Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran-Azərbaycan memorandumu Ermənistana da növbəti bir dərs oldu"
"İran-Azərbaycan memorandumu Ermənistana da növbəti bir dərs oldu"

Ötən gün Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Bakı ilə Tehran arasında imzalanmış memorandum Azərbaycan ilə İran arasındakı münasibətləri növbəti yüksək bir mərhələyə çatdıracaq.

Tural İsmayılov Tural İsmayılov

“Ümumilikdə, Azərbaycan öz qonşuluğunda olan ölkələrlə münasibətlərini dərinləşdirir. Daha əvvəl Türkiyə ilə Şuşa bəyannaməsi imzalandı ki, bu bizim qardaşlıq münasibətlərimizi növbəti bir mərhələyə daşıdı. Ardınca Rusiya ilə Moskva bəyannaməsi imzalandı. Eyni zamanda Azərbaycan bu gün Gürcüstanla müxtəlif sahələrdə əməkdaşlıq edir. İranla isə həm iqtisadi əməkdaşlıq təşkilatı nəzdində Aşqabadda müqavilənin və Tehranla memorandumun imzalanması Azərbaycanın İranla siyasi əlaqələrini daha da gücləndirmiş olacaq. Eyni zamanda Şərqi Zəngəzurda İran üzərindən Naxçıvanla Qarabağı birləşdirən yeni körpülərin və dəmiryollarının tikilməsi, Azərbaycanın növbəti diplomatik qələbələrindən biridir. Bu yol təkcə Azərbaycan-İran münasibətlərini inkişaf etdirib, Azərbaycanın və İranın siyasi-iqtisadi dividentlərini eyni zamanda regionda bütün dövlətlər Tehran memorandumu nəticəsində öz iqtisadi-siyasi perspektivlərini reallaşdıra biləcəklər” - deyən İsmayılov bildirir ki, xüsusuilə Rusiya-Ukrayna savaşının davam etdiyi və gələcyinin qeyri-müəyyən olduğu bir zamanda bu kimi razılaşmalar çox əhəmiyyətlidir.

Ekspertin fikrincə, hazırda dünya iqtisadiyyatının növbəti kataklizmlərlə üz-üzə qalma ehtimalının gücləndiyi bir vaxtda Bakı ilə İran arasında bu anlaşmanın imzalanması müstəsna əhəmiyyətə malikdir

Politoloq bildirir ki, təkcə quru yolu üzərindən İran vasitəsilə Naxçıvana keçiddə yeni imkanlar yaratmır, eyni zamanda bu körpülər və dəmiryolları yük daşımaları üçün alternativ, daha ucuz və sərfəli vasitələrin ortaya çıxmasında rol oynayır: “Artıq uzun müddətdir ki, Zəngəzur dəhlizinin reallaşması perspektivlərini yubadan Ermənistana da növbəti bir dərs oldu. Azərbaycanın bütövlükdə həyata keçirdiyi bu tipli layihələr yeni dünya mənzərəsində öz çəkisi ilə gələcəkdə öz dəyərini göstərəcək. Və dünyanın başqa regionları da bu yeni kommunikasiya xəttlərinə öz marağını göstərəcək”.

P.S. Bakı və Tehran arasında imzalanmış bu memorandum Rusiyaya tətbiq edilən sanksiyalar fonunda regiona daşınılan yüklərin artacağından xəbər verir. Bu isə, Azərbaycanın bölgədə geosiyasi mövqeyini gücləndirəcək. Bu, Azərbaycan diplomatiyasının qələbəsidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »