Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şuşa bəyannaməsi Moskva bəyanatından daha üstündür, bizim hərbi müttəfiqimiz Türkiyədir”
“Şuşa bəyannaməsi Moskva bəyanatından daha üstündür, bizim hərbi müttəfiqimiz Türkiyədir”

Dünən 14 illik fasilədən sonra İsrail Prezidentinin Türkiyəyə səfəri dünya ictimaiyyəti tərəfindən maraqla izləndi. Dünənki İsrail-Türkiyə prezidentlərinin görüşünün ardından bu gün də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib.

İkinci Qarabağ Müharibəsi zamanı siyasi və mənəvi cəhətdən Azərbaycanla həmrəy olan İsrailin Türkiyə ilə yaxınlaşmasında, 14 il sonra bu münasibətin yenidən canlanmasında heç şübhəsiz ki, rəsmi Bakının və eyni zamanda İkinci Qarabağ Müharibəsinin də rolu az deyil. Geniş çərçivədən yanaşsaq, hətta Bakının burada bir barışdrıcı mövqedən çıxış etdiyini də müşahidə edə bilərik. Bir gün ara ilə İsrail və Azərbaycan prezidentlərinin Türkiyəyə səfərini həm də bu üç ölkənin bundan sonrakı sıx əməkdaşlıq yolundakı addımı kimi dəyərləndirə bilərikmi? Azərbaycan-Türkiyə-İsrail üçtərəfli əməkdaşlığının qurulması real görünürmü? Antalyada baş tutan Zirvə toplantısı öncəsi Qarabağda yenə atəşkəsin pozulması və qanunsuz silahlı birləşmələrinin Azərbaycan torpaqlarında əsgərlərimizə qarşı təxribatlar törətməsi Ermənistan-Azərbaycan sülh razılaşmasını pozmağa, revanşist addımların həyata keçirilməsinə hesablanmış gediş ola bilərmi? Bəzi məlumatlara görə, Paşinyanın Rusiyadan üz döndərərək, Parisdəki görüşə qatılması, Rusiya tərəfini olduqca ciddi qıcıqlandırıb və Rusiya Paşinyan hökumətini yenidən Qarabağda cəzalandırmağa çalışır. Ona görə də rus sülhməramlıları barədə müəyyən videolar yayılır və qeyd edilir ki, onlar yerləşdirildikləri bölgələri tərk edərək, Ukraynada döyüşlərə göndərilirlər.

Gündəmin aktual məsələləri ilə bağlı Bizimyol.info-ya danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Qarabağdakı sülhməramlılar qanunsuz silahlı birləşmələrlə əlbirdir və Rusiya tərəfdən də Azərbaycana ciddi təzyiqlər var:

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Qarabağdan çıxan rus sülhməramlılarının Ukraynada döyüşə göndərildikləri barədə məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb. Ola bilsin, rotasiya prinsipi üzrə hərbçilərin yerdəyişməsi həyata keçirilir. Əlbəttə, Azərbaycanın haqqıdır ki, Qarabağdakı qanunsuz silahlı birləşmələri tərksilah edib, Xocalının, Şuşanın kəndlərini azad etsin, orda bizim qanunlar işləsin. Bizim belə bir istəyimiz var və gərək istənilən an bu məqsədi həyata keçirə bilək. Amma reallıq ondan ibarətdir ki, bölgədə Rusiya hərbçiləri var, onlar da seperatçılarla faktiki bizə qarşı əlbirdirlər və təxribatlar həyata keçirirlər. Son günlərdə də atəşkəsin pozulması halları artıb. Bununla birlikdə həm də Rusiyadan Azərbaycana təzyiqlər də artıb. Güya “Donbas seperatçı”larına yardım gedir, “Dağlıq Qarabağ” ifadəsi işlənilir, Xarkovdakı konsulluğun vurulması nəticəsində Rusiya ilə əlaqələr kəsilib, Rusiya ilə pul köçürmələri də azalıb və sair. Bütün bunlar Rusiyanın bizə qarşı təzyiqidir.

O ki, qaldı Türkiyədə keçirilən görüşlərə, üçtərəfli görüşün keçirilməsi barədə məlumatım yoxdur. Ancaq bu gün bildiyimiz kimi, Azərbaycan Prezidenti Türkiyəyə səfər edib, Ərdoğanla görüşüb. Bir sıra enerji, təhlükəsizlik və iqtisadi məsələlər müzakirə olunub. Əgər bizə Rusiyadan təzyiq varsa, biz Türkiyə ilə hərbi-siyasi ittifaqı gücləndirməliyik. Bu məsələdə başqa alternativimiz yoxdur. Yaxın zamanlarda Türkiyə XİN başçısı M.Çavuşoğlu da Azərbaycana gəlmişdi. Bu məsələləri geniş şəkildə müzakirə etməyə ehtiyac var. Çünki nə qədər Moskvada məlum bəyanat imzalansa da, Şuşa bəyannaməsi Moskva bəyanatından daha üstündür. Bizim hərbi müttəfiqimiz Türkiyədir. Rusiya sadəcə bizim tərəfdaşımız ola bilər, müttəfiqimiz ola bilməz. “Müttəfiq” dediyimiz həmin ölkə bizə təzyiq göstərir. Bu baxımdan düşünürəm ki, Türkiyə-Azərbaycan prezidentlərinin görüşündə bu məsələ də ciddi şəkildə müzakirə olunacaq. Paşinyanın Paris səfərinə gəldikdə isə deyə bilərik ki, Paşinyan Moskvaya da gedəcək. Ermənistan Rusiyadan asılı dövlətdir. İstəsə belə, onun caynağından çıxa bilməz. Ona görə də Paşinyanın Paris səfəri ilə Qarabağda baş verən hadisələri əlaqələndirmək istəməzdim. Bəli, Qarabağda ordumuza qarşı təxribat baş verir, amma elə bunun da başında Kreml dayanır. Rusiya bu yolla Azərbaycana təzyiq edir”,- deyə, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »