Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov deyir ki, AZAL prezidenti Cahangir Əsgərov və onun həyat yoldaşı Zərifə Həmzəyeva şirkətini əlindən aldıqlarına görə ona 16 milyon manat borcludur. İş adamının sözlərinə görə, bu ailədən həmin pulu tələb etdiyinə görə sifarişlə həbs olunub və cinayət törətmədiyi halda, cəza çəkməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, İlqar İsmayılov bu barədə Bakı Apellyasiya Məhkəməsində danışıb. Ötən ay haqqında 6 il həbs hökmü çıxarılan İlqar İsmayılovun böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunması üçün Zərifə Həmzəyevanın hüquqşünası nümayəndəsi Məharət Hüseynli məhkəməyə şikayət verib. O iddia edir ki, İlqar İsmayılovun AZAL prezidenti və onun xanımı tərəfindən təzyiqlərə məruz qalması, şirkətinin zorla əlindən alınması, sifarişlə həbs etdirilməsi barədə dövlət orqanlarına yazdığı şikayətlər yalandır.

İlqar İsmayılov İlqar İsmayılov

Nəsimi rayon Məhkəməsi Məharət Hüseynlinin bu iddiasını təmin etməyib, İlqar İsmayılova bəraət verib. Lakin Həmzəyevanın nümayəndəsi bununla razılaşmayıb və apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə keçirilən məhkəmə iclasında İlqar İsmayılov çıxış edib. O bildirib ki, AZAL prezidenti və xanımının ona qarşı ittiham və iddiaları Ermənistanın Qarabağla bağlı iddiası qədər absurddur: “Mənə qarşı ittihamlar sanki Ermənistanın Qarabağ torpaqlarının ona aid olmasına dair iddiaları kimidir. Onun qədər absurd, məntiqsiz və qanunsuzdur. Təəssüf ki, Azərbaycan məhkəmələri bu şəkildə absurd, qanunsuz və sübutsuz ittihamlarla məni təqsirli bilməkdə davam edirlər. Azərbaycan məhkəmələri tərəfindən mənə qarşı irəli sürülən qanunsuz iddia və ittihamlara sifarişlə bu şəkildə qərarlar çıxarılması həm də məhkəmə islahatlarına kölgə salır”.

İş adamı bildirib ki, ona qarşı böhtan və təhqir iddiasıyla bağlı baxılan iş 2021-ci ilin noyabrında Zəfər Günü münasibətilə tətbiq edilən Amnistiya Aktının təsiri altına düşür. Buna baxmayaraq, o, özünü təqsirli bilmir və ona münasibətdə amnistiya tətbiqinə də ehtiyac görmür: “Cənab Prezidentin Azərbaycan xalqına ərməğan etdiyi bu Amnistiya Aktını yüksək qiymətləndirəm. Eyni zamanda, Azarbaycan xalqına bu Aktı töhfə verdiyinə görə, cənab prezident başda olmaqla, Milli Məclisə öz təşəkkürümü bildirirəm. Lakin özümü Cahangir Əsgərov və Zərifə Həmzəyevanın irəli sürdüyü ittihamların heç biri üzrə təqsirli bilmirəm. Məhz buna görə də sona qədər təqsirsizliyim və bəraətim uğrunda mübarizə aparacağam. Bu səbəbdən də heç bir ittiham üzrə mənə Amnistiya Aktı tətbiq edilməsini istəmirəm. Ümumiyyətlə, bunun əlehinəyəm".

İlqar İsmayılov çıxışının sonunda bir daha qeyd edib ki, öz hüquqları uğrunda əzmlə və cəsarətlə mübarizə aparacaq. Prosesdə işə baxan məhkəmə heyətinə üzünü tutan İlqar İsmayılov hakimləri ədaləti bərqərar etmək üçün cəsarətli olmağa çağırıb: “Hörmətli hakimlər, ədalətli olmaq cəsarət tələb edir. Müəyyən təsirlər altında olduğunuzu da bilirəm. Mən cəsarətli ola bilmədiyinizə görə, sizi qınamıram, lakin sizə demək istəyirəm ki, Allahın yerdə ədalətini təmin edən bu hakim kürsüsündə əyləşmisinizsə, o zaman ədaləti bərqərar etmək üçün özünüzdə cəsarət tapmalısınız. Mən sizə cəsarətli şəkildə ədalətli olmağı arzu edirəm".

İş adamı sosial şəbəkələrdə AZAL prezidentinin ona 2017-ci ildə 2 milyon manat maddi yardım etməsi haqda yayılan xəbərlərə də münasibət bildirib. O, bunu təkzib edərək bildirib ki, heç vaxt bu və ya digər şəkildə Cahangir Əsgərovdan nə maddi yardım istəyib, nə də alıb: “Bütün bunlar şayiədən başqa bir şey deyil. Heç vaxt Cahangir Əsgərovdan nə maddi yardım istəmişəm, nə də qəbul etmişəm. Əslində, Cahangir Əsgərov özü də heç kimə maddi yardım edən bir şəxs deyil. Cahangir Əsgərov mənə "İdeal" Şirkətində olan payımın əvəzi olaraq, 18 milyondan cəmi 2 milyonu ödəyib. Yəni, bu mənim haqqıdır, yerdə qalan 16 milyon isə bu günədək də ödəməyib".

İlqar İsmayılov əlavə edib ki, məhz həmin 16 milyonu tələb etdiyinə görə həbsdədir, bu səbəbdən Cahangir Əsgərov və onun həyat yoldaşı Zərifə Həmzəyeva ilə 10-a qədər məhkəmə çəkişməsindədir.

Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, İlqar İsmayılov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirli bilinib. İttihama əsasən, iş adamı 2013-2016-cı illərdə “İdeal”ın kassasından şirkətin digər həmtəsisçisi Zərifə Həmzəyevanın xəbəri olmadan 680 min manat vəsait götürərək, şəxsi ehtiyaclarına xərcləyib. İddiaya görə, bunun 280 min manatına özünə mənzil alıb.

İlqar İsmayılov özünü təqsirli bilmir, ittihamda yazılanların əsassız, uydurma olduğunu, Nərimanov rayonundakı mənzilin isə ümumiyyətlə, 280 min manata alınmadığını deyir.

İş adamının sözlərinə görə, o, AZAL prezidenti Cahangir Hacıyevin sifarişiylə cəzalandırılıb.

İlqar İsmayılov “İdeal Kompani”ni 1999-cu ildə təkbaşına yaradıb. 2011-ci ildə şirkətin 50 faizini AZAL prezidentinin xanımına satıb. İş adamının sözlərinbə görə, həmtəsisçi olandan sonra Zərifə Həmzəyeva qalan payı da ələ keçirmək istəyib. O isə payını verməkdən imtina etdiyinə görə 2016-cı ildə barəsində saxta ittihamla cinayət işi başlanıb, həbs edilib. Şirkətdəki olan payını verəndən sonra öncə ev dustaqlığına buraxılıb, daha sonra - 2017-ci ilin yanvarında isə həmin cinayət işinə xitam verilib.

İlqar İsmayılov vurğulayıb ki, Cahangir Əgsərov və xanımının əmlakını zorla əlindən alması barədə şikayətlərinə görə onu cəzalandırmaq, fəaliyyətinin qarşısını almaq üçün barəsində yenidən cinayət işi başlandı: “Bu uydurma ittiham əslində, mənim hüquqi müstəvidə başladığım mübarizəyə qarşı yönəlmiş maneədir. Bu məhkəmənin nəticəsindən asılı olmayaraq, əlimdən zorla alınmış haqqım bərpa edilənə qədər mübarizəmi davam etdirəcəm”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »