“Beşmanatlıq gəlin”-də Möhsün, “Ulduz”-da Gülümsərov,”Xəsis”-də Hacı Qara obrazları ilə Azərbaycan tamaşaçısının yaddaşlarına yazılan aktyor Bəşir Səfəroğlu...
Bəşir Səfəroğlu, 1925-ci ildə martın 11-də Bakıda anadan olmuşdu. Kiçik yaşlarından məktəbdən ayrılan Bəşir, şoferlər klubuna yazılır, kiçik rollar oynayır. 1941-ci ildə müharibəyə gedən gənc Bəşir, bir il sonra kontuziyalı vəziyyətdə geri dönür. Dili tutulur, qulaqları eşitmir. Bir müddət sürücü kimi işləyir. Hər zaman tamaşalara tamaşaçı kimi gedən yaradılıcıq ehtirası ilə çırpınır, əziyyət çəkirdi. Və bir gün möcüzə baş verir. Yuxuda həyacanlanan gəncin dili açılır. Və aktyorluq karyerası da elə bu zamandan başlayır.
B.Səfəroğlu hər zaman yumoristik, satirik rollar yaradırdı. İfa etdiyi rollar tamaşaçı tərəfindən sevilirdi. Yaradıcılığına nəzər salanda filmlərdə, tamaşalarda sərxoş obrazlarını elə ifa edirdi ki, sanki bu obrazları yaşayırdı. Xarici görünüşü, mimikası ilə özünü tamaşaçıya elə təqdim edirdi ki, illər keçsə belə unudulmayacaq. Oynadığı rollara baxanda istər-istəməz tamaşaçının üzünə təbəssüm qonur. Və maraqlısı budur ki, filmlərdə və tamaşalarda aktyor rolları elə imporivizə edir ki, sanki hər kəsin öz dili ilə danışır.
Rauf Kazımovski, aktyorun həyatından bəhs edən sənədli film də çəkmişdi. Amma ömrü çox qısa olur, Bəşir Səfəroğlunun. O, 1969-cu il martın 23-də dünyasını dəyişir.
“Aygün”, “Əhməd Haradadır?”, “Ulduz”, “Yun şal” və s. filmlərdə müxtəlif obrazlar yaradan Bəşir Səfəroğlu dünyasını dəyişsə də, tamaşaçılar tərəfindən xatırlanır. Aktyorun qızı xalq artisti Afaq Bəşirqızı da atasının yolunun davamçısıdır.
Aktrisa Afaq Bəşirqızı müsahibələrinin birində atası haqqında belə danışır: “Etiraf edək ki, ölümündən illər keçməsinə baxmayaraq, bu gün də xoş sözlərlə yad edilir, “rəhmətlik”, “heyif ondan”, “olsaydı belə olardı”, “qalsaydı belə edərdi” bu ifadələri qazanmış aktyor doğrudan da xoşbəxtdir. Çox qısa bir ömür yaşadı, 45 yaşa yeni keçmişdi. Sevdiyi bahar onu verdi, sevdiyi bahar da onu apardı. Martın 11-i doğum günü, martın 23-ü ölüm günü. Gəlin etiraf edək ki, o ölməzdir. Mən onun övladı olmaqla böyük qürur hissi duyuram. Mən onun zirvəsinə heç vaxt çata bilməyəcəyimlə çox böyük qürur duyuram”...
Maraqlısı odur ki, filmlərinə baxmayan tamaşaçı da Bəşir Səfəroğlu adını tanıyır. Belə, bu ay yaddaşlardan silinməyən Bəşir Səfəroğlunun ayıdır. Onu bu dünyaya verən və bu dünyadan alan mart ayı...
İlahin, Bizimyol.info