Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft sürətlə bahalaşır, ABŞ Venesuela və İranla "barışığa" gedir
Neft sürətlə bahalaşır, ABŞ Venesuela və İranla "barışığa" gedir

ABŞ Rusiyadan xam neft daxil olmaqla bütün enerji məhsullarının idxalını dayandırır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya isə ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür.

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Amerikanın Rusiyadan aldığı neftin həcmi o qədər də böyük deyildi. “Gündəlik həcm olaraq, 680-700 min bareldir ki, bu da Amerikanın xaricdən aldığı neftin 8 faizi, istehlak etdiyi neftin isə cəmi 3 faizidir. Həcm olaraq, bu o qədər də böyük deyil, amma tendensiya olaraq, çox vacibdir. Çünki başqa ölkələr də addım-addım bu sanksiyalara qoşulacaq. Artıq Böyük Britaniya ilə Yaponiya da bu sanksiyalara qoşulmaları ilə bağlı ilkin bəyanatlar səsləndiriblər.

Kontinental Avropa ölkələrinin müəyyən çətinlikləri var, çünki onların Rusiyadan aldıqları ümumi neftin həcmi gündəlik 4 milyon barel civarındadır. Bu da kifayət qədər böyük həcmdir. Onu tez bir zamanda ləğv və ya ondan tam imtina etmək mümkün deyil. Ona görə də bu qərarların gözləntisi və verilməsi neft bazarında qiymətləri kəskin artırdı. Artıq bu gün brend markalı neftin birja dəyəri 135 dollar idi.

Bu tendensiyanın davamlı şəkildə getməsi gözlənilir, amma başqa gözləntilər də var. Ola bilər ki, yaxın gələcəkdə Venesuela və İranın neftlə bağlı sanksiyaları götürülsün. Onların böyük potensialı var və bazara əlavə neft çıxara bilərlər. Venesuela 780-790 min barel neft hasil edir, amma sanksiyalardan öncə neft hasilatı 3 milyon barel civarında idi. Yəni, neft hasilatını ən azı 3-4 dəfə artıra bilər”.

İqtisadçının sözlərinə görə, İranın da böyük potensialı var. Əgər sanksiyalar götürülsə və müəyyən investisiya şəraiti yaxşılaşdırılsa, bir müddətdən sonra bazara əlavə olaraq 3 milyon barelə yaxın neft çıxarda bilər.

“Bu ilin sonuna qədər Venesuela və İrandan sanksiyalar götürülsə, bu bazara psixoloji olaraq müsbət təsir edəcək. Ən azından qiymət artımı dayana bilər. Amma fiziki olaraq neftin daha çox bazara çıxması başlandıqda o zaman neft qiymətlərində müəyyən sabitlik yarana bilər. Ən azından 90-100 dollar koridoruna yenidən qayıda bilər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »