Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml əhalinin əlindən pullarını almağa başlayıb
Kreml əhalinin əlindən pullarını almağa başlayıb

Rusiya iqtisadiyyatı çökür. Uzun cümlələr qurmağa da ehtiyac yoxdur. Böyük şirkətlər Rusiya ilə əməkdaşlığa son qoyur. Kreml neftə və qaza müştəri tapa bilmir, Çin fürsətdən istifadə edərək yanacaq məhsullarını ucuz qiymətə alır. Rusiyada qiymətlər az qala iki dəfə artıb. Rubl kəskin dəyər itirib. Bütün bunları nəzərə alan Kreml ölkədə valyuta almağı yasaq etməklə vəziyyətdən çıxacağını düşünür.

Bizimyol.info xəbər verir ki, şimal qonşumuzda dollar almaq qadağan olunub. Sentyabrın 10-na qədər heç bir bank xarici valyuta satmayacaq. Əmanətlərin verilməsinin yeni qaydaları da təsdiqlənib. Rusiya bankına əmanət qoymuş şəxslər vəsaitin yalnız 10 min dollarını xarici valyuta ilə götürə biləcək. Qalan məbləğ rəsmi məzənnəyə uyğun olaraq rublla ödənəcək.

Burada çox ciddi problemi qeyd etmək lazımdır. Rəsmi məzənnə ilə “qara bazar”dakı rəqəmlər uyğun gəlmir. Rusiya Mərkəzi Bankı rəsmi məzənnəyə çox müdaxilə edir. Adətən, 130 rubl 1 dollara bərabər tutulur. Halbuki “qara bazar”da dolları 190 rubldan ucuz almaq olmur. Bu o anlama gəlir ki, əmanətçilər böyük zərər görəcək. Onlar 10 min dollardan çox vəsaiti sərfəli olmayan məzənnə ilə rubl şəklində alacaq. Yəni əmanətçilər istənilən halda ziyana düşəcək.

Rəsmi rəqəmlər göstərir ki, əmanətçilərin 90 faizinə qədərinin banklardakı vəsaiti 10 min dolları keçmir. Amma bu bizdə yanlış təsəvvür yaratmasın. Qalan əmanətçilərin banklardakı pullarının ümumi məbləği həmin 90 faizin payından nəzərəçarpan dərəcədə yüksəkdir. Yeni qaydalar Rusiya əhalisinin pullarını əlindən almağa hesablanıb.

Rusiya hökuməti gözəl anlayır ki, insanların hakimiyyətə inamı qalmayıb. Əmanətçilərin az qala hamısı pullarını banklardan götürmək istəyir. Bunun üçün süni əngəllər yaradılır. İnzibati yollarla əmanətçilərə mane olurlar. İnsanlar gecə saatlarına qədər bankların qarşısında növbə tutur.

Hökumətin daha bir fırıldağı banklara valyuta qəbul etməyə icazə verməsidir. Yəni insanlardan xarici valyutanı toplamağa münbit şərait yaradılır. Getdikcə müflisləşən əhali istənilən halda dollarını, avrosunu dəyişmək məcburiyyətində qalacaq.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »