Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu səbəbdəndir ki, ölkədə istehlakçı hüquqları iflasa uğrayır"
"Bu səbəbdəndir ki, ölkədə istehlakçı hüquqları iflasa uğrayır"

15 Mart, yəni sabah Ümümdünya İstehlakçı hüquqlarının qorunması günüdür. 1962-ci il martın 15-də Con Kennedi demişdi ki, “biz istehlakçılarıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir”. Həmin gündən bu cümlə bütün dünyanı gəzərək, bütün ölkələrdə olan istehlakçı hüquqlarını qoruyan təşkilatlar, o cümlədən Beynəlxalq İstehlakçı Təşkilatı bu günü istehlakçı hüquqlarının günü kimi elan etmiş və dünyanın 123 ölkəsində istehlakçı hüquqlarını qoruyan təşkilatlar var. Azərbaycanda isə istehlakçıların hüquqlarını “Azad istehlakçılar Birliyi” qoruyur. Niyə “Azad İstehlakçılar Birliyi” deyirəm? Çünki, əslində bu işlə məşğul olan dövlət qurumu yəni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sadəcə adı var.

“Azad İstehlakçılar Birliyi” fəaliyyətə başladığı 1997-ci ildən bu günə qədər ölkədə istehlakçı hüquqlarının qorunması istiqamətində müəyyən işlər görür. Əvvəllər bu təşkilat 15 martda icazəli küçə yürüşləri də keçirirdi. Sonradan ölkədə istehlakçı hüquqları ilə bağlı dövlət xidməti yaranır. Və bu xidmət ictimai təşkilatla birgə işlər görür. Sabah 15 martdır, amma buna baxmayaraq istehlakçı hüquqlarının qorunması istiqamətində hərhansı bir işin görüldüyü barədə məlumat yoxdur.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Azad İstehlakçılar Birliyi”-nin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına müsahibəsində deyir ki, bu günə qədər dəfələrlə dövləti xidmətinin rəhbəri Məhəmməd Abbasbəyli ilə görüşməyə çalışsa da, mümkün olmayıb. Yəni dövlət xidməti istehlakçı hüquqlarının qorunmasında artıq nə iş görürsə, görünür bu bir sirdir ki, ictimai təşkilat rəhbəri ilə bölüşmək istəmir. Əslində normal inkişaf etmiş ölkələrdə dövlət qurumları ictimai təşkilatlarla və mediayla əməkdaşlıq edərək, vətəndaşların problemlərini öyrənməyə çalışır. Bizdə isə... Eyyub Hüseynov deyir ki, məhz bu səbəbdəndir ki, ölkədə istehlakçı hüquqları iflasa uğrayır. Əgər bir dövlət xidməti uyğun ictimai təşkilatın sədrini qəbul etmirsə, jurnalistin sorğularını cavabsız qoyursa, hansı istehlakçı hüquqlarının qorunmasından söhbət gedə bilər ki?

Eyyub Hüseynov deyir ki, höküməti, ordunu və biznesi istehlakçılar saxlasa da, hökumət üzünü istehlakçılara tərəf çevriə bilmir. Belə ki, hökümətin bir nömrəli istiqaməti budur ki, biznes qurumları nə edirsə etsin, istehlakçıdan pul qoparıb, dövlət büdcəsinə ödəmələr etsin.

Ekspert deyir ki, təşkilata gələn bütün şikayətlərin 80 faizini həll edə bilir. Yəni təşkilata müraciət edənlərə təmənnasız şəkildə yardım göstərilir. Çox maraqlıdır ki, əgər təşkilata edilən müraciətlərin 80 faizi öz həllini tapırsa, o zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin adı bir daha dəyişdirilsin və istehlakçı da bilsin ki, onun hüquqlarını ancaq ictimai təşkilat həll edə bilər. İstehlakçı da bütün ümidlərini bu təşkilata bağlasın.

Sabah İstehlakçı hüquqlarının müdafiəsi günüdür. Bəs sizin istehlakçı olaraq hansı hüquqlarınız pozulub, hara müraciət etmişiniz? Müraciətləriniz nəticə veribmi?

Qeyd edək ki, mövzu ilə bağlı quruma göndərdiyimiz sorğulara cavab aldığımız zaman sizinlə bölüşəcəyik.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »