Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Siz artıq övladınızın narkotik istifadəçisi olduğunu bilirsinizsə, bunu hamı bilir"
"Siz artıq övladınızın narkotik istifadəçisi olduğunu bilirsinizsə, bunu hamı bilir"

“Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs azadlığa çıxdıqdan sonra yenidən eyni əməli törətdiyi üçün saxlanılıb”... Son zamanlar belə tipli xəbərlərlə tez-tez qarşılaşırıq. Narkotik istifadəsi və satışına görə, həbs edilənlər həbsdən azad edildikdən sonra yenidən bu işlə məşğul olurlar. Yəni görünən budur ki, onlara verilən cəza bu işi tərgidə bilmələri üçün yetərli olmur.

Narkotik istifadəçisi olmaq çox zaman insanın iradəsinə bağlı olmur. Ətrafdakı dostlar, yaxınlar, bəzən həyatda qarşılaşımıza çıxan uğursuzluqlar, sevgisizlik, ailədə yaşanılan problemlər insanı narkotik istifadəçisi olmağa sövq edir. Yəni özün də bilmədən, istəmədən, “heç vaxt etmərəm” dediyini edirsən. Bundan qurtulmaq isə, düşündüyün qədər asan olmur. Bunun üçün güclü iradə və külli miqdarda pul lazım olur. Əgər pulun yoxdursa, ömrünün sonuna qədər narkotik istifadəçisi olaraq qalırsan. Ömrün nə zaman sona çatacağı isə, qəbul etdiyin dozadan asılı olur.

Narkotik istifadəçisi həbs edildiyi zaman cəzasını çəkdikdən sonra yenidən həbs edildiyi cəmiyyətə və mühitə qayıdır. Müalicəsi üçün çalışmadığı üçün yenidən narkotik maddə istifadə edir, işsizlik problemi olduğu üçün satışı ilə də məşğul olur. Və yenidən həbs...

Narkomaniya üzrə ekspert Emil Maqalov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, narkotik istifadəçisi bu maddələrdən istifadə edəndən sonra onda psixoloji və fiziki asılılıq yaranır. Bu asılılıqdan qurtarmaq lazımdır. Çünki bu adam xəstədir, müalicə olunmalıdır.

Emil Maqalov Emil Maqalov

Ekspert qeyd edir ki, statsitik göstəricilərə görə, böyük şəhərlərdə 3-4 min narkotik istifadəçisi, kiçik şəhərlərdə isə, 500-1000 nəfər narkotik istifadəçisi olsa da, narkodispanserlərdə yerlər çox azdır.

“Narkotik dispanser olan rayonlarda yerlər 25-30 nəfərlikdir. Və burada da cəmiyyətə lazım olan narkotik istifadəçilərinin müalicə alması üçün yer yoxdur. Yer tapıldıqda belə, valideynlər övladlarını bura aparmağa qorxur. Düşünür ki, dispanserlərdə müalicə alanlar harasa qeydiyyata salınır. Öncə qeyd edim ki, əgər siz artıq övladınızın istifadəçi olduğunu bilirsinizsə, bunu hamı bilir. Və narkodispanserlərdə müalicə anonim aparılır” - deyən ekspertin fikrincə, digər məsələ reabilitasiya ilə bağlıdır ki, ölkədə reabilitasiya mərkəzləri yox səviyyəsindədir. Olanların qiyməti 1000-5000 manat arasında dəyişir. Dispanserlər fiziki asılılığı müalicə edir. Narkotik istifadəçisinin psixoloji asılığı reabilitasiya müəssisələrində sağaldılır. Bunun üçün isə narkotik istifadəçisi reabilitasiya mərkəzində 4-6 ay qalmalıdır. Buna isə narkotik istifadəçilərinin maddi gücü çatmır.

E.Maqalovun fikrincə, reabilitasiya mərkəzlərində narkotik istifadəçiləri psixoloji sağlamlıqlarını əldə etməklə yanaşı müxtəlif peşələrə yiyələnə bilərlər. Onlar reabilitasiya mərkəzlərindən çıxdıqdan sonra orada öyrəndikləri peşələrlə məşğul ola bilərlər.

Hüquqşünas Məhəmməd Səlimovun fikrincə, narkotik istifadəçilərinə cəza verməklə onları cinayətdən yayındırmaq mümkünsüzdür. Çünki onlar müalicə edilməlidirlər. Narkotik maddə təsiri altında cinayət edən şəxslərin çoxu anlaqsız vəziyyətdə olur.

“Bu səbəbdən də cəzanı artırmaqla cinayətin qarşısını almaq mümkün deyil. Müalicə əsas şərtdir” - deyə hüquqşünas bildirib. Azərbaycanda isə, narkodispanserlərdə yer yoxdur. Reabilitasiya mərkəzlərinə gəldikdə isə, bir neçə özəl reabilitasiya mərkəzi var. Yəni dövlətin reabilitasiya mərkəzi yoxdur. Bununla bağlı Emil Maqalov dəfələrlə dövlət qurumlarına çağırışlar etsə də, bu çağırışlar cavabsız qalır. Görünür ki, narkotik istifadəçilərinin gündən günə artması hələ ki, məsul qurumları narahat etmir. Qeyd edək ki, narkodispanserlər, reabilitasiya mərkəzləri yaradılmasa, narkotik istifadəçilərinin, narkotik satışının qarşısını almaq mümkün olmayacaq.

Ekspert həmçinin qeyd edir ki, əgər bu gün narkotik istifadəçilərinin sayında azalma müşahidə edilmirsə, deməli bu günə qədər aparılan tədbirlər də effektsiz olub. Buna görə də, bu tədbirlər dəyişdirilməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »