Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belaruslu hərbçilər Ukraynaya qarşı vuruşmaqdan imtina edir
Belaruslu hərbçilər Ukraynaya qarşı vuruşmaqdan imtina edir

Son iki gündə Rusiya ordusu Ukraynada böyük çətinliklər yaşayır. Müdafiə olunan tərəf bir sıra əldən verilmiş yaşayış məntəqələrini geri qaytarıb. Kremlin qoşunları ciddi itkilər verməkdə davam edir. Sosial mediadakı videolarda çoxsaylı əsirlər, atılıb qalmış texnika gözə dəyir.

Bizimyol.info xəbər verir ki, Belarus hakimiyyəti Ukraynada Rusiyanın köməyinə gəlmək istəyir. Amma rəsmi Minskin orduda problemləri var. Belaruslu hərbçilər Ukraynada döyüşmək istəmir. Belarus silahlı qüvvələrinin baş qərargahından Qərb mətbuatına ötürülən məlumata görə, orada sərhədi keçməyə cəsarət etmirlər. Çünki belaruslu hərbçilərin Ukrayna ərazisində necə davranacağı məlum deyil. Hərbi heyət dinc sakinlərə atəş açmaq istəmir. Fərarilik halı çox ola bilər. Baş qərargahda hətta rəhbərliyə qarşı çıxmaq ehtimalını da nəzərə alırlar.

Belarus hakimiyyəti Ukrayna savaşında iştirak etmədiyini dəfələrlə vurğulayıb. Amma yayılan videogörüntülərdən birində əsir düşən əsgər Belarusdan gəldiyini bildirmişdi. Ukraynada Aleksandr Lukaşenko rejiminin Kremlə ciddi hərbi dəstək verdiyinə əmindirlər.

Ukrayna müharibəsi istənilən halda Belarusa təsirsiz ötüşməyəcək. Qərb Minski Kremllə müttəfiqliyə görə bağışlamaq fikrində deyil. Bəyanatlarda Lukaşenkonun adı xüsusi çəkilir. Ağır sanksiyalar gözlənilir. Belarusda buna görə böyük narahatlıq var. Hətta ölkədə panika yaşandığını demək olar. Təyyarə biletlərinin qiymətlərinin kəskin artması həmin narahatlıqdan xəbər verir. Belaruslular ölkədən qaçırlar. Martın sonuna qədər hər hansı istiqamətə təyyarə bileti tapmaq müşkül görünür. Belarus vətəndaşları birtərəfli bilet üçün 600-700 dollarından keçir. Daha çox Tiflisə, İrəvana və Dubaya üz tuturlar.

İstənilən halda Rusiyanın məğlubiyyəti elə Belarusun da uduzması olacaq. Lukaşenko bunu yaxşı başa düşür. Buna görə də Minskin fəal hərbi müdaxiləsini görəndə təəccüblənmək lazım deyil. Belarus hakimiyyəti çalışacaq ki, Kreml Ukraynada istəyinə nail olsun. Əks halda Putin kimi Lukaşenko da mövqeyini əldən verəcək.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »