Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Elə dünyanın ilk qadın təşkilatını yaradan şəxs də azərbaycanlı olub"
"Elə dünyanın ilk qadın təşkilatını yaradan şəxs də azərbaycanlı olub"

Azərbaycanda gender bərabərliyinin pozulması məsələsindən tez-tez danışırıq. Qadın qətlləri, məişət zorakılığı və s. deyib, qadın haqqlarını müdafiə etməyə çalışırıq. Mütəxəsislərin fikrincə isə, gender bərabərliyi təkcə məişətdə pozulur. Buna səbəb isə, hüquqi toplum olmamağımızdır.

Sosioloq Sahib Altay Bizimyol.info saytına açıqlamasında bildirib ki, Azərbaycanda gender problemi bundan ibarətdir ki, Azərbaycan xalqı potriarxal təfəkkürə əsaslanmış, ənənəvi düşüncəyə sahib bir toplumdur: “Burada təbii ki, gender bərabərsizliyi mövcuddur. Bu, neqativ tərəfidir. Pozitiv tərəfi isə ondan ibarətdir ki, dünyada mədəni dominantlıq, iqtisadi dominatlıq, siyasi dominantlıq sərgiləyən toplumlardan da əvvəl, Azərbaycanda gender maarifçiliyi mövcud olub. Elə dünyanın ilk qadın təşkilatını yaradan şəxs də azərbaycanlı olub”.

Sahib Altay Sahib Altay

Sosioloqun fikrincə, Azərbaycanda gender bərabərsizliyi yalnız məişətdə mövcuddur. Prinsip və hüquq etibarıyla Azərbaycan konsitutsiyasında inkişaf etmiş ölkələrlə müqayisədə ciddi çatışmazlıqlar yoxdur. Azərbaycan konsitutsiyasında qadının sosial fəaliyyət haqqı tam olaraq dəstəklənir.

Analıq məzuniyyəti təmin edilir. Əmək fəaliyyətində, ictimai-sosial fəaliyyətində kişi və qadına hüquqi və nəzəri cəhətdən eyni tərzə baxış mövcuddur. Eyni əmək fəaliyyəti ilə məşğul olan kişi və qadın eyni məvacibi alır. Fərq və neqativ ancaq məişətdə gender bərabərliyinin pozulmasıdır. Çünki Azərbaycan toplumu hüquqi toplum deyil, ənənəvi düşüncəyə sahib toplumdur:

“Bu kimlərdəsə kinayə və ironiya doğura bilər ki, bəs bizim hüququmuzda bu pozitivlik varsa, müsbət yöndən öz əksini tapırsa, niyə praktikada özünü doğrultmur. Buna səbəb qeyd etdiyim kimi hüquq cəmiyyət olmamağımızdan irəli gəlir. Biz hüquqi cəmiyyət olsaq, nəzəri olan hüququmuzun praktikada keçərliliyini təmin etsək, istər-istəməz məişətdə də o balans pozulmayacaq”.

Ekspert əmək fəaliyyətində ciddi bir ayrıseçkiliyin olduğunu hesab etmir. Onun fikrincə, müasir dünya gender balansı prinsiplərinə uyğun olaraq hansısa çatışmazlıqlar ola bilər. Amma əksər istiqamətdə Azərbaycan qanunvericiliyi bu yöndə uyğunlaşır. Sadəcə məişətdə, həyat tərzində, praktikada bu balans pozulur. Bu danılmaz faktdır. Azərbaycan hazırda potriarxal təfəkkürə əsaslanan, qadın qətllərinin mövcud olduğu, məişət zorakılığının mövcud olduğu ölkələr sırasındadır.

Gender bərabərliyinin məişətdə pozulmasının əsas səbəbi hüquqi düşüncəyə əsaslanmayan həyat tərzidir. Biz ancaq ənənələrə əsaslanırıq. Ənənəvi, dini, mental təfəkkürə əsaslanırıq. Onun sözlərinə görə, gender balansının tənzimlənməsində iqtisadi faktor da böyük rol oynayır. Ailədə qadın və kişinin çalışması, karyera haqqına sahib olması mövcud olmalıdır ki, bu balans məişətdə pozulmasın. Çünki cinslər arası sosial arası münasibətlərlə iqtisadi quruluş düz mütənasibdir.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »