Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyada çörəkpulu qazanırıq” deyənlər dayaz yerdə üzürlər...
“Rusiyada çörəkpulu qazanırıq” deyənlər dayaz yerdə üzürlər...

Sosial şəbəkələrdə sizi də bezdiriblər yəqin. “Rusiyada çörəkpulu qazanırıq, çörəyimizə xor baxırıq, nəyə görə Ukraynanın tərəfindəyik?” – bilmirsən buna özləri də inanır, yoxsa natamamlıq kompleksinin təsiri altında ortalığa girirlər.

Sosial şəbəkədə təsadüfən bir regional qəzetin baş redaktorunun paylaşımına rast gəldim. Oxuduqca dəhşət bürüdü. Düşündüm ki, yəqin çayxanalarda, məclislərdə “sən savadlısan, yaxşı bilərsən” deyə nə qədər adam müraciət edir ona. Bu adamın yazdıqlarına baxın. Statusunu olduğu kimi təqdim edirəm:

Ara qarışıb, məzhəb itib, biz Rusiya haqqında bəzi vacib şeyləri unutmuşuq, deyəsən? Amma aşağaıdıakıları unutmamalıyıq:

1. Azərbaycanın pomidoru yalnız Rusiyada satıla bilər, Türkiyədə və İranda yox, çünki onların öz pomidorları var.

2. Azərbaycanlılar İranda və Türkiyədə yox, Rusiyada çörəkpulu qazana bilirlər, çünki Rusiyada işçi qüvvəsinə ehtiyac var, İranda və Türkiyədə isə işçi qüvvəsinə ehtiyac yoxdur.

3. Cənubi Qafqaz Rusiyanın nufuz dairəsindədir, burada Rusiyadan başqa ikinci digər bir xarici dövlət hərbi əməliyyat keçirə bilməz!

4. Rusiya Cənubi Qafqaz respublikalarının, həm də muxtar ərazilərinin ərazi bütövlüyünün karantiyasıdır. Başqa sözlə, Rusiyaya görə İran Azərbaycanı heç vaxt işğal edə bilməz. İstədiyimiz vaxt Rusiyaya arxayın oub İrana dirsək göstərə və soyə bilərik, amma Rusiya çöksə, İran Azərbaycanı işğal edəcəkdir, 100 %, necə ki 1946-cı ildə Pişəvərinin ölkəsini işğal etdi. Dünyanın heç bir ölkəsi buna qarşı çıxmayacaq. Əgər bizim Milli Məclisin sabiq sədri deyirsə ki, Azərbaycan İran ərazisidir, Rusiya bu ərazini işğal edib, bu halda İran niyə Azərbaycanı özünə birləşdirməsin ki?

5. Şuşaya qədər geri aldığımıza görə Putinə və Rusiyaya minnətdar olmalıyıq. Nə Türkiyə, nə Pakistan, nə İsrail, nə bayraktar? Rusiyanın və Putinin dobrosu olmasaydı bir qarış torpaq da geri ala bilməzdik. Və torpaqlarımızı geri almağımıza ABŞ, Fransa və s. hamısı buna qarşı olub!

6. Facebookda anti-Putin, anti-Rusiya təbliğatı aparanlar bir mərkəzdən idarə olunurlar və birbaşa Azərbaycan dövlətçiliyinə qarşı çıxırlar. Rəhim Qazıyev Yeltsinə gedib dedi ki, Mütəllibov sənə alkaş deyür, Yeltsin də Xocalını etdi. İndi yenə həmin şey, azərbaycanlıların Putin dəlidir, Putin quldurdur və s. deməsi Qarabağda əldə etdiyimiz hər şeyin sonu ola bilər... Putinin əlyhinə, Rusiyanın əleyhinə status yazmaq kişilik deyil, dövlətçiliyimizə qarşı hərəkətdir, Xocalıda ölənləri kimin kişiliyinə yazaq? Tanklar, toplar, silahlı əsgərlər Ağdamda durub inək kimi baxırdılar, bir adam köməyə getmədi, budumu kişilik? Bu gün Azərbaycan Rusiya ilə müttəfiqdir, bunu unutmayın, keçmişdəki faciələr bir daha yaşanmayacaqdır inşallah!!!”.

Qeyd: Texniki səhvlər də müəllifə məxsusdur.

Maraqlıdır ki, həmkarımız komentlərdə fərqli yanaşma sərgiləyənlərin hamısından dəlil-sübut tələb edir. Halbuki öz yazdığı “maddə”lərin heç birini dəlil-sübut müşayiət etmir. Müəllif sadəcə, öz inanclarını sıralayıb, amma başqaları öz inancını ifadə edərkən dəlil-sübut soruşur.

Beləliklə,

Giriş: Əksinə, Rusiya haqqında heç nəyi unutmamışıq və elə ona görə də Rusiyaya münasibətimiz gördüyünüz kimidir.

1. Pomidoru bir nömrəli geosiyasi faktor elan etmişiksə, o zaman qalan bütün arqumentlərə ehtiyac yox idi. Elə bunu yazıb dayanmaq olardı. Bəs olmazmı Rusiyanın nüfuz dairəsində olmayaq, tam suveren və müstəqil olaq və sadəcə, iqtisadi tələblər üzərindən pomidorumuzu yenə də Rusiyaya sataq. Yox! Olmaz! Çünki müəllif özü də dolayısı ilə etiraf edir ki. Azərbaycan pomidorunun Rusiyada satılması üçün Azərbaycan Rusiyanın nüfuz dairəsində olmalı, yəni Rusiyanın köləsi olmalıdır. Başqa variantı Rusiya qəbul etmir. İqtisadi münasibətlərdə bu şüurdan çıxış edən ölkəyə niyə dostcasına yanaşmalıyıq? Həm də “adaptasiya” deyilən bir anlayış var. Əgər pomidoru Rusiyada sata bilməsəydik, bu o demək deyil ki, daha heç yerdə sata bilməyəcəkdik. Qlobal iqtisadiyyatda hər məhsulun bazarı var – mütləq alternativ bazar tapılır. Sadəcə, bir mövsüm itkiyə məruz qala bilərik.

2. Azərbaycanlılar nəyə görə Rusiyada çörəkpulu qazanmağa məhkum olunsun ki? Olmazmı “niyə azərbaycanlılar Azərbaycanda çörəkpulu qazana bilmirlər?” sualından başlayaq? Və elə bundan başlamalıyıq. Cavabı da bəllidir: Rusiyanın nüfuz dairəsinə daxil olan bütün ölkələr sosial-iqtisadi bataqlıq içində sürünür. Elə Rusiya özü də... Çünki Putin Rusiyası bütün bu ölkələrə qarşı reket kimi davranır. “Regionda “vəziyyətə baxan” mənəm və mənə haqq ödəməlisiniz” düşüncəsi var Kremldə. Müxtəlif üsullarla edir bunu. Sərfəsiz iqtisadi sazişlərə çəkir, ölkəsinə yatırım qoymağı tələb edir, yaxud elə şəxsən özü üçün haqq alır. Heç təsəvvür edirsinizmi, Tokayev son hadisələrdən sonra Putinə neçə milyard ödəməli olub? İndi o ödənişlər qazax xalqının kürəyindən çıxarılacaq. Onlar da “çörəkpulu qazanmaq” üçün Rusiyaya daha çox qaçmalı olacaqlar. Sonra da bir qazax baş redaktor çıxıb deyəcək ki, “orada “çörəkpulu qazanırıq”, Rusiya dostumuzdur”.

3. Bunu hamı bilir. Amma başa düşmək olmur, müəllif bizi buna sevinməyə dəvət edir, ya nədir. Biz Rusiyanın buradakı hərbi əməliyyatlarını çox görmüşük. 20 Yanvar, Xocalı, bütövlükdə Qarabağın işğalı, ardınca ərazilərimizi azad etmək istərkən bizə qarşı proksi-müharibə aparması və s. Və “Rusiya bunları etmək üçün güc sahibi olduğuna görə Rusiyanı sevmək”! Bu nə düşüncə tərzi?

4. Kəmərləri bağlayın, bir az da uzağa gedirik. Rusiya ərazi bütövlüyümüzün qarantı imiş! İlahi, göydən niyə daş yağmır? Sən demə, Qarabağı Ermənistan kimi bir cırtdan 30 il ərzində öz gücünə işğal altında saxlayıbmış. 30 ildir Rusiya niyə ərazi bütövlüyümüzü təmin etmirdi? Lavrov Ermənistandan gələn jurnalistlərlə oturub şampan içə-içə bizə gözdağı vermirdimi? Gürcüstanın ərazi bütövlüyünü kim pozub? Və müəllifin ən maraqlı iddiası: “Rusiyaya görə İran Azərbaycanı heç vaxt işğal edə bilməz”. İran təyyarələrinin bizim hava sərhədlərini pozub Xəzər üzərində bizə meydan oxumasını heç kim unutmayıb. Rusiya susaraq şərait yaradırdı ki, İran Azərbaycanı qorxutsun. Ardınca nə baş verdi? Öncə Türkiyə dövlət səviyyəsində bəyan etdi ki, “Azərbaycana hücum Türkiyəyə hücumdur”. Ardınca Türkiyənin hərbi aviasiyası gəlib Bakıda həmin o məşhur aviasiya paradını təşkil etdi. Sonra da İran qınına çəkilib sakitləşdi. Çünki Türkiyə Pişəvərinin zamanında gördüyümüz bir ölkə deyil. Və axırda da müəllif hansısa sabiq MM sədrinin açıqlamasını bir ölkənin başqa ölkəni işğal etməsi üçün yetərli əsas sayıb. Dağıl, a dünya!

5. “Şuşaya qədər geri aldığımıza görə Putinə və Rusiyaya minnətdar olmalıyıq”. Bu cümlənin adı milli xəyanətdir. Sanki Putin Şuşanı boşqaba qoyub süfrəmizə gətirib və orada həyatını itirən qəhrəmanlarımız da olmayıb. Bütün müharibə boyunca Rusiya Azərbaycan ordusunun irəliləməsini əngəlləməyə çalışırdı. Dayanmadan Ermənistanı silahlandırırdı. Amma bu da azlıq etdi – BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı və Azərbaycanda hava məkanının bağlanması üçün qərar çıxarmaq istədi. Məhz Rusiya etdi bunu. Çünki Türkiyə “Bayraktar”larının havalanmasını əngəlləmək istəyirdi. Əvəzində Böyük Britaniya bunun qarşısını aldı. Bəlkə indi deyək ki, Qarabağ Rusiyanın “dobro”su ilə deyil, Böyük Britaniyanın “blessing”i ilə alınıb. Xeyr! Türkiyənin dəstəyi ilə özümüz etdik bunu. Britaniya da siyasi dəstəyini verdi. Zaman yetişmişdi, Türkiyə daha 1946-cı ildə, yaxud 1990-cı ildəki bir ölkə deyildi. Türkiyə yeni güclə ortaya çıxmışdı – həm hərbi, həm də diplomatiya baxımından. Dünya ölkələrinin bizə qarşı olmasına gəlincə, lap elə Fransanın da münasibəti verbal səviyyədən o yana keçmədi. Sadəcə, düşmənlərimizi razı salmaq üçün quru sözlərlə və hədələrlə kifayətləndilər. Dünya necə bizə qarşı oldu ki, BMP TŞ-də Azərbaycan əleyhinə qərar çıxara bilmədilər? Dünya necə bizə qarşı oldu ki, bizə qarşı xırdaca bir sanksiya da tətbiq edilmədi? Sadəcə, haqsız açıqlamalarla qarşılaşdıq, qulaqardına vuraraq yola davam etdik. Sonda isə Rusiya ilə münasibətlər sona qədər korlanmasın deyə “sülhməramlı” söhbətinə getdik.

6. Adam deyir ki, “anti-Putin, anti-Rusiya təbliğatı aparanlar bir mərkəzdən idarə olunur”. İndi öz manerası ilə davranıb dəlil-sübut tələb etsək, nə deyəcək, görəsən? Amma biz düşünmürük ki, bütün bunları yazan şəxs haradansa idarə olunur. Biz onun ümumiyyətlə, idarə olunduğuna şübhə edirik. Özünü idarə edə bilən bir adam az qala içdiyimiz suya görə də Putinə minnətdar olmağımızı tələb etməzdi.

Yekun: Əgər Rusiya qonşularla bərabər səviyyədə, qarşılıqlı hörmət üzərindən münasibətlər qursaydı, bütün qonşuları könüllü olaraq bu dövlətlə bir sırada dayanardı. Amma bu ölkə bütün qonşularına “ikinci sort” kimi baxır. Biz onları nə qədər çox sevsək, onlar bizə bir o qədər çox nifrət edəcəklər. Bu yanaşmanın dəyişəcəyinə də ümid yoxdur. Əsrlərin sınağından çıxmış bir yanaşmadır...

Emin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »