Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün yel çərşənbəsidir
Bu gün yel çərşənbəsidir

Bu gün Azərbaycanda Novruza qədər olan 4 çərşənbədən üçüncüsü “ Yel çərşənbəsidir”. El arasında bu çərşənbəyə “Yelli çərşənbə”, “Küləkli çərşənbə” də deyilir. İnanclara görə, insan 4 ünsürdən su, od, yel və torpaqdan yarandığı üçün qədim insan bu ünsürləri dəyərli hesab edib. Belə düşünülürmüş ki, əgər çərşənbələr bayram kimi keçirilərsə, həmin il ruzi bərəkətli keçərmiş.

Yel həm də suyu, odu hərəkətə gətirir. Hətta Yelin Tanrı olması ilə bağlı müxtəlif inanclar, əfsanələr mövcuddur. Novruz şənliklərində “Yel baba” mərasimi də bu inanca dayanır. Qədim insan Yeli - küləyi çağırmaq üçün müxtəlif nəğmələr oxuyarmış:

"A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı,

Atına ver samanı."

Yel çərşənbəsinin inanclarından biri də arzu tutulmasıdır. Belə ki, axşam saatlarında söyüd ağacının altına gedib, Yel babanı çağırıb, niyyət tutardılar. Əgər söyüdün yarpaqları arasında küləyi hiss etsəydin, niyyətin həyata keçəcəkmiş.

Yel çərşənbəsində havanın təmizləndiyinə də inanarmış qədim insan.

Qeyd edək ki, ilaxır çərşənbələrdən 3 və 4-cü ilə bağlı fərqli fikirlər var. Belə ki, çox zaman torpaq və ya yel hansısının birinci olması müzakirələri aparılır. Folklora görə, ilaxır çərşənbənin 4-cüsünün yel olması dini inanclarla bağlıdır. Çünki inanca görə, Allah yaradılış zamanı ən son insana nəfəs-yel verib.

Xalq inanclarına görə isə, ən son torpaq oyanır. Elə buna görə də, 3-cü çərşənbə yel, dördüncü isə torpaq olaraq qeyd edilir. Bu çərşənbədə adətən dünyasını dəyişənlər xatırlanır, onların məzarı üzərinə gedib yad edərlər. Nədənsə xalq ədəbiyyatında da üçüncü çərşənbəni daha çox dünyasını dəyişən insanlarla əlaqələndiriblər. Bu gün Azərbaycanın müxtəlif bölgələrində Yel çərşənbəsi müxtəlif formada qarşılanır. Hətta qədim etiqadlara görə, yel çərşənbəsində torpağın altında yatan dörd cür külək müxtəlif libaslarda yer üzünüə çıxaraq dolaşır. İnanca görə, ağ yel-ağ, qara yel-qara, xəzri-göy, gilavar isə qırmızı rəngli libasda yer üzündə dolaşır. Yel çərşənbəsində evlərdə plov bişirilər, süfrəyə daha çox quru və dənli bitkilərdən çərəzlər düzülərmiş.

Yel ilə bağlı müxtəlif atalar sözü, tapmacalar və inanclar mövcuddur:

"Yel qayadan nə aparar?

Yellə gələn sellə gedər."

Bütün çərşənbələrdə olduğu kimi Yel çərşənbəsində də insanlar tonqal qalayar, üzərindən atlayıb, uğursuzluqlarını odlarda yandırarmış.

Bu gün Yel çərşənbəsidir. Qapı pəncərləri açıb, evə küləyi alın. Külək bütün uğursuzluqları ağuşuna alıb aparsın.

Yel çərşənbəniz mübarək olsun!

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »