Ermənistan iqtisadiyyatını inkişaf etdirsin, büdcəsinə əlavə vəsait daxil edə bilsin və əhalisinin sosial vəziyyətini yaxşılaşdırsın. Əgər Azərbaycan İran ərazisindən keçməklə yeni kommunikasiya yaradacaqsa, sabah Zəngəzur dəhlizinə ehtiyac qalmaya bilər. Bununla da Ermənistan nəinki böyük gəlirlərdən məhrum olacaq, eyni zamanda özü üçün əlavə iqtisadi çətinliklər yaratmış olacaq: “1992-ci ilin mayında ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində tikilən "Ümid körpüsü" o illərdə Naxçıvanı aclıqdan və fəlakətdən xilas etmişdi. 30 il sonra isə cənab Prezident İlham Əliyevin səyləri ilə reallaşan Araz çayı üzərində yeni 4 körpüdən ibarət yol- kommunikasiya qovşağının qurulması Naxçıvanı Azərbaycanla birləşdirməklə yanaşı, 3 qonşu dövlət - Azərbaycan - İran və Türkiyə arasında birliyin daha da möhkəm həlqəsi kimi əhəmiyyətlidir.

Prezident İlham Əliyev dəfələrlə deyir ki, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”. Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyən İrəvan növbəti dəfə geostrateji layihədən kənarda qaldı. Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzur dəhlizi- Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan - Mehri - Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur dəhlizi reallığı ilə barışmaq məcburiyyətindədir”.

Hicran Hüseynova hesab edir ki, bu saziş Ermənistanı yenidən düşünməyə, 10 noyabr üç tərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasına süni maneələrin aradan qalxmasına təkan verəcəkdir. Ağbənd-Mehri-Ordubad dəhlizinin - biz bu yola Şimal Zəngəzur dəhlizi deyə bilərik -, eləcə də Laçın-Qarakilsə (ermənilər dəyişdirib adını Sisyan qoyublar) - Şahbuz avtomobil yolunun da açılması ilə daha çox alternativlərimiz və manevr imkanlarımız yaranacaqdır. Bu dəhlizlər vasitəsi ilə gələcəkdə Asiyadan Avropaya (və əksinə) yük və sərnişin daşınması, eləcə də qaz və neft boru xətləri çəkməklə Azərbaycan, İran, Türkmənistan, Qazaxstanın karbohidrogen ehtiyatlarının Avropa ölkələrinə nəqli, turizm imkanlarının və mədəni əlaqələrin genişlınməsi mümkün olacaq.

“Son günlər baş verən hadisələri təhlil edərkən, bir daha Cənab Prezident İlham Əliyevin müdrik, praqmatik və uzaqgörən diplomat, lider olduğunu görürük. Ölkə başçısı son dərəcə hesablanmış, dəqiq təhlil edilmiş, çevik manevrlər imkanına malik qərarlar qəbul etməklə Azərbaycanı yalnız uğur və nailiyyətlərə doğru aparır” - deyə deputat bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »