Azərbaycana daxil olan tikinti materiallaırnın bir hissəsi Rusiya və Ukraynadan gətirilirdi. Ukraynadan dəmir, metal, armatur gətirilirdi. Müharibə olduğuna görə, hazırda bu proses dayanıb. Bu isə ölkədə tikinti materialları bazarında material qıtlığına və qiymət artımına səbəb olacaq”.
Bu barədə Bizimyol.info saytına danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Rusiyadan gətirilən materialların qiymətlərində də artım gözlənilir.

“Hazırda Rusiyada dollar kəskin şəkildə bahalaşıb. Bütün sövdələşmələr dollarla aparıldığına görə, bu vəziyyət qiymət artımına gətirib çıxara bilər. Eyni zamanda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin iqtisadiyyatına da təsir edir. Nəzərə alsaq ki, Rusiyada iki milyondan çox azərbaycanlı yaşayır və onların çox hissəsi bizneslə məşğuldur. Sanksiyalar bizim həmvətənlərimizin də biznesinə, gəlirlərinə problem yaradır”.
Ekspert bildirir ki, 2014-2015-ci illərdə Rusiyada rublun qiymətinin kəskin düşməsi və dolların bahalaşması nəticəsində Rusiyada yaşayan azərbaycanlılar, Azərbaycanda olan əmlaklarını satışa çıxarmışdı.
“Soydaşlarımız öz bizneslərini qorumaq üçün bu addımı atmışdı. Həm də, həmin dövrdə dolların məzənnəsi qalxsa da, əmlakların qiymətində artım olmamışdı. Yəni əgər əvvəl Moskva şəhərində 100 min dollara bir iki otaqlı ev almaq mümkün idisə, dollar bahalaşandan sonra bu pula iki ev almaq olurdu” - deyən ekspert bildirir ki, eyni proses yenidən yaşanır. Belə ki, Rusiyada yaşayan azərbaycanlılar yenə də Azərbaycandakı əmlaklarını satışa çıxarıblar. Onun sözlərinə görə, müharibə davam edərsə, bu vəziyyət kütləvi hal alacaq. Çünki Azərbaycanda daşınmaz əmlak alanların böyük bir hissəsi xaricdə xüsusən, Rusiyada yaşayan azərbaycanlılardır.
“Əgər proseslər belə davam edərsə, Bakı şəhərində və böyük şəhərlərdə mənzillər satışa çıxarılacaq. Və qiymətlərdə enmə müşahidə ediləcək. Hamı çalışacaq ki, mənzilini satıb, dollara çevirib aparsın ya biznesini xilas etsin, ya da mənzilə yatırım etsin” - deyən Fərzəliyev bildirir ki, əmlak bazarında qəribə bir proses müşahidə ediləcək. Belə ki, tikinti materialları bahalaşdığı üçün yeni tikilən mənzillərin qiyməti baha olduğu halda, onminlərlə əmlak satışa çıxarıldığı üçün mənzillərin qiymətində ucuzlaşma müşahidə ediləcək. Bu artım, daha çox bina evlərinin və qeyri-yaşayış obyektlərinin qiymətində özünü göstərəcək.
Ekspert hesab edir ki, bu dövrdə həyət evlərinin, torpaq sahələrinin qiymətində də artım müşahidə ediləcək və bu proses avqust ayına qədər davam edəcək.
“Belə bir fikir formalaşıb ki, Ukraynada yaşayan azərbaycanlılar gəlib, burada əmlak alacaq. Bu, yanlış yanaşmadır. Çünki daha əvvəllər də Rusiyada yaşayan azərbaycanlıların daha çox əmlak aldığına şahid olurduq. Bu isə, ölkələrin iqtisadiyyatı ilə əlaqəlidir. Ukraynadan tələbələr və yaxud iş üçün gedənlər dönə bilər. Ancaq orada evi olan azərbaycanlılar müharibənin bitməsini gözləyib, yenidən evlərinə qayıdacaqlar. Müharibənin tezliklə bitməsi önəmlidir. Çünki müharibə uzun müddət davam etsə, bu Azərbaycanda tikinti bazarına, daşınmaz əmlak bazarına təsir edəcək” - deyə ekspert bildirib.
İlahin, Bizimyol.info