Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə, əvvəlcədən elan olunduğu kimi, 2022-ci il 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində keçiriləcək.
Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 5 və 6 mart tarixlərində keçirilmişdi.
Dərs ilinin başa çatmasına xeyli vaxt qalmış buraxılış imtahanlarının həyata keçirilməsi təhsilə necə təsir göstərir? Buraxılış imtahanlarından sonra şagirdlərin məktəbə davamiyyətini təmin etmək olmurmu?

Təhsil eksperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, buraxılış imtahanları yekun qiymətləndirmə adlanır, amma Dövlət İmtahan Mərkəzi tədris ilinin bitməsinə 12 həftə qalmış yekun qiymətləndirməni keçirdir.
“Nəzərə alaq ki, hazırda ümum təhsil məktəblərində tədris ilinin müddəti 34 həftədir və bunun 12 həftəsi imtahandan sonrakı dövrə düşür. Bundan əlavə DİM elan edir ki, “yerdə qalan 12 həftə ərzində keçiricələk materiallardan suallar imtahana salınmayacaq”. Nəticə etibarı ilə müəllimlər, direktorlar, müavinlər çox böyük çətinlik qarşısında qalırlar. Çünki şagirdləri məktəbə cəlb etmək olmur. Ona görə ki, həmin fənlər üzrə uşaqlarda maraq qalmır.
Buraxılış fənlərin həftəlik dərs yükü 11 siniflərində təqribən 16 saat, 9-cu siniflərdə isə 11 saatı əhatə edir. Bu təsəvvür edin bu nə deməkdir? Bu DİM-nin bilərəkdən ümum təhsil məktəblərində işi pozması deməkdir. Bunu başqa cür adlandırmaq mümkün deyil”.
Ekspertin sözlərinə görə, bu qaydalara uyğun deyil.
“Yekun atestasiya bütün materialları əhatə etməlidir. Heç bir məntiqə də sığmır ki, imtahanı mart ayının əvvəlində, dərs ilinin bitməsinə 12 həftə qalmış keçirdələr. Bu tələsməyin bir səbəbi olmalıdır, amma oda yoxdur. İmtahanlar ən tez iyunun birinci həftəsində keçirilə bilər.
Çox təssüf olsun ki, bu barədə dəfələrlə demişik, yazmışıq, amma DİM tutduğunu buraxmır. Nəticə etibarı ilə ölkənin təhsil siyasətində pozuculuq yaranır”.
Qeyd edək ki, söhbət etdiyimiz valideynlər isə, əksinə, bu sistemi bəyənirlər. Onların fikrincə, buraxılış imtahanının erkən keçirilməsi hər hansı neqativ situasiya yaratmır. Valideynlərdən birinin sözlərinə görə, imtahandan sonrakı proqramı oxumaq da uşağın özündən asılıdır: "Biz əlavə pul ödəyirik ki, uşaqlarımız kurslara gedib savadlı olsun. Onsuz da uşaqlar buraxılış intahanından keçmək üçün oxumurlar. Yəni hədəf buraxılış imtahanı deyil. Uşaq oxuyursa, imtahandan sonra da oxuyacaq, oxumursa, heç bir imrahan onu buna məcbur edə bilməyəcək".
Başqa bir valideyn isə deyir ki, bu sistem ona görə yaxşıdır ki, Türkiyə universitetlərinə müraciət etməyi asanlaşdırır: "Orada qəbul imtahanlarını universitetlər özləri keçirirlər. Hər universitetin öz imtahan tarixi var. Qəbul imtahanları fevralın sonundan başlayır, avqusta qədər davam edir. Bu universitetlərə imtahandan keçən uşaqlara sənədləşmə işlərində illik yekun qiymətlər də lazım olur. Ona görə də buraxılış imtahanlarının tezləşdirilməsi yaxşı haldır. Keçən il karantinə görə buraxılış imrahanları gecikmişdi, tanıdığım bir çox uşaqlar o səbəbdən arzuladıqları Türkiyə universitetlərinə daxil ola bilmədilər, məcbur olub axırda aşağı reytinqli universitetlərə üz tutdular".
Leyla Mirzə, Bizimyol.info