Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya bankları nasist təşkilatları maliyyələşdirirmiş
Rusiya bankları nasist təşkilatları maliyyələşdirirmiş

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun çətiri altındakı Azov batalyonunda bir neçə yüz neonasistə görə bütün Ukrayna ordusu və dövlətinin nasistlərin nəzarəti altında olması barədə təsəvvür yaratmağa çalışır və “Ukraynanı nasistlərdən təmizləmək”dən dəm vurur. Putinin hallandırdığı həmin neonasistləri, şübhəsiz ki, Ukrayna ordusu və dövləti üçün ciddi bir rüsvayçılıq hesab etmək olar. Ancaq şübhəli məqam həmin rüsvayçılıqdan daha çox, Putinin neonasizmə münasibətindəki səmimiyyətdir.

Əgər “Azov” batalyonunun silahlarının lülələri Rusiyaya deyil, Ukraynaya doğru yönəlsəydi, Putin həmin batalyona tac qoyardı. Belə ki, neo-nasistlərin cazibə mərkəzi olan Vaqner Qrupu və onun bir çox üzvləri sosial mediada nasist geyimində və ya digər nasist simvollarında poza verirlər.

Putin Rusiyası Avropadakı neo-nasist/neo-faşist hərəkatlarını da “alqışlayır”. Araşdırmalara görə, sən demə, Rusiya bankı 2014-cü ildə Fransanın aparıcı irqçi partiyası Milli Cəbhəyə (indiki Milli Birlik) 9 milyon avro kredit verib...

2015-ci ildə Rusiyanın Sankt-Peterburqda keçirilən Beynəlxalq Rus Mühafizəkarlar Forumunun iştirakçıları arasında Almaniya Milli Demokratik Partiyasının (Neonasist), İtaliyanın Yeni Güc Partiyasının (Neofaşist) və Yunanıstanın Qızıl Şəfəq Partiyasının (Neo-Faşist) nümayəndələri də var idi. Putinin partiyası “Vahid Rusiya” isə Almaniya üçün Alternativ və neonasizmlə əlaqələri məlum olan Avstriya Libertar Partiyası ilə açıq şəkildə əməkdaşlıq edir və hətta 2016-cı ildə Avstriya Libertar Partiyası ilə rəsmi əməkdaşlıq müqaviləsi imzalayırdı.

Hə, birdə ki, Sovet İttifaqı dövründə yaradılmış DOSAAF (Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə Əməkdaşlıq üzrə Könüllülər Assosiasiyası) tərkibində Sankt-Peterburqda keçirilən hərbiləşdirilmiş təlimlərdə Almaniyadan olan neonasistlərin - Almaniyada Milli Demokratik Partiyasının törəmə təşkilatı olan Gənc Millətçilər və Üçüncü Yol Partiyasının üzvlərinin də iştirak etməsi barədə iddianı qeyd etməmək olmaz. Bütün bu real faktlar qarşısında Rusiya Ukraynadakı “neo-nasist”lərlə “mübarizə” aparır? Deyəsən, buna inanmağımız gözlənilir…

Məsələnin digər bir tərəfinə – Rusiyanın iqtisadiyyat sahəsinə gəlsək: xarici sərmayələrin 500 milyard dolları ötdüyü və bütün dünya dövlətlərinin Rusiyada hansısa yolla bizneslə məşğul olduğu həqiqətə Putin niyə son qoydu? Ən azından, niyə heç olmasa, valyuta ehtiyatlarını saxlaya bilmədi? Düşünürəm ki, hər kəsi düşündürən suallardan biri də budur. Mən belə bir sadə cavabın tərəfdarıyam: Putin Ukrayna böhranının nəticələrini səhv proqnozlaşdırdı və vəziyyətin sonunu aydın görə bilmədi…

İndi isə Putin bütün qəzəbini Ukraynadan çıxarır. Bu, dəqiqdir. Beləliklə, ölkəni iki yerə böləcək, xəritəni dəyişəcək və ölkə ictimaiyyətinə “qələbə” qazandığını bütün sevinci ilə hayqıracaq. Lakin bu qələbə hələ üzə çıxmamış iqtisadi zəlzələ, hiss olunmayan təcrid və vətəndaşlarına hələ də əks olunmayan yoxluq dövrlərinə səbəb olacaq. Görək, müharibənin sonuna yaxın özü ilə öyünən kim olacaq? Gözləyib, biləcəyik…

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »