Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu rayona nə vaxta kimi su maşınla verilə bilər ki?"
"Bu rayona nə vaxta kimi su maşınla verilə bilər ki?"

Bir müddətdir ki, Neftçala rayonu ərazisində Kürün səviyyəsi azaldığı üçün Xəzərin suyu Kürün suyuna qarışır. Bu da həm rayon sakimlərinin içməli su ilə təminatımda, həm də əkin sahələrinin suvarılmasında problemlər yaradır. Xəzərin suyunun Kürün suyuna qarışması problemi 2020-2021-ci illərdə də özünü göstərmişdi. Amma bir fərq var idi ki, o vaxt bu problem yayda biruzə etmişdi. Həmin dövrdə rayonun deputatı Sabir Rüstəmxanlı da öz iradlarını bildirmişdi. “Azərsu” ASC isə, əraziyi 40 km su xəttinin çəkildiyini, su maşınlarının ayrıldığını bildirmişdi.

Ancaq görünən odur ki, Neftçalada bu problemin qarşısı alınmadığı üçün vəziyyət daha da ağırlaşır. Və rayonun 20 mindən çox əhalisinin yaşadığı ərazidə sakinlər içməli su sarıdan sözün əsl mənasında əziyyət çəkirlər.

Xatırladaq ki, Neftçala sakinlərinin su probleminin aradan qaldırılması üçün, daha doğrusu Kür çayında şoranlaşmanın qarşısının alınması üçün prezidentin tapşırığına əsasən komissiya tədbirlər görür. Ancaq bu nə tədbirdisə, problem azalmaq əvəzinə çoxalır.

Mütəxəssislərin fikrincə, məsələni kökündən həll etmək lazımdır. Yəni oturub, yağışın yağmasını Kürün dolmasını gözləməklə heç bir nəticə əldə etmək olmaz.

“İndi hələ havalar soyuqdur, susuzluq yayda olduğu qədər təsir etmir, amma yenə də su problemini həll etmək vacibdir. Bu rayona nə vaxta kimi su maşınla verilə bilər ki? Mütəxəssislər bu sahədə əsaslı işlər görməlidir. Ancaq müşahidə edirik ki, bir neçə ildir problem həll edilməmiş şəkildə qalır. Aidiyyatı qurumlar, Nazirlər Kabineti xüsusi işlər görməlidir” - bu barədə Bizimyol.info saytına danışan ekoloq Vaqif Əliyev bildirib ki, suyun olmaması təkcə vətəndaşları içməli su ilə deyil, eyni zamanda əkinə yararlı olan sahələrin, bağların suvarılması, heyvandarlıq üçün də vacibdir. Yəni Neftçalanın su probleminə göz yummaq və yaxud, xırda-para işlər görərək, gözdən pərdə asmaqla bu problemi həll etmək mümkün deyil.

Qarşıdan yay gəlir. Bəllidir ki, yayda da rayon sakinləri eyni problemdən əziyyət çəkəcəklər. Yenə də deputat çıxıb, iradını bildirəcək, “Azərsu” ASC də su çəkdiyini deyəcək.

  • Maşınla rayon sakinlərinə su verməklə bu problemi nə qədər həll etmiş olursunuz?
  • Və yaxud verilən suyun miqdarı vətəndaşa çatırmı?
  • Bəs əkin sahələri, heyvandarlıq?
  • Hər şey vətəndaşın içməyə bir stəkan su tapması ilə yekunlaşırmı?
  • Bəs prezidentin tapşırıqları necə oldu? Niyə icra edilmir? İcra edilirsə, niyə bu rayonun başı susuzluq problemindən ayılmır?

Gördüyünüz kimi veriləsi çox suallar var. Amma görünən odur ki, məmurlar da prezidentin tapşırıqlarına biganə yanaşır. Və yaxud özlərini işi “görürmüş” kimi göstərirlər. Əks halda, bu dövrdə Neftçalanın yenidən susuz qalması məsələsi gündəmə gəlməzdi. Görünür, yenidən kadr dəyişikliyinə ehtiyac duyulacaq...

Qeyd edək ki, mövzuyla bağlı məsul qurumlara sorğu göndərmişik. Cavablandıqda sizinlə bölüşəcəyik.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »