Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan Rusiyaya sətiraltı mesaj: “Narahat olma, sən öz işinə bax!”
ABŞ-dan Rusiyaya sətiraltı mesaj: “Narahat olma, sən öz işinə bax!”

Rusiyanın Ukrayna işğalının qarşısını almayan, ya da ala bilməyən ABŞ, İngiltərə kimi ölkələr və NATO, BMT kimi təşkilatlarlar indi Zelenski üçün xüsusi xilasedici qruplar hazırlayırlar. Kiyevin Rusiya tərəfindən işğal edilməsindən sonra Ukraynadakı hökumətin sürgün həyatı yaşayacağı barədə məlumatlar keçən bazar günü televiziya və başqa xəbər qaynaqlarında səsləndirildi. Bir zamanlar Ukraynanı Rusiya ilə müharibəyə hazırlayan ABŞ və Qərb indi Zelenskini ordan xilas etmək üçün planlar qururlar. Bu xəbərin mediada gündəm olması, istər-istəməz insana “belə dost düşmən başına” dedirdir.

Gedişat olaraq, belə bir nəticənin olacağının hesablanmaması mümkün deyil. Əgər Zelenski sürgün bir hökumətin rəhbəri olacaqdısa, bu qədər qan niyə tökülürdü? Niyə o qədər şəhər xarabalığa çevrilirdi? Nəyə görə 1 milyon 5 yüz min ukraynalı öz vətənlərindən didərgin düşməli idilər? Bu qəbildən olan hələ çox suallar var. Görünür, elə Rusiyanın planı da bundan fərqli deyilmiş. Televiziya ekranlarında müharibəni şərh edən bir çox ekspert Rusiyanın mövcud Ukrayna hökumətini devirib, rusiyameyilli bir hakimiyyətin qurulacağını deyir. Hamının bildiyi bu həqiqəti necə olub ki, ABŞ görə bilməyib? Əgər ekspertlərin dedikləri özünü doğrultsa, deməli, ABŞ növbəti Rusiya işğalında işğalçılara dəstək verərək, bir hökumətin devrilməsini həyata keçirəcək. Xülasə, əgər qeyd etsək ki, Ukrayna-Rusiya müharibəsində ABŞ-ın əslində Rusiyanın yanında yer tutduğunu desək, mənə elə gəlir, mübaliğə etmiş olmarıq.

Onsuz da Qərb bir torba söz yığınından başqa Rusiya işğalının qarşısını alacaq bir addım atmayıb. Sanksiyalar gücləndirilsə də, Rusiya yenə öz orbitindədir. Xüsusilə bu məsələdə ABŞ dünyaya car çəkərək, müharibə olacağı anonsunu deyirdi. Sanki, beləliklə, həm ABŞ, həm də Qərb muştuluq verərcəsinə bu müharibənin olacağını təkrarlayırdılar. Halbuki, Ukraynanın söz yığınına yox, ciddi dəstəyə ehtiyacı var. Bu hadisələr həm də onu göstərdi ki, dünyada sülhü və əmin-amanlığı qorumaq adı ilə yaradılmış NATO və BMT kimi təşkilatlar aşkar müharibə zamanı bir dərdə dərman deyil. Qısası, ABŞ-ın Zelenskiyə vəd etdiyi şey, sadəcə olaraq, xəyali bir ölkənin rəhbəri olmaq imiş. Əgər Zelenski ruslar tərəfindən sui-qəsdə məruz qalıb, öldürülsə, ortada edilə biləcək heçnə qalmayacaq.

Hal-hazırda Ukrayna şəhərləri xarabalıqlara çevrilib, yüzminlərlə ukraynalı öz vətənlərini tərk edərək, qaçqın, miqrant vəziyyətinə düşür, başqa ölkələrin torpaqlarına sığınırlar. Belə bir vəziyyətdə Ukrayna ordusu sovet dövründən qalma qırıcı təyyarələrdən istifadə edir. Həmin təyyarələri də onlara yenə bir NATO ölkəsi olan Polşa verir. Bu köhnə, muzeylik təyyarələri Ukraynaya verən NATO və Qərb hələ bir bu “yaxşılıqları”nı ağızlarında saqqız edirlər. İkiüzlülüyün sərhədsizliyini görəndə, “sizin kimi dost olmaz olsun” deməkdən başqa sözünüz qalmır. Təyyarələrlə bağlı qəribəliklərdən biri də ondan ibarətdir ki, belə qırıcıların Ukraynaya tədarükündə ABŞ iştirak edib. Görünür, bu ikiüzlü “dost”lar Ukraynaya bu gedişlə həmin təyyarələri də verməyəcəklər. Verməsələr, ya da nəyisə bəhanə etsələr, bu, heç də sürpriz olmayacaq.

Hal-hazırda bütün Ukrayna xalqı Rusiya kimi bir işğalçı imperialist dövlət qarşısında dünya tərəfindən yalnız buraxılıb. Çünki canlarını qurtarmaq üçün ölkələrini tərk etmək istəyən qadın və uşaqların, yaşlıların üzərinə bombalar yağış kimi yağır. Bütün bunların fonunda real hərbi hərəkətə keçmədikləri azmış kimi, bir də ABŞ və NATO-nun hər fürsətdə “bu müharibədə iştirak etməyəcəyik” deyərək, tutuquşu kimi eyni cümlələri təkrarlamaları da Rusiyaya həmin mesajı verir - “Sən öz işinə bax!”.

Son olaraq deyə bilərik ki, ABŞ masa arxasında Rusiyaya verdiyi sözün həyata keçirilməsini təmin etmək istəyir. Yəni ki, pərdə arxasında Rusiya-ABŞ həmrəyliyi davam edir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »