Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayraktar”lardan gizlənən Rusiya ordusu meşələrlə irəliləyir
“Bayraktar”lardan gizlənən Rusiya ordusu meşələrlə irəliləyir

Rusiya üçün Ukraynada hədəf dəyişməyib. Kreml ordusu Kiyevi ələ keçirməyə çalışır. Müharibənin ilk günündən Ukrayna paytaxtına böyük hərbi qüvvə yönəldilib. Amma inanılmaz müqavimət müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, Rusiya hücumun miqyasını böyüdür. Martın 11-də Dneprin mərkəzinə həmlə edilib. Uşaq bağçası, yaşayış evləri, ayaqqabı fabriki dağıdılıb.

Xarkov ətrafında əlillər evi hücuma məruz qalıb. Yerli icra orqanının rəhbəri Oleq Sinequbov heç kimin xəsarət almadığını bildirib. Onun sözlərinə görə, 76 nəfər evakuasiya olunub.

Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov Rusiyanın ölkənin qərbinə hücumlara da start verdiyini deyib. Lutsk və İvano-Frankovsk aerodromları uzaqmənzilli raketlərlə sıradan çıxarılıb.

“Maxar technologies”in peyk görüntülərindən nəzərə çarpır ki, Rusiya ordusu Kiyevə doğru çox yavaş hərəkət edir. Amerikalı mütəxəssislər Kreml qoşunlarının hərəkətini diqqətlə izləyir. Rusiya ordusu daha çox meşəlik ərazilərə üstünlük verir. Çünki Kiyevin müdafiəçiləri açıq məkanlarda “Bayraktar”larla dəqiq zərbələr endirə bilir.

Rusiya ordusu şimalda və cənubda nəzərəçarpan əraziləri ələ keçirib. Ukrayna Prezidenti Vladimir Zelenski son iki gündə humanitar dəhlizlər vasitəsilə Poltavadan, Kiyevdən, Zaporojyedən, Dneprdən, Lvovdan 100 min nəfərə qədər dinc sakinin evakuasiya olunduğunu bildirib. Amma Mariupol və Volnovaxada əhali mühasirədə qalıb.

Kiyev əhalisi könüllülərə səngər qazmağa kömək edir. Kiyevlilər küçə döyüşlərinə hazırlaşır.

Rusiya Belarusun müharibədə fəal iştirak etməsini istəyir. Vladimir Putinin həmkarı Aleksandr Lukaşenko ilə görüşlərində bu məsələ əsas müzakirə mövzusu olur. Belarusun rəhbəri məsuliyyəti üzərinə götürmək istəmir. Onsuz da ölkəni böyük sanksiyalar gözləyir. Putin Lukaşenkonu yola gətirməyə çalışır. Belarusun dövlət başçısı hər şeyin ondan asılı olmadığını deyir. Lukaşenkonun sözlərinə görə, Ukrayna müharibəsinə qoşulmağa hər şeydən əvvəl konstitusiya imkan verməlidir. Bunun üçün isə referenduma ehtiyac var. Siyasi şərhçilər Lukaşenkonun bu sözlərlə vaxt qazanmağa çalışığını düşünür.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »