Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Teatrda aşağıların marağı yuxarıların marağından çox asılıdır"
"Teatrda aşağıların marağı yuxarıların marağından çox asılıdır"

Bu gün Azərbaycanda teatr günü qeyd olunur. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub.

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub. Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühim rol oynayıblar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Teatr günü ilə əlaqədar olaraq, bu mədəniyyət sahəsinə olan marağı, diqqəti və qayğını öyrənmək üçün respublikanın əməkdar artisti İntiqam Soltan ilə əlaqə saxladıq. Əməkdar artistin mövzuyla bağlı fikirlərini sizinlə bölüşürük:

"Teatra maraq iki tərəfdən ola bilər. Yuxarıdan və aşağıdan. Aşağıların marağı, yuxarıların marağından çox asılıdır. Yəni, xalqın, tamaşaçının marağı yuxarıların marağından asılıdır. Buna bir nümunə gətirim. Məsələn, “Məlikməmməd” nağılına baxdıqda Məlikməmmədin geyimin xüsusi olaraq təsvir edildiyini görürük nəyin ki, digər qardaşların geyimlərinin. Atasının digər iki oğula münasibəti soyuq olduğuna görə, onlar namərd kimi bilirik, nəyin ki, Məlikməmmədi. Teatrı da əzizləyib ovuc içərisində saxladıqda qıraqdan baxan sadə kütlə də baxır və düşünür ki, “mənim baş bilən hesab etdiyim rəhbərim pis şey olsaydı, teatr camiəsinə bu cür yanaşmazdı. Qoy mən də baxım, görüm bu teatr necə bir şeydi”. Beləliklə də teatra maraq yaranır. Ona görə də teatrların vəziyyəti onlara olan yanaşmadan asılıdır”.

Əməkdar artist bildirir ki, həmişə teatr günü qabağı teatrlara mükafatla bağlı müraciətlərin edilməsi, adam sayının verilməsi və s. barədə məlumat verirlər. Lakin bu barədə ona məlumat verməyiblər.

“Dəfələrlə müraciət etmişəm ki, “niyə mənə məlumat verməmisiniz?” Axı, bir nəfərin vaksini gecikdikdə mənə o dəqiqə zəng edirlər və ya mesaj yazırlar ki, “filankəsi işdən çıxart”. Necə olur ki, bu məlumatlarda mən varam, amma mükafatlandırılma məlumatında yoxam”?

Əməkdar artis açıqlaması zamanı teatr binasının və otaqların vəziyətindən də söz açıb və vəziyyətin acınacaqlı halda olduğunu bildirib.

“Bir misal var ki, “insanı geyiminə görə qəbul edir, ağlına görə yola salırlar”. Bizim teatrın isə geyimi yoxdur. Yəni, geyim dedikdə binanı nəzərdə tuturam. Uşaq və Gənclər Teatrı Bakının mərkəzindən 25 km kənarda, Mədəniyyət evinin bir küncündə toyuq hini boyda bir yerdə yerləşən teatra tamaşaçının münasibəti sizcə necə ola bilər? Buna baxmayaraq, hər həftənin 6-cı günü bizim tamaşalar anşlak olur. Bir dəfə gələn tamaşaçı mütləq yenidən gəlir. Hər gələn isə deyir ki, sizə münasibət nə üçün bu formadadır?

Nazirlikdən adamlar bizə birbaşa deyir ki, “siz bizə aid deyilsiniz”. Biz Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə tabeyik, ora da Mədəniyyət Nazirliyinə tabedir. Çox böyük ehtimal ki, nazirin və nazir müavinlərinin bunlardan xəbəri yoxdur.

Hacıbala Abutalıbovun 2002-ci ildə yaratdığı teatr təxminən 15 il BŞİH tabeliyində oldu. Hacıbala Abutalıbov yaratdığı teatrın rəhbəri ilə bu 15 ildə bir dəfə də olsun görüşmədi. Bunun qarşısında münasibət haqqında danışmağa dəyərmi?”

Əməkdar artist İntiqam Soltanın sözlərinə görə, pandemiyadan əvvəl teatr kollektivi ilə Moskvada fevtivala qatıldıqları üçün cərimə olunublar:

“Təsəvvür edin ki, pandemiyadan qabaq Rusiyaya rəsmi dəvət və icazə ilə festivala gedib, rus dilində tamaşa oynamağımıza və birinci yeri tutmağımıza baxmayaraq, teatrı cərimə etmişdilər. Üstəlik, maaşlarımızdan da müəyyən qədər məbləğ tutmuşdular. Səbəb isə onu göstərdilər ki, “siz işdə olmamısınız”. Axı, biz ora şəxsi məsələmizlə bağlı getməmişik, mədəniyyətimizi və teatrımızı təbliğ etmək üçün getmişik. Bununla bitmədi, əlbət. Biz ora getməzdən əvvəl burada aktyorlarla rus dilini kəlmə-kəlmə öyrənib, getmişdik, birinci yerə çıxmışdıq və Moskvanın bütün jurnallarında teatr haqqında yazılmışdı. Lakin 9 gün burda olmağıdımız halda 18 günün maaşını bizdən tutdular. Niyəsinə isə heç kim cavab verə bilmədi.

Təhsil Nazirliyi təxminən 15 ildir ki, qərar verib ki, “məktəblərin teatrlara girişi qadağandır”. Amma səbəbini bir nəfər izah edə bilmir. Bizim hamımız teatrlarla tərbiyə almışıq, böyümüşük. Bu dəqiqə bütün dünyada “təhsildə dram” siyasəti yürüdülür. Televizorda gördüyü aktyoru tamaşaçı öz qarşısında canlı görüb, bu ifadəni onun ağzından eşidib daha çox öyrənə bilər, yoxsa, müəllimlərin monoton danışığı ilə?"

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »