Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Muzdlu döyüşçü ümidinə qalan nüvə ölkəsi
Muzdlu döyüşçü ümidinə qalan nüvə ölkəsi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasının iclasında məruzə edir ki, Suriyadan və Afrikadan 16 min döyüşçü könüllü olaraq gəlib Ukraynada vuruşmaq istədiyini bildirib. Prezident Putin də Ali Baş Komandan olaraq əmr verib ki, bu məsələni həll edin. Yəni Suriyadan və Afrikadan döyüşçülər gətirilsin və Ukraynaya göndərilsin.

Bu, əvvəla, faktiki olaraq Rusiyanın müharibədə pis vəziyyətə düşdüyünün etirafıdır. Əgər o, dünyanın ən aparıcı ordularından birinə sahibdirsə, nədən Yaxın Şərqdən və Afrikadan muzdlular və ya könüllülər gətirir?! Dünən özü Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün Suriyaya qoşun göndərirdi. İndi nə oldu, necə oldu ki, özü Bəşər Əsədin əsgərlərinə möhtac qalıb?! Ukraynada ordusu biabırçı vəziyyətə düşüb, ölkə ağır sanksiyalarla üzləşib deyə hakimiyyətinəmi təhlükə var?! Görünür ki, həqiqətən dünyaya təhlükə saçanın özünə təhlükə var. Sual doğur, 140 milyonluq əhalisi olan Rusiyanın özünün 16 min döyüşə bilən əsgəri yoxdurmu ki, əcnəbi muzduların ümidinə qalıb?!

İkincisi, Azərbaycan 2020-ci ildə Ermənistanın işğalından Qarabağı azad etmək üçün əks-əməliyyatlara başlayanda Rusiya mediası, hətta rəsmi şəxslər belə Azərbaycanın guya xaricdən, o cümlədın, Suriyadan muzdlular gətirib döyüşə cəlb etdiyini deyirdi. Bu feykomaniya xəstəliyinin virusları Ermənistandan və onların xaricdəki mərkəzlərindən yayılmışdı. Bu xəstəliyə də, demək olar ki, bütün Rusiya mediası yoluxmuşdu. Eləcə də, hakimiyyət dairələri də. Ağız-ağıza verib Azərbaycana, eləcə də, Türkiyəyə böhtan yağdırırdılar. Ancaq indi özləri həmin Suriyadan döyüşçü çağırır. Həm də bu, bizə deyilən kimi böhtan deyil, Putinin və Şoyqunun dilindən çıxan etirafdır. Rəsmi və açıq-aşkar səslənmiş bəyanatdır. Necə deyərlər, birinci əldən, etibarlı mənbədən.

Deməli, Azərbaycana böhtan atıb təzyiq etmək lazım gələndə muzdlu döyüşçü pis olur, ancaq Rusiyanın özünə lazım olanda mübahdır?! Bu, necə yanaşma, hansı dövlət ağlıdır, hansı siyasi əxlaqdır belə?!

Azərbaycan öz ordusunun, dövləyinin, xalqının gücü ilə öz torpaqlarını azad edib. Hansı xarici muzdludan söhbət gedə bilərdi?! Müharibənin başlamasından ilyarım keçib, bircə dənə də olsun, fakt göstərən olmayıb bu haqda. Ancaq Ermənistanın yalanlarını həvəslə tirajlayırdı Rusiya kanalları. Bəs indi niyə susub Solovyovlar, Kiselyovlar, Skabayevalar... Bunu ki rəsmi şəxslər deyir. Prezident, müdafiə naziri. Efirdən. Niyə susub oturdunuz?! Azərbaycanda muzdlu axtarırdınız axı.

Doğrudan da, öz klassikləri haqlıymış: Rusiyanı ağılla dərk etmək mümkünsüzmüş! Bu qədər ağıllı adamın yaşadığı ölkəni, baxın, kimlər necə idarə edir?!

"Hansı ağılla idarə edir?!" deyə sual etməyəcəm. Cavabını bildiyimiz sualdır.

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »