Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın son ümidi əlindən alınır: Nefti ucuz təklif etsə də, alan yoxdur
Rusiyanın son ümidi əlindən alınır: Nefti ucuz təklif etsə də, alan yoxdur

Ukrayna savaşı neft qiymətlərinə ciddi təsir göstərib. Maye yanacağın bareli müharibə günlərində 130 dollardan da baha təklif olunmağa başlayıb. Belə düşünmək olar ki, Rusiya müharibədəki itkilərini yüksək neft qiymətlərilə sığortalaya biləcək. Amma sanksiyaları heç unutmaq olmaz. Məhz buna görə Rusiya neftini alan yoxdur.

Bizimyol.info xəbər verir ki, şimal ölkəsi məhsula müştəri tapmağa çətinlik çəkir. Rusiya hasil olunan neftin 70 faizini sata bilmir. “Urals”ın qiymətinin bu günlərdə 115 dollara çatması Kreml üçün xoş xəbər sayıla bilər. Lakin hər şeydən əvvəl gərək Rusiya neftinin müştərisi tapılsın. Vladimir Putin hakimiyyəti çarəsiz vəziyyətə düşüb. Fürsətdən Çin məharətlə istifadə edir. Asiya dövləti Rusiyadan nefti xeyli ucuz qiymətə alır. Birjalarda Rusiya neftinin 1 barrelini hətta 18 dollara satılması halları qeydə alınıb. Bəzi günlərdə isə ümumiyyətlə, Rusiya neftinə heç kim müştəri düşmür. Ukrayna prezidenti Volodimir Zelenskinin "Rusiyadan aldığınız neftin hər damlası Ukrayna xalqının qanıdır" deməsindən sonra bu nefti almağı çoxları özünə sığışdırmır.

“Nissan Securities”in tədqiqatçıları gələcəyə nikbin baxmağa əsas görmür. Hesabatda yazın gəlişinin yanacağa tələbatı azaldacağı qeyd olunub. Üstəlik, ABŞ-ın, Böyük Britaniyanın Rusiya neftindən imtinası özünü göstərməlidir.

Rusiya iqtisadiyyatı bir-birinin ardınca zərbələr alır. “Şimal axını-2” layihəsi dayandırılıb. Qərb şirkətləri növbə ilə Kremllə əməkdaşlığa son qoyur. Sanksiyalara tab gətirməyən rubl tarixinin ən pis günlərini yaşayır. Yeganə ümid neft qiymətlərinin yüksəlməsiydi. Amma hamının Rusiyaya arxa çevirməsi burada da əsas rol oynayır.

Daha bir vacib amil Venesuelanın ABŞ-la yaxınlaşmaq istəyidir. Nikolas Maduro hökuməti Vladimir Putinlə dostluğu yaddan çıxarıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmaqdan boyun qaçırsa da, Karakas Vaşinqtonun arzusunu həyata keçirməyə hazırdır. Venesuela bu dönəmi düzgün qiymətləndirməyə çalışır. ABŞ sanki Maduronu bağışlamağa hazırdır.

Dünyanın siyasi, eyni zamanda iqtisadi mənzərəsi fevralın 24-dən çox dəyişib. Rusiyanın həmin gün Ukraynaya hücum etməsi planetdə böyük gərginlik yaradıb. Kreml qoşunları qonşu dövlətin bir neçə şəhərini viran qoyub. Ukraynada xeyli dinc sakin qətlə yetirilib. Qərb bunu əsas gətirərək Rusiyanı ağır cəzalandırır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »