Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxşıdır ki, burada sığorta mexanizmi işləyir, çünki bu, çox riskli bir işdir”
“Yaxşıdır ki, burada sığorta mexanizmi işləyir, çünki bu, çox riskli bir işdir”

Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xarici cins Simmental inəklərinin satışına başlanılıb. Bu barədə Bizimyol.info saytına Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qeyd edilib ki, Avropa mənşəli cins damazlıq heyvanlar iribuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Bizimyol.info saytına bildirib ki, simmental cins inəklər sovet vaxtından Azərbaycana gətirilir. “Sovet vaxtlarından sovet təsərrüfatlarına gətirlirdi. Bəzən onlara “şvets” inəkləri də deyirdilər. Lakin demək olar ki, sovet təsərrüfatlarında bu sahəyə qoyulan vəsait batırdı. Çünki onların adaptasiya edib, öyrəşdirib, yemləyib, öz şəraitlərinə uyğun saxlamaq mümkün olmurdu. Demək olar ki, hansı fermada yerləşdirilirdisə, bir müddətdən sonra artıq orada böyük problemlər yaşanırdı” - deyən ekspert bildirir ki, onların saxlanmasına uyğun infrastruktur olarsa, onların gətirilməsi pis deyil. Çünki bu heyvanlar bir gündə 30 litrə qədər süd verirlər.

Eyyub Hüseynov Eyyub Hüseynov

E.Hüseynovun sözlərinə görə, Azərbaycanda kənd təəsrrüfatı səviyyəsində, fərdi təsərrüfatlarda saxlanılan inəklər qətiyyən rentabelli deyil. Sadəcə olaraq, gün ərzində çoxlu yem yeyib, gün ərzində 2 və maksimum 5 litr süd verirlər. Bəzən illər boyu bala da vermirlər. Kəndlinin boynuna böyük yük düşür. Simmental inəklər isə, Azərbaycana çox baha qiymətə gəlir. Bu heyvanları alıb saxlayan fermerlər isə, böyük risk altına girmiş olurlar.

“Çox yaxşıdır ki, burada sığorta mexanizmi işləyir. Çünki bu, çox riskli bir işdir”,- deyən ekspert vurğulayıb ki, belə heyvanların ətindən və südündən istifadənin təhlükəsizliyi onlara verilən yemdən asılıdır. Əgər bu heyvanlara vurulan baytarlıq dərmanlarının qalıqları vaxtında izlənilirsə və yem tərkibi diqqətlə izlənilirsə, süd və ya ətdən istifadə heç bir problem yaratmaz.

“Normal əti və südü olur. İstifadə etmək olar. Azərbaycan kənd təsərrüfatı səviyyəsində fərdi təsərrüfatlarda ciddi dəyişikliklər aparılmalıdır. Demək olar ki, fərdi təsərrüfatlarda saxlanılan inəklərin 80 faizi rentabelli deyil. Əksinə, onun saxlayanın boynunda bir yük kimidir. Cins dəyişikliyi aparılsa yaxşıdır” - deyən Hüseynov bildirib ki, burada“ Koorperasiya haqqında” qanunun işləməsi çox vacibdir. Əgər kəndlilər koorperasiyalarda birləşsələr bu kimi fəaliyyətlər çox böyük nəticələr verə bilər. Fərdi təsərrüfatlar səviyyəsindən heyvanlarda cins dəyişikliyi aparıla bilər.

Qeyd edək ki, ətlik-südlük istiqamətli simmental cinsli heyvanların laktasiya dövrü 305 gündür. Süd məhsuldarlığı 1-ci laktasiya dövründə 5500 lt-dən çox, 2-ci laktasiya dövründə 6500 lt-dən çox, 3-cü laktasiya dövründə 7000 lt-dən çox olur. “Simmental” cinsin ətlik keyfiyyəti yüksək olub, kökəldilmiş cöngələr 18 aylıqda 500 kq, 24 aylıqda 650 kq canlı kütləyə çatırlar. Yaxşı yemləmə və bəsləmə şəraitində 900-1100 qram sutkalıq çəki artımı əldə etmək mümkündür. Təmiz ət çıxarı 50-55 faiz olur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »