Son zamanlar narkotik maddələrin təsiri altında sərnişindaşıma, yükdaşıma və taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sayı artır. Bunu Daxili İşlər Nazirliyinin yayımladığı məlumatlardada görmək mümkündür. Ölkədə narkotiklərə qarşı mübarizə güclənsə də, təəssüf ki, onların qarşısını almaq mümkün deyil. Narkomanların sayı artır və bu özünü postpandemiya dövründə daha çox biruzə verdi.
Mütəxəssislərin fikrincə, narkotik istifadəçiləri hər zaman olub. Son dövrlərdə artmasına gəldikdə isə, bura pandemiyanın doğurduğu fəsadları səbəb kimi göstərmək olar.
Narkomaniya üzrə ekspert Emil Maqalov Bizimyol.info saytına müsahibəsində bildirib ki, narkotik aludəçiləri iş tapmadıqlaırna görə, məcbur qalıb, sürücülük vəsiqəsi alaraq, sərnişin daşıma ilə məşğul olurlar. Onun sözlərinə görə, narkotik istifadəçiləri sərnişindaşımada narkotestlərin olmadığından istifadə edərək bunu edirlər. Bununla bağlı şəhər və rayonların nəqliyyat departamenti məşğul olmalıdır. İmkan daxilində nəticəsi tez müəyyən oluna bilən testlərdən istifadə edilməlidir. Sürücülərin gündəlik narkotik testlərdən keçirilməsi təmin edilməlidir.

“Narkotik istifadəçiləri 3 cür narkotik vasitələrdən istifadə edirlər. Elə narkotik var ki, qanda və sidikdə bir gün - 24 saat, eləsi var ki, bir həftə, eləsi də var ki, 1 ay qalır. Buna görə də sərnişindaşıma ilə məşğul olan sürücülərdən hər gün test götürülməlidir” - deyən ekspert bildirir ki, Dövlət Yol Polisi də sürücülərlə yoxlamalar zamanı cavabı tez bilinən testlərdən istifadə etməlidir. Maqalovun fikrincə, narkotik istifadəçiləri sürüclər DYP-nin nəticəsi tez müəyyən edilən testlərdən istifadə etdiyini bilsin, narkotik istifadəsini dayandıracaq. Və yaxud bu testlərdən istifadə zamanı onların narkotik istifadəçisi olduğu müəyyən edilsə, onlar yenə işsiz qalacaqlar.
“Narkotik istifadəçisi olduğu müəyyən edilən sürücülər narkodispanserlərə yeləşdirilməlidir. Bəllidir ki, narkodispanserlərdə yer yoxdur. Narkodispanserlərdən sonra bunlar reablitasiya edilməlidir. Reablitasiya edildikdən sonra bunlar həmin işlərə buraxıla bilər. Faktiki olaraq, reabilitasiya mərkəzləri də yoxdur. Olanlar isə pulludur” - deyə o bildirib.
Ekspertin fikrincə, yollarda narkotik istifadəçisi olan sürücülərin olmaması üçün testləşdirilmə mütləqdir. Yəni sənişindaşıma, yükdaşıma, taksi fəaliyyəti və s. ilə məşğul olan hər bir şirkət testləşdirməni özü aparmalıdır.
Hər gün yüzlərlə insanın həyatına məsul olan bu şəxslərin narkotik maddələrin təsiri altında avtomobil idarə etməsi insanların həyatına təhlükə yaradır. Son zamanlar ölümcül avtomobil qəzalarına da çox zaman yüksək sürət, idarəetmənin itməsi və s. səbəb göstərilsə də, narkotik vasitələrin də böyük rolu var. Bunu qarşısını almaq isə, çətin və ağrılı prosesdir. Ölkədə narkotik dispanserdə yerin olmaması da bunu sübut edir...
İlahin, Bizimyol.info