Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayram öncəsi bazarlarımız: “Rəsmən deyirlər ki, ayağınızı uzadın, ölün”
Bayram öncəsi bazarlarımız: “Rəsmən deyirlər ki, ayağınızı uzadın, ölün”

Novruz bayramına sayılı günlər qalıb. Bazarlarda və paxtaxtın müxtəlif hissələrində quraşdırılmış yarmarkalarda canlanma müşahidə edilir.

Qiymətlərlə tanış olmaq üçün Xırdalan şəhərində yerləşən bazara üz tutdum. Bazarda iynə atsan, yerə düşməzdi. Kimisi bayramlıqlar alır, kimisi sadəcə qiymətlərə nəzər salır, kimisi isə aldığı məhsulları güc bəla ilə evə daşımağa çalışırdı. Satıcıların isə üzünə baxdıqda məlum olurdu ki, işləri bir o qədər də pis getmir.

Səmənilər, dibçəklərdə güllər satan satıcı Elşən Həsənova yaxınlaşdıq. Bildirdi ki, onun üçün bayram, bayrama qarışıb.

“Mart ayını sevirəm. Çünki işlərimiz yaxşı gedir. 8 mart, Novruz bayramı bizim üçün əsl bayramdır. Bazara gətirdiyim məhsullar çox satılır. Heç axşama kimi oturmağıma ehtiyac olmur.

Səmənilərin qiyməti 1 manatdan başlayır. Bəzəyinə görə baha olanlar da var. Məsələn, bu ürək formasında olan yekə səməni 5 manatdır. Onun biraz kiçik ölçülüsü 3 manatdır”.

Səmənilər olan hissədən uzaqlaşıb bazarın biraz da içərisinə dorğu addımladım. Bu zaman bir qadının danışığı diqqətimi çəkdi.

- Utanmırlar da. Bu qiymətə məhsul olar? Aldığım pensiya nədir ki?

Qadına yaxınlaşdım və nəyə gileyləndiyini öyrənməyə çalışdım.

- Xanım, nədən narazısınız?

- Ay bala, heç nə. Özüm üçün danışıram da... Guya kimdir məni eşidən?

- Nə olub axı? Bəlkə köməyimiz dəyər?

- Bala, bizə dəyən dəyib artıq. Elə batmışıq ki, bizi heç kim palçıqdan çıxarda bilməz.

- Siz yenə də deyin dərdinizi.

- Dərdim bir deyil, iki deyil. Bazara gəlmişəm, qiymətlərə baxıram. Əlim üzümdə qalıb. Bu nə bahaçılıqdır. Rəsmən deyirlər ki, ayağınızı uzadın, ölün. Mənim nəvələrim var. Onlara balaca bir xonça yığmaq istəyirəm. Amma qiymətlər elədi ki, görürəm istəyim alınmayacaq. Allah bunların üzünü qara eləsin. Uşaqların yanında üzü qara qaldım.

Yaşlı qadına nə deyəcəyimi, necə təsəlli verəcəyimi bilmədim. Qadın başını yelləyə-yelləyə yanımdan uzaqlaşdı. Mən isə yerimdə donub qalmışdım. Birdən kimsə qoluma vurdu. Çönüb baxdım. Yeniyetmə bir oğlan idi. Üzümə baxıb, “xanım, heç nə almırsansa, mallarımın qabağını bağlama” deyib məni sanki yuxudan oyatdı.

Yeyin-yeyin addımlağa başladım. Birdə gördüm qarşıda topa halda insanlar yığılıb. Maraq hissimi basa bilməyib, mən də adamların çox olduğu həmin yerə yaxınlaşdım. Sən demə, bu növbə qoz, fındıq, fıstıq və s. çərəzlər üçün imiş.

Növbə gözləyən qadınlardan biri gülərək, “elə bil çörək növbəsidir” dedi. Yanındakı digər xanım isə “əşi neyləyək, ucuz verir. 10 qəpik də puldur da” deyə cavab verdi.

Qiymətlər isə heç də ucuz deyildi. Məsələn, Şəki qozunun bir kiloqramı 5 manat,  Qəbələ qozu 6 manat , Çili qozu isə 13 manat təşkil edir. Xaçmaz fındığı 6 manat 50 qəpiyə, Qazax fındığı 8 manat 50 qəpik, Zaqatala fındığı isə 7 manat, qoz ləpələrini 15-23 manat arası idi.

Ağ kişmişin qiyməti isə 8-10 manat, qara kişmiş 8-12 manat arası dəyişirdi. İydənin bir kiloqramı 6 manat, innab 4-6 manat, fıstıq 25 manat idi.

Ümid edirik ki, bu bayram bütün süfrələr dolu, ocaqlar isti, könüllər isə şad olar.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »