Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus da Rusiyanın gününə düşür: Əhalinin banklardakı pulları dondurulur
Belarus da Rusiyanın gününə düşür: Əhalinin banklardakı pulları dondurulur

Qərb Ukrayna savaşında fəal iştirak etmək istəmir. Məqsəd Rusiyanı daha çox iqtisadi həmlələrlə diz çökdürməkdir. Kreml çox ağır zərbələr alır. Qərbdəki hesablar dondurulub, böyük şirkətlər ölkədə fəaliyyətini dayandırıb, neftə müştəri tapılmır. Rusiya inanılmaz dərəcədə çətinliklə üzləşib. Üstəlik, əhalinin banklardan əmanətlərini götürmək istəyi yaxşı gələcək vəd etmir. Buna görə də həmin pulları inzibati üsullarla saxlamaq cəhdi müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, Belarus hakimiyyəti də ciddi çətinliklərlə qarşılaşıb. Müəyyən sanksiyalar özünü göstərir. Qərb Aleksandr Lukaşenko rejiminin əməllərini bağışlamaq fikrində deyil. Belarus iqtisadi iflasın astanasındadır. Əhali bunu yaxşı başa düşür. Buna görə də əmanətçilər banklardan pullarını götürməyə can atır. Hakimiyyət bunun qarşısını almaq qərarına gəlib. Belarusda əhalinin banklardakı pulları dondurulur.

Müstəqil media yazır ki, prosesə martın 14-dən start veriləcək. Martın 11-də banklara üz tutan əmanətçiləri aldadaraq yola salırlar. Yeni həftənin ilk günündən əmanətlər dondurulacaq. Bankda pulu olan şəxslərin ən yaxşı halda vəsaitin kiçik hissəsini əldə etmək imkanı var. Bunu da xarici valyuta şəklində almaq mümkün olmayacaq. Çünki Belarusda dollar və avro qıtlığı yaşanır. Hökumət valyuta satışını da dayandırır. Yəni belaruslular daha dollar və avro ala bilməyəcək. Ümid yalnız “qara bazar”a qalır. Əhaliyə alternativ yollarla xarici valyuta satmaq isə çox təhlükəlidir.

Ukraynada savaş başlayandan Belarusda bir çox müəssisələr fəaliyyətini dayandırıb. Bir sıra ölkələr Belarusdan məhsul almaqdan boyun qaçırıb. Əsas müştərilərdən sayılan Ukrayna daha heç vaxt qonşu dövlətə üz tutmaz. İndiyə qədər Rusiya yaxşı müştəri sayılsa da, indi Kremlin başı özünə qarışıb.

Belarusda yerli valyuta da dəyər itirir. Minskin müharibə məsələsində Moskvanı tam dəstəkləməsi gələcək üçün yaxşı heç nə vəd etmir. Belarusda iqtisadi vəziyyətin daha da ağırlaşacağı gözlənilir.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib. Ehrimal edilir ki, Lukaşenko yaranmış vəziyyətlə bağlı narazılığını Putinə çatdırmaq fikrindədir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »