Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cərimə ilə razılaşmırsınızsa, nə etməlisiniz?
Cərimə ilə razılaşmırsınızsa, nə etməlisiniz?

Bəzən heç qayda pozmadığınız halda, qayda pozduğunuz haqqında elektron ünvanınıza foto-video daxil edilmədən cərimə protokolu daxil edilir. Fikirləşirsiniz ki, bunu nə zaman etmisiniz. Bəzən isə, heç qayda pozuntusu etdiyinizi düşünmədiyiniz halda yol polisi sizi saxlayıb, hansısa qayda pozuntusu etdiyinizi bildirir. Bütün sürücülər, qanunları və ya maddələri əzbər bilmir. Bəzi sürücülər bunu zaman keçdikcə, sükan arxasında yol təcrübəsi artdıqca öyrənir.

  • Qayda pozuntuları necə qeydiyyata alınır?
  • Sürücünün qayda pozduğunu əks etdirən sübut tələb etməyə haqqı varmı?

“Qayda pozuntusunun qeydiyyata alınması iki cür olur: Bir var ki, qayda pozuntusu YPX -nin qarşısında baş verir. Yol polisi qayda pozuntusunu görürsə, özü fiks edib, cəriməni tətbiq edir. Digər qeydiyyata alınma isə müşahidə kameraları tərəfindən fiks edilir. Qayda pozuntusu müşahidə kamerası tərəfindən fiks edilib, elektron ünvana göndərilibsə, bu zaman ya foto, ya da video ilə birgə göndərilməlidir” - deyən nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına müsahibəsində bildirib ki, yol polisi gördüyü qayda pozuntusu haqqında sübut təqdim etməyə məcbur deyil. Amma sürücünün də hüququ var ki, etdiyi qayda pozuntusunun sübutunu tələb etsin. Və eyni zamanda sürücü ona tətbiq edilən cərimə ilə razı deyilsə, DYP-yə müraciət edə bilər. Müraciətlər həm elektron, həm də adi qaydada qəbul olunur.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Sürət həddini aşma kamera ilə fiks edilib, elektron ünvana göndərilir. Bu zaman foto və ya video olması mütləqdir. Ancaq yol polisi kəmər taxmadığına görə sürücünü saxlayıb, cərimə yazırsa, o zaman burada hər hansı bir sübuta ehtiyac yoxdur. Məsələn, sizin elektron ünvanınıza dönmə işıqlarının yandırılmamasına görə qayda pozuntusu ilə bağlı cərimə yazılıbsa və orada hər hansı bir foto və ya video yoxdursa, bu zaman həmin cərimə əsassız sayılır. Əgər bu qayda pozuntusuna görə, polis sürücünü saxlayıbsa, sürücü deyə bilər ki, “mən dönmə işığını yandırmışdım, əgər yandırmamışamsa bunu sübut et”. Polis bunu hər hansı bir formada isbat etməlidir. Sübut təqdim etmədən sizə cərimə tətiq edirsə, siz həmin yazılan protokola etiraz edə bilərsiniz. Bu zaman məsələ araşdırılır və sizə nəticə bildirilir”,- deyə ekspert bildirib.

Qısası, əgər qayda pozmadığınıza əminsinizsə və sizə tətbiq edilən protokollara etiraz edirsinizsə, bu barədə Dövlət Yol Polisinə sizə tətbiq edilən protokoldan şikayət edə bilərsiniz. Siz haqlı çıxdığınız halda, sizə heç bir cərimə tətbiq edilməyəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »