Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qurtuluş 93”üç sahibinin kürəkəninə prokuror 9 il həbs cəzası istədi
“Qurtuluş 93”üç sahibinin kürəkəninə prokuror 9 il həbs cəzası istədi

“Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. O, idarə etdiyi “Range Rover” markalı avtomobillə ehtiyatsızlıqdan 4 nəfəri öldürməkdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Elşad Kəlbəliyevə 9 il həbs cəzası verilməsini istəyib. Onun vəkili bununla razılaşmayıb və müdafiə nitqinə hazırlaşmaq üçün vaxt istəyib.

Hakim İlham Mahmudov vəkilə martın 15-nə qədər vaxt verib.

Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur.

Sözügedən yol-nəqliyyat hadisəsi iyunun 14-də gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Elşad Kəlbəliyevə məxsus “Range Rover” markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobillə Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində dünyasını dəyişib.

Elşad Kəlbəliyev və hadisə vaxtı onun yanında olmuş Ələsgər Əliyev isə xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra polis idarəsinə aparılıblar.

Bu qəza ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı Elşad Kəlbəliyevə məxsus avtomobildə sükan arxasında Ələsgər Əliyevin olduğu bildirilirdi. Lakin sonradan “Range Rover”i avtomobil sahibinin özünün idarə etdiyi məlum oldu.

Elşad Kəlbəliyevin hadisə vaxtı sərxoş olduğu iddia edilsə də, onun özü də, vəkili də bunu təkzib edir. O bildirib ki, avtomobillə hərəkət edərkən yolun kənarında dayanmış 3-4 gənc qəfildən yola çıxıb. Onları vurmamaqdan ötrü maşını qarşı yola tərəf sürüb. Bu zaman qarşıdan gələn avtomobillə toqquşub və nəticədə bu hadisə baş verib.

Elşad Kəlbəliyev özü də “Qurtuluş 93”ün satış müdiri olub. O həm də 2010-cu ildə yaradılan və 2020-ci ildə fəaliyyətini dayandıran “Əlincə” futbol klubunun prezidenti idi. Bu klubun təsisçisi də onun qayınatası idi.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »