Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə barışdırmaq istəyir, ABŞ və Avropa isə qızışdırır
Türkiyə barışdırmaq istəyir, ABŞ və Avropa isə qızışdırır

Türkiyə bu gün çox gərgin diplomatik təmaslara ev sahibliyi edir. Bu gün Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın iştirakı ilə keçiriləcək üçtərəfli sammiti bəlkə də ən kritik görüş adlandıra bilərik.

14 illik uzun fasilədən sonra ilk dəfə İsraildən Türkiyəyə rəsmi səfər həyata keçirilir. İsrail prezidenti Hersoqun səfəri davam edərkən, Yunanıstanın Baş naziri Mitsotakis də bu gün Türkiyəyə gəlir. Gələn bazar ertəsi isə Almaniya kansleri Olaf Şolz rəsmi səfər üçün Ankarada olacaq.

Sabah Prezident Ərdoğan tərəfindən rəsmi açılışı olacaq Antalya Diplomatiya Forumunda səksəndən çox ölkənin hökumət başçıları və nazirlərinin iştirak edəcəyi bir iclas baş tutacaq. Bundan əlavə, qırx dörd regional və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı edəcəyi bu tədbiri dünya gündəminin əsas xəbər başlığı hesab etmək olar. Göründüyü kimi, Türkiyə bu gün və sabah çox ciddi diplomatik təmaslara ev sahibliyi edəcək.

Ancaq bu gün həmin diplomatik görüşlərin arasında xüsusilə həssas olan Rusiya-Ukrayna XİN rəhbərlərinin görüşü baş tutacaq. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun da qatılacağı bu zirvə görüşündən görəsən, hansı nəticələr çıxacaq? Çünki Ukraynadakı müharibənin əks-sədası getdikcə böyüməkdədir. Ona görə ki, çox qısa zamanda geri dönüşü mümkün olmayacaq yeni və ağır nəticələr artmaqda davam edir. Hərbi və strateji nöqteyi-nəzərdən dünya sülhünə qarşı hər gün daha çox təhlükə yaranır. Müxtəlif iqtisadi problemlərin sürətlə böyüdüyü getdikcə daha da aydın hiss olunur. Faktiki olaraq, müharibədə iştirak etməyən bir çox ölkə tətbiq edilən embarqo və sanksiyalar, müharibə bölgələrində təhlükəsizlik problemləri ucbatından, eyni zamanda ticarət və iqtisadi fəaliyyətlərin pozulması səbəbindən böyük itkilər verir. Nəticə etibarilə Antalyada keçirilən üçtərəfli zirvə görüşündən sülhə yol açmağa kömək edə biləcək ikinci dərəcəli bir qərarın çıxması belə, gələcək sülhə olan ümidlərin qorunub saxlanmasına zəmin yarada bilər. Daha sadə dillə desək, bu üçtərəfli zirvə görüşünün gedişində davam etdiriləcək təmaslar nəhayət sülh sammitinə qədər irəliləyərsə, bu, həm də dünyada sülhün yenidən bərpası üçün çox faydalı olar. Elə isə bu üçlü görüşdən yuxarıda qeyd etdiyimiz gözləntiləri az da olsa, doğrulda biləcək bir nəticə çıxa bilərmi? Tarix boyu hər müharibədə olduğu kimi, cəbhədə silahlar danışarkən, qarşı tərəflər diplomatiya masalarında müzakirələri davam etdiriblər . Beləliklə, hər müharibənin sonunda həmişə sülh masası qurulub və çox zaman kompromis əldə edilib. Deməli, Rusiya ilə Ukrayna arasında münaqişənin gedişatı ümumilikdə fərqli olmayacaq. Önəmli olan isə daha çox itki vermədən sülh razılaşmasının səmərəli şəkildə əldə edilə bilməsidir. Antalyada keçirilən həmin üçlü zirvə bu baxımdan bir ilkdir və Türkiyənin ona ev sahibliyi etməsi çox vacibdir.

Türkiyə sözün həqiqi mənasında tərəfsiz və hər hansısa bir hesaba söykənməyən, səmimi olaraq sülhün varlığını dəstəkləyən bitərəf ölkə mövqeyindədir. Bu baxımdan, Türkiyəni nə Fransa və İngiltərəyə, nə də Almaniyaya bənzətmək doğru olmaz. Başqa sözlə,v asitəçi rolunu oynaya bilmək üçün həqiqətən də tərəfsiz, qərəzsiz və etibarlı ölkə keyfiyyətlərinə malik olmaq çox önəmlidir. Görünür, Türkiyə bu gün həmin etibarı artıqlaması ilə qazana bilib. Antalya isə bölgə olaraq, hər il milyonlarla rus və ukraynalı turistin istirahət etdiyi bir şəhərdir. Hər iki tərəf üçün də ciddi və misilsiz sülh mühiti var. Bu görüşdən ümidimiz odur ki, masa arxasında ciddi bir razılaşmaya gəlinsin və suveren Ukrayna torpaqlarında axan qan, tökülən göz yaşı dayansın.

Təbii ki, gedişata nəzər yetirdiyimiz zaman burada ən çətin vəziyyətdə olanın Ukrayna olduğunu görə bilirik. Ancaq bu, o demək deyil ki, Rusiya üçün bu, ucuz başa gəlib. Rusiya da elə Ukrayna qədər çətinliklə üzləşib,sözün əsl mənasında hərbi və siyasi baxımdan dalana dirənib. Qərb isə Rusiyanın bu vəziyyətindən istifadə edərək, yeni qazanclar əldə etməyə çalışır. Əlbəttə, burada qalib tərəfi Qərb hesab etmək də yanlış olmazdı.

Kənardan baxdığımız zaman elə görsənir ki, hər şey Ukraynanın lehinə aparılır. Lakin pərdəarxasında başqa hesablar var. Ukrayna bu vəziyyətə düşməmişdən öncə, yəni əl-qolu bağlanaraq Rusiyanın qarşısına yem kimi atılmamışdan qabaq, ağlabatan və mümkün formullarla müharibənin qarşısını almaq olardı. Hər zaman olduğu kimi ABŞ və İngiltərə ayrılmaz müttəfiqliklərini bir daha göstərmiş oldular. Beləliklə, onlar Avropanın digər ölkələrini də özləri ilə sürükləyərək, Rusiyanın geri addım atması üçün əllərindən gələni edirlər. Ukrayna isə hər saat, hər dəqiqə daha çox yaralanır.

Rusiyanın bölgədə bəzi çətinliklərlə üzləşməsi və sürətli irəliləyə bilməməsindən istifadə edən ABŞ və Qərb Ukraynaya “sən qalib gələcəksən” mesajı verir. Bu isə Ukraynaya qarşı böyük haqsızlıqdır. Bir halda ki, arxasında durmursan, ciddi silahlarla təmin etmirsən və “biz bu müharibəyə girməyəcəyik” deyirsənsə, niyə uzaqdan “qılverənlik” edirsən? ABŞ və Qərb məşhur misalla desək, indiki durumda “ələkçinin qılverəni” mövqeyindən çıxış edirlər. Ona görə də Zelenskinin son günlər daha tez-tez sülh çağırışı etməsi indiyə qədər edilən səhvlərlə müqayisədə müsbət yanaşmadır.

Bununla yanaşı, həm də Qərb cinahının Rusiyanı daha da qızışdıracaq hərəkətlərdən çəkinməsi sülh naminə atılan ən düzgün addım olardı.

Onu da qeyd edək ki, indiki məqamda Polşanın daha əvvəl Rusiyadan aldığı “Miq-29” qırıcı təyyarələrini ABŞ-ın komandanlığının əmrinə verməsi, olduqca təhlükəli davranışdır.Rusiya ilə müharibəyə getmək istəmədiyini tez-tez təkrarlayan ABŞ-ın Polşanın bu təhlükəli qərarına qarşı çıxması isə ABŞ adına düzgün addımdır. Müharibənin Ukrayna ilə məhdudlaşması və tezliklə başa çatması üçün təxribatmeyilli davranışlara yox, tərəfləri sakitləşdirən yanaşmalara daha çox ehtiyac var. Bu baxımdan, Türkiyənin indiyəqədərki fəaliyyətini olduqca müsbət dəyərləndirmək lazımdır. Bu addımı ilə Türkiyə həm də bir çox ölkələrə, o cümlədən Qərbə ciddi bir örnəkdir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »