Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayraktar” Rusiya ordusuna necə toy tutur: 2 kilometr hündürlükdən vurdu
“Bayraktar” Rusiya ordusuna necə toy tutur: 2 kilometr hündürlükdən vurdu

Ukraynalı döyüşçülər Rusiya ordusuna ciddi müqavimət göstərir. Xeyli şəhərlər dağıdılıb, mülki şəxslər həyatını itirib, insanlar evlərini tərk edib. Rusiya Ukrayna savaşına 140 min hərbçi göndərib. Amma yenə də əsas məqsədə çatmaq alınmır.

Bizimyol.info xəbər verir ki, Ukrayna ordusunun çox gücləndiyi də göz önündədir. Xüsusilə hərbi texnika təchizatı xeyli yaxşılaşıb. “Javelin”lər, "Stinger"lər, “Bayraktar”lar döyüşlərdə sözünü deyir. Ukraynalılar Türkiyə dronlarına hətta mahnı da həsr edib. Çünki “Bayraktar” Rusiya ordusuna əməlli-başlı toy tutur.

Ukraynanın 128-ci dağ-hücum briqadası Türkiyənin pilotsuz uçuş aparatları sayəsində növbəri uğurlu həmləsini edib. Rusların üç T-80 tankı sıradan çıxarılıb. Məhz bu tanklar Ukrayna hərbçilərinə böyük zərbə vururmuş. Relyef problemləri üzündən onları artilleriya ilə vurmaq mümkün olmayıb. Bundan sonra dronları havaya qaldırmaq qərarına gəlinib. “Bayraktar”lar iki kilometr hündürlükdən hədəfi dəqiq nişan alıb. Rusiya tankları alova bürünüb.

Bir neçə gün əvvəl Türkiyənin istehsalı olan pilotsuz uçuş aparatları Ukrayna ordusuna düşmənin “Buk” zenit raket komplekslərini məhv etməyə kömək olmuşdu. Ümumiyyətlə, “Bayraktar”lar Kreml qoşunlarının xeyli hərbi texnikasını yararsız vəziyyətə salıb.

Ukrayna 2018-ci ildən Türkiyədən pilotsuz uçuş aparatları almağa başlayıb. İlk üç il ərzində bu məqsədlə 74 milyon dollar xərclənib. Fevralın əvvəllərində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə ilə ölkədə dronların istehsalı ilə bağlı razılaşma əldə etdiklərini bildirmişdi.

Kreml dəfələrlə Ankaranın Kiyevə “Bayraktar”lar satmasına görə ciddi narahatlıq ifadə edib. Türkiyənin Xarici İşlər Nazirliyi müharibə günlərində dronların özəl şirkət istehsalı olduğunu bildirib. Bununla Ankara məsuliyyəti üzərinə götürmək istəmədiyini göstərib. Rusiya isə “Bayraktar”ların müharibənin gedişinə necə vacib təsir göstərə biləcəyini yaxşı anlayır. Suriya, Liviya, Qarabağ savaşları Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının gerçək gücünü ortaya qoyub. Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra dünya mətbuatı “Bayraktar”a xüsusi diqqət ayırır.

Qeyd edək ki, Ukrayna "Bayraktar"ın uğurları barədə əvvəlcə çox danışsa da, sonradan qəflətən bu dronlarla bağlı videoların yayımı dayandırıldı. Ehtimal olunur ki, məhz Türkiyə Ukraynadan xahiş edib ki, bu məsələni çox da reklam etməsinlər, çünki Rusiya ilə münasibətlərinə mənfi təsir göstərir. Hətta Türkiyə DİN nümayəndəsi də bildirmişdi ki, bu mövzularla Türkiyəni müharibədə tərəf kimi göstərməyə cəhd edənlər var.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »