Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhməramlılar"ın Azərbaycana qarşı qanlı təxribatları nə qədər sürəcək...
"Sülhməramlılar"ın Azərbaycana qarşı qanlı təxribatları nə qədər sürəcək...

Ukrayna-Rusiya müharibəsinin 14-cü günündə sosial şəbəkələrdə yayılan bir videoda Dağlıq Qarabağda yerləşdirilmiş rus sülhməramlılarının bir hissəsinin Laçın dəhlizi ilə Ermənistana getdiyi göstərilir.

Məlumata görə, həmin sülhməramlıların bir qismi Qarabağ torpaqlarından çıxarılaraq, Ukrayna ərazilərinə döyüşə göndərilir. Rusiya kimi nəhəng hərbi gücə malik bir dövlətin Cənubi Qafqaza sülhməramlı adı ilə yerləşdirdiyi hərbi birləşmələrini Qarabağ ərazisindən çıxararaq, Ukraynaya – döyüş bölgəsinə aparması, onun “nəhəng rus ordusu” mifini də əslində bir növ darmadağın edir.

Qarabağda son bir neçə gündür tez-tez pozulan atəşkəs isə sanki Azərbaycan Ordusunun bölgədəki qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək üçün bir növ siqnal rolunu oynayır. Azərbaycan əsgəri bu şəraitdən yararlanaraq, sülhməramlıların kölgəsinə sığınıb, ordumuza qarşı terror-təxribat əməlləri həyata keçirən qanunsuz silahlı birləşmələrə qarşı operativ hərbi əməliyyatlara başlamalıdırmı? Rusiyanın bölgədə öz hərbi varlığını azaltması Azərbaycan-Rusiya müttəfiqliyi barədə müqavilə qarşılığında Azərbaycana qarşı edilmiş bir jest sayıla bilərmi?

Ruslan İmamquliyev Ruslan İmamquliyev

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan hərbi ekspert, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə səlahiyyətli nümayəndəsi Ruslan İmamquliyev bildirib ki, bölgədə sülhməramlılar olsun, ya olmasın, Azərbaycan əsgəri gərəkən bütün addımları atacaq: “Mən düşünməzdim ki, rus sülhməramlı birləşmələrinin bir qisminin bölgələrimizdən çəkilməsi Rusiyanın bizə bir jesti olsun. Sadəcə olaraq, yaranmış vəziyyətə görə sülhməramlı qüvvələrin Azərbaycan ərazilərində mövcudluğu müvəqqəti bir hal idi. Bu gün müəyyən səbəblərdən yerdəyişmələr həyata keçirilirsə, bu da sülhməramlı qüvvələrin rəhbərliyinin bildiyi, təyin etdiyi istiqamətdədir. Amma Azərbaycan Respublikası, eyni zamanda onun Silahlı Qüvvələri istənilən halda öz ərazilərimizdə təhlükəsizliyi təmin etmə adından nə gərəkirsə, edir. Görüləcək tədbirlər də sülhməramlıların orda mövcud olub, olmaması ilə bağlı deyil. Məsələ ilə bağlı Müdafiə Nazirliyi də sərt xəbərdarlıq etmişdi, gərəkli göstərişlər də verilib. Sülhməramlı qüvvələrin mövcud xidməti sahələrində xidmət aparmasından asılı olmayaraq, əgər Azərbaycanın daxili ərazi bütövlüyünə və ərazilərimizdə xidmət aparan hərbi qulluqçularımızın təhlükəsizliyinə xətər yetirilirsə, təbii ki, tədbirlər görüləcəkdir və bununla bağlı yenə qeyd edirəm ki, gərəkli göstərişlər verilib.

Qaldı ki, rus sülhməramlılarının Qarabağdan çıxarılaraq, Ukraynaya göndərilməsi ilə bağlı fikirlərə və yayılan xəbərlərə, burada vəziyyət onu göstərir ki, Rusiya Ukraynada çıxılmaz bir vəziyyətdədir və sülhməramlı qüvvə adı altında, xüsusilə münaqişə bölgələrində təlim keçmiş hərbi birləşmələrin fərqli istiqamətlərə cəlb olunması gözlənilən hal idi. Əgər bu gün həqiqətən onların getməsi ilə bağlı proseslər aparılırsa, bu, olduqca yaxşı haldır. Çünki sülhməramlıların fəaliyyəti ilə bağlı yetərincə narazılıqlar var. Azərbaycan ictimaiyyətində rus sülhməramlılarına qarşı ciddi bir qıcıqlanma var və həmin qüvvələr bizə qarşı qeyri-ciddi davranışlar sərgiləyiblər. Əgər bu gün onlar ərazilərimizi təyin olunmuş vaxtdan daha tez tərk edirlərsə, bu, yalnız və yalnız sevindirici hal ola bilər” – deyə, hərbi ekspert Ruslan İmamquliyev bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »