Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Rusiyaya kömək etməkdən niyə çəkinir: "Tayvana hücum məsələsini ikinci plana atdı"
Çin Rusiyaya kömək etməkdən niyə çəkinir: "Tayvana hücum məsələsini ikinci plana atdı"

Ukrayna ilə müharibə Rusiyanı Çindən asılı hala gətirəcək. Rusiya-Ukrayna müharibəsinin uzanması və Qərbin tədbiq etdiyi sanksiyaları artırması Kremlin vəziyyətini ağırlaşdırır. Hətta artıq Rusiyanın Çindən hərbi və iqtisadi yardım istədiyinə dair xəbərlər də yayılır.

"New York Times" yazır ki, “Rusiya Ukraynadakı müharibə ilə bağlı Çindən hərbi texnika və sanksiyalara tab gətirmək üçün iqtisadi yardım istəyib”.

"Financial Times” isə yazır ki, vəziyyətlə bağlı məlumatlı bir mənbə bildirib ki, Çinin Rusiyaya kömək etməyə hazırlaşa biləcəyinə dair bir neçə əlamət fonunda ABŞ öz müttəfiqlərinə xəbərdarlıq etməyə hazırlaşır. ABŞ-ın digər rəsmi şəxsləri isə qeyd edib ki, Rusiyanın bir neçə növ silahı bitmək üzrədir, çünki Ukraynada müharibə artıq 3 həftədir ki, davam edir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Turan Rzayev bildirib ki, ABŞ və Qərb istər müharibə öncəsi, istərsə də müharibə dövründə Rusiyaya qarşı media üzərində ciddi əks-təbliğat aparır. Bununla həm müharibə gedişində Ukrayna xalqının motivasiyasını yüksək tutmaq, həm də Rusiya ictimaiyyətini qorxuya salıb mümkün variantda Putinə qarşı ayağa qaldırmaq hədəflənir.

Turan Rzayev Turan Rzayev

“Yayılan xəbərlərin şişirdildiyini düşünsəm də, büsbütün əsassız olduğunu düşünmürəm. Məsələ ondadır ki, müharibənin uzanması Kremlə təkcə texnika və canlı qüvvə itkisi deyil, həm də iqtisadi zərər vurur. Əksər Qərb ölkələrinin Kremllə ipləri qoparması və sanksiyalar tətbiq etməsi Rusiyanı Çindən hərbi və iqtisadi yardım istəməyə məcbur edə bilər”,- deyən politoloq qeyd edir ki, rəsmi Pekin mövcud Rusiya-Ukrayna müharibəsində ən təmkinli davranan və düzgün gediş edən ölkədir. Müharibə öncəsi Rusiyanın yanında olan Çin, müharibənin ilk bir həftəsində mövqeyini neytrallaşdırdı, hətta Ukraynaya humanitar yardım belə etdi. Hesab edirəm bu da səbəbsiz deyildi.

Rəsmi Pekinin Rusiya-Ukrayna müharibəsini diqqətlə izləməsinin səbəbi özünün müharibənin gedişindən asılı olaraq Tayvana hərbi müdaxilə etməsi ilə əlaqədar idi. Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri görən Çin Tayvana hücum məsələsini ikinci plana atdı.

“Digər tərəfdən Ukrayna müharibəsi Rusiya hərbi texnikasının keyfiyyətinin yüksək olmadığını göstərdi. Rusiya hərbi texnikalarının keyfiyyətinin yüksək olmaması həm də Rusiyanın düşünüldüyü qədər güclü olmadığını da göstərdi”,- deyən Rzayevin fikrincə, Çin mövcud vəziyyətdə yanlış davranmaq istəmir. Hesab edirəm ki, rəsmi Pekin Rusiyaya hərbi yardım deyil, iqtisadi yardım edəcək. Lakin bu yardım bir və ya iki dəfə ola bilər. Çin bununla Moskvaya dəstəyini deyil, müharibə sonrası təsir etmək üçün istifadə edəcək: “Onsuz da hazırda Rusiyanın Uzaq Şərq vilayətlərində, xüsusilə də Sibirdə Çinin irili-xırdalı bir çox şirkəti fəaliyyət göstərir. Son illərdə həmin ərazilərə işləmək üçün çinli işçilər üz tutur. Ukrayna ilə müharibə sonrası iqtisadi baxımdan zəifləyən Rusiyanın Çinə ehtiyacı olacaq. Rəsmi Pekin bunu bildiyi üçün əsas iqtisadi yardımları müharibə sonrasına nəzərdə tutur. Bununla Kreml iqtisadi baxımdan Rusiyadan asılı ola bilər.

Digər tərəfdən, Rusiyanın büsbütün zəifləməsi də Pekinə sərf etmir. Rusiya Qərblə Çin arasında sədd funksiyasını daşıyır. Rusiyanın büsbütün zəifləməsi bu gün ona qarşı tətbiq edilən sanksiyaların Çinə yönəlməsi ilə nəticələnə bilər. Buna görə də rəsmi Pekin Moskvaya bu və ya başqa formada dəstək göstərəcək”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »