Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan sülh müqaviləsinə çağırır, ordusu isə mövqelərimizi atəşə tutur – Məqsəd nədir?
Paşinyan sülh müqaviləsinə çağırır, ordusu isə mövqelərimizi atəşə tutur – Məqsəd nədir?

Ötən günlərdə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq arzusunda olduğunu, iki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşdırılması istiqamətində işlər görülməsi fikirlərini Azərbaycan cəmiyyəti olaraq, bir qismimiz səmimi, başqa bir qismimiz isə növbəti erməni hiyləgərliyi kimi qəbul etdi.

Ancaq bu gün Paşinyanın sülh göyərçini qismində çıxışı ilə Qarabağda olan hərbi-siyasi vəziyyət tamamilə bir-birinin ziddidir. Bu gün yenə seperatçı erməni silahlı birləşmələri rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdən Ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətində yerləşən bölmələrini sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edərək, 24 dəfə atəşə tutub. Baş nazirin açıqlaması ilə seperatçı erməni silahlılarının etdiyi əməlləri heç də bir-biri ilə uyğun gəlmir. Belə görünür ki, ya Paşinyan öz idarəçilik qabiliyyətini itirib və sözü heç bir əsgərə, generala keçmir. Ya da O, erməni geninə məxsus qədim hiyləgərlik, ikiüzlülük siyasətinə baş vurur.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

Məsələ ilə bağlı “Bizimyol.info”ya danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Azərbaycan tərəfi düşmənin bu cür provokativ hərəkətlərinin qarşılığını misli ilə verir: “Atəşkəsin pozulmasının geosiyasi və lokal səbəbləri var. Rusiya-Ukrayna müharibəsindən Ermənistan revanşistlərinin dayaqlarına əsaslanan hərbçilərdə də belə bir abu-hava yaranıb, hansı ki, onlar sahədə provokativ davranışlara yönələ bilərlər. Təbii ki, Azərbaycan tərəfi bunun qarşılığını misli ilə verir. Qaldı ki, Paşinyanın Azərbaycan sülh müqaviləsi çağırışlarına, əgər onlar həqiqətən bu sazişi istəyirlərsə, onda mütləq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdırlar. Qarşı tərəfin də təbii ki, öz arqumentləri var. Ermənistan tərəfi masaya oturma vaxtını həm də bu atəşkəs pozuntuları ilə uzatmağa çalışırlar. Görünür, sülh sazişinə gəlmədə siyasi hakimiyyətin verdiyi qərar radikallar tərəfindən qəbul olunmadığı üçün onlara ən uyğun variant vaxt uzanması və sülh sazişi barədə qərarın verilməməsidir. Görünən odur ki, sülh sazişi bağlanmayana qədər də bu proseslərə hazır olmalıyıq” - deyə, Elxan Şıxəliyev bildirib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli də bu barədə “Bizimyol.info”ya danışıb: “Ermənilərin verdiyi sözlərə heç bir zaman inanmaq olmaz. Dəmir yumruq daim onların başları üzərində olmalıdır. Hər dəfə atəşkəsi pozurlar, Şuşa və başqa istiqamətlərdəki mövqelərimizə atəş açırlar, əl qumbaraları atırlar, sonra da deyirlər ki, içkili olublar və sair. Əgər içkili olurlarsa, onda öz sahələrinə atsınlar, sülhməramlıların postlarına atsınlar da, niyə bizim mövqelərimizə atırlar? Bunlar hamısı bəhanədir. Atəşkəsi pozurlar, sonra da deyirlər ki, sərxoşlar pozub. İlkin dövrlərdə deyirdilər ki, ordu daxilində Paşinyana müxalif generallar var. Sonra Ermənistanın Müdafiə Nazirliyində müxtəlif dəyişikliklər, yeni təyinatlar oldu. Nazir, Baş Qərargah rəisi dəyişildi. Ancaq yenə də əvvəlki əməllərindən əl çəkməyiblər. 200 ildir bölgəyə gəliblər, gəldikləri gündən də seperatizm, işğal, terror əməlləri ilə bizə rahat həyat vermirlər. Bu məsələ bir dəfəlik öz həllini tapmalıdır”,– deyə Emin Həsənli qeyd edib.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Ermənistan rəhbərliyi ikili oynayır: “Bu terrorçu əməllərin heç bir izahı yoxdur, düşmənin atəş nöqtələri dərhal təyin edilib, məhv edilməlidir. Bundan başqa hər hansısa bir tədbir məntiqli nəticə verməyəcək. Paşinyan bir tərəfdən sülh sazişi barədə açıqlamalar verir, başqa tərəfdən Qarabağdakı qanunsuz silahlı birləşmələr mövqelərimizə atəş açırlar. Bu, ikili oynamaqdır, “bir tərəfdən sülhə çağırıram, o biri tərəfdən də əsgərə əmr verirəm ki, atəş aç”. Dünyaya özünü sülhpərvər kimi göstərir, ərazidə isə əksini nümayiş etdirir. Cəzalandırılmasalar, əməllərinə davam edəcəklər” - hərbi ekspert deyib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »