Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbin Ukraynanın işğalına göz yumacağına dair gözləntilər özünü doğrultmayıb"
"Qərbin Ukraynanın işğalına göz yumacağına dair gözləntilər özünü doğrultmayıb"

“Rusiya-Ukrayna müharibəsinin başlıca səbəbi rəsmi Moskvanın neoimperialist maraqları, yenidən supergücə çevrilmək iddiası, ən azı, keçmiş postsovet məkanında, eləcə də Avrasiya məkanında həlledici söz sahibi olmaq niyyəti ilə bağlıdır. Ukrayna keçmiş SSRİ məkanında əhalisinə görə, ikinci böyük dövlətdir və Avropanın ən böyük ölkələrindən biridir.

Ruslarla ortaq slavyan irsini bölüşməsinə, əhalisinin üçdəbirinin rusdilli olmasına, üç tərəfdən Rusiya və Belarusla həmsərhəd olmasına baxmayaraq, bu ölkə Avropaya inteqrasiyada, öz təhlükəsizliyini təmin etmək üçün NATO ilə sıx əməkdaşlıqda, sivil, demokratik inkişafda maraqlıdır. Ukrayna, Rusiya və Belarusla yanaşı, BMT-nin yarandığı gündən onun üzvü olub, keçmiş ittifaq respublikaları sırasında xüsusi statusu ilə seçilib. Maraqlıdır ki, məhz bu üç ölkə 1991-ci ilin 8 dekabr tarixində Belovejsk sazişini imzalayaraq, SSRİ-nin buraxıldığını, yerində sonradan Müstəqil Dövlətlər Birliyi adlandırılan Slavyan Dövlətləri Birliyinin yaradıldığını bəyan ediblər. Ukrayna ilə Rusiya arasında əsas mübahisəli məsələ 1954-cü ildə Krımın Ukraynanın tərkibinə verilməsi ilə bağlıdır. Krıma olan iddialarına baxmayaraq, Rusiya 1994-cü ilin 5 dekabr tarixində Budapeşt memorandumunu imzalamaqla nüvə silahından imtina müqabilində, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ilə birlikdə Ukraynanın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verib. Eyni təminat o zaman nüvə silahlarına malik olan Belarus və Qazaxıstana da verilib”.

Nail Cəlil Nail Cəlil

Bu fikirləri Bizimyol.info saytına özəl açıqlamasında Rusiyanın Ukrayna ilə müharibəyə başlamasının səbəblərini və onun mümkün siyasi-iqtisadi nəticələrini şərh edən sosioloq, siyasi tədqiqatçı Nail Cəlil səsləndirib. Onun sözlərinə görə, artıq 10 gündür, davam edən müharibə Rusiyanın arzuladığından və gözlədiyindən tam fərqli mənzərə yaradıb: “Paytaxt Kiyevi və bütün Ukraynanı ildırım sürəti ilə ələ keçirəcəyini bəyan edən Rusiya, Ukrayna ordusu və xalqının şiddətli müqaviməti, böyük itkilərlə üzləşib. Digər tərəfdən, nüvə təhdidi qarşılığında demokratik Qərb ölkələrinin, Avropa Birliyinin, xüsusən, NATO üzvü olan ölkələrin səssiz qalacağına, Ukraynanın işğalına göz yumacağına dair gözləntilər özünü doğrultmayıb. Əksinə, hadisələrin gedişatı Rusiyanın bu hərbi müdaxilə nəticəsində sürətlə sivil dünyadan təcrid olunduğunu, ağır sanksiyalar nəticəsinə böyük iqtisadi itkilərlə üzləşdiyini göstərir. Müharibəyə başlamasına görə, Rusiya artıq bir çox nüfuzlu beynəlxalq təşkilatlardan qovulub, ölkənin azı, bir trilyon dollar həcmində vəsaiti beynəlxalq banklarda dondurulub, prezident Vladimir Putin də daxil olmaqla, ölkənin bütün rəsmiləri, iş adamları, tanınmışları, varlıları sərt sanksiyalarla üzləşiblər. Cəbhədə yaşanan uğursuzluqlar fonunda rus rublu sürətlə bahalaşmaqda, ölkənin daxili bazarı çökməkdədir. Artıq bütün sosial-iqtisadi fəaliyyət sferalarında kəskin durğunluq və geriləmə başlayıb, Avropanın hava məkanı Rusiyanın üzünə qapanıb. Rusları mümkün olan hər yerdə - idmanda, internet məkanında belə təcrid edirlər, beynəlxalq əməkdaşlıq platformalarından uzaqlaşdırırlar”.

Sosioloqun fikrincə, sivil dünyanın maraqlarını suveren bir dövlətə - Ukraynaya hərbi müdaxilə yolu ilə təmin etməyə çalışan Rusiyaya qarşı belə sərt, kəskin addımları tədqirəlayiq və gözləniləndir. Burada Rusiyanı müdafiə etməyə çalışanların əsas arqumenti NATO-nun Şərqə doğru genişlənməsi və ABŞ-ın BMT ilə hesablaşmadan bir sıra ölkələrə, məsələn, İraqa, Suriyaya müdaxiləsidir: “Hətta bu deyilənlər doğru olsa belə, ədalətsizliyə başqa bir ədalətsizlik törətməklə cavab vermək beynəlxalq siyasi münasibətlərdə heç də adekvat, doğru addım deyil. Məsələn, Rusiyadan fərqli olaraq, ABŞ yaxın qonşusu, ərazisi geniş, əhalisi müqayisədə dəfələrlə az olan Kanadanı ortaq anqlo-sakson mənşəyini əsas götürərək, özünə birləşdirmək və ya ilhaq etmək niyyətində deyil. Əksinə, gücünü tərəfdaş ölkələrə sərmayə yatırmaqla, sənayeni, texnologiyanı inkişaf etdirməklə, dünyanın hər yerindən zəkalı, intellektual insanları cəlb etməklə, praktik elmi nailiyyələrə trilyonlar yatırmaqla artırmağa çalışır. Bunun qarşılığında paslanmış nüvə silahlarını oynatmaqla, bu və ya digər ölkəyə qoşun yeritməklə nəsə əldə etmək, ya bu barədə düşünmək sadəcə, xəyaldır”.

N.Cəlil vurğulayıb ki, Sovet İttifaqının süqutundan ötən 31 il ərzində Rusiya böyük gəlirlər əldə etsə də, iqtisadiyyatını yenidən qurub modernləşdirə bilməyib. Digər tərəfdən, əldə olunan kapital köhnə sovet nomenklaturasından törəyən məhdud inhisarçı qruplar tərəfindən mənimsənilib, yaxın və ya uzaq məkanda strateji tərəfdaş adlandırıla biləcək ölkələrin heç birinə ciddi sərmayə yatırılmayıb. Əksinə, Rusiya hibrid müharibələri, bu və ya digər ölkələrə qəfil hərbi müdaxilələri, məsələn, Ukraynada hakimiyyət böhranından faydalanaraq, Krımı döyüşsüz zəbt etməsi, bununla kifayətlənməyərək, həmin ölkənin şərqində iki separatçı yaratması, cəmi bir ay əvvəl KTMT çətiri altında Qazaxıstana qoşun yeritməsilə yadda qalır, xatırlanır: “Hesab edirəm ki, Rusiyanın Krımı anneksiya etmədən, hər hansı müdaxilə və güc tətbiqi olmadan, 60-70 milyard dollar həcmində böyük sərmayə yatırmaqla, Rusiya bazarını ukraynalılar üçün cəlbedici, əlçatan etməklə Ukraynanın neytrallığını, strateji tərəfdaşlığını, hətta müttəfiqliyini təmin etmək imkanı vardı. Son hərbi müdaxilə onu göstərir ki, məhz Rusiya tərəfinin ambisiyası və aqressiyası səbəbindən ümumi anlaşma və kompromiss imkanı itirilib, vəziyyət fəlakətli müharibə həddinə gəlib çatıb”.

Sosioloq onu da qeyd edib ki, münaqişənin çox zaman kölgədə qalan və axıradək qiymətləndirilməyən subyektiv səbəblərindən biri son 30 ildə formalaşan Ukrayna demokratiyası ilə Rusiya avtoritarizminin toqquşmasıdır. Məsələn, Putinin hakimiyyətdə olduğu 22 il ərzində Ukraynada 5 yeni prezident seçilib, ancaq Rusiyada demokratik təsisatlar bilərəkdən zəiflədilib, sıradan çıxarılıb: “Aydındır ki, rəsmi Moskva məhz bu səbəbdən demokratik, Qərblə sıx əməkdaşlığa açıq Ukraynanı bir dövlət, hakimiyyət modeli olaraq, öz varlığına, neoimperiya iddialarına təhlükə kimi görür”.

Siyasi tədqiqatçı onu da bildirib ki, Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsi dünyada siyasi vəziyyəti həddən artıq kəskinləşdirib: “Bu, rəsmi Kiyevi müdafiə edən ABŞ, NATO, Avropa Birliyi təmsilçilərinin ziddiyyətli bəyanatlarında da hiss olunur. Nəzər çarpan xüsusi məqam odur ki, Ukrayna geniş beynəlxalq humanitar, müəyyən dərəcədə hərbi-siyasi dəstək olsa da, NATO, eləcə də tərəfdaş dövlətlərdən heç biri Rusiya ilə açıq müharibəyə getmək, ona qarşı birbaşa döyüşmək istəmir. Səbəb bəllidir: tərəflər mümkün qədər məsələni siyasi, iqtisadi, texnoloji güc müstəvisində - nüvə təhlükəsi doğura biləcək iri miqyaslı müharibədən qaçmaqla həll etməyə çalışırlar. Hələ ki, tərəflər danışıqlara başlasalar da, bunun arzulanan nəticəni verdiyini söyləmək mümkün deyil. ABŞ prezidenti Coo Baydenin açıqlamalarından aydın olur ki, rəsmi Vaşinqton Ukraynaya daha çox maddi və hərbi-texniki dəstək göstərəcək ki, bu da müharibənin aylarla uzanmasına səbəb ola bilər. Çünki rəsmi Moskva bütün vasitələrlə baş verən eskalasiyanı, işğalı genişləndirməyə cəhd göstərdiyi kimi, rəsmi Kiyev isə axıradək ciddi müdafiə olunmaqda, hətta əlverişli məqamda əks hücuma keçib sərhədlərini, ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »