Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dost-tanışın məsləhəti, reklam və ya məqalələrdə tövsiyə edilən dərmanları almaq olmaz"
"Dost-tanışın məsləhəti, reklam və ya məqalələrdə tövsiyə edilən dərmanları almaq olmaz"

Müxtəlif sosial şəbəkələrdə onlayn dərman satışı reklamlarına rast gəlirik. Arıqlamaq və ya kökəlmək üçün müxtəlif vitaminlərin, cinsi aktivliyi artırdığını iddia edən dərmanların internet yolu ilə satışı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində mövcuddur.

Ancaq bu dərmanların istehsalçı firması, tərkibi, əks göstəriciləri, faydaları və ya zərərləri, saxta və ya orjinal olub-olmaması əksər hallarda istehlakçıya məlum olmur. Yəni internet üzırindən hər hansı bir dərdinə əlac bidliyin dərman əslində kustar üsulla da hazırlanmış ola bilər və yaxud istifadə müddəti keçmiş ola bilər və yaxud plasebo ola bilər. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən də bildirilir ki, onlayn dərman satışına nəzarət olmadığı üçün sonradan kimisə məsuliyyətə də cəlb etmək mümkün olmur. Yəni internet üzərindən aldığınız dərmanlar sizi zəhərləsə belə, siz bunu sübut edə bilməyəcəksiniz.

Həkim terapevt Məlahət Abbasova Bizimyol.info saytına müsahibəsində bildirib ki, onlayn satılan dərmanlar insan həyatı üçün təhlükəli ola bilər. Çünki internet üzərində bəlkə də kimliyi bilinməyən şəxslər tərəfindən dərman adı ilə satılan bu preparatlar dərman olmaya bilər və yaxud vaxtı keçmiş dərman ola bilər. Yəni internet üzərindən dərman alıb, arıqlayıb və kökələ biləcəyini düşünən şəxslər əslində həyatlarını ciddi təhlükəyə atmış olurlar.

“Dərmanlar fərdi qərar əsasında qəbul edilməməlidir. Hər hansı bir xəstəlik üçün qəbul edilən dərmanlar mütləq həkim nəzarəti və resepti ilə, arıqlama və ya kökəlmə üçün olan dərmanlar dietoloq nəzarəti ilə, cinsi aktivlik üçün nəzərdə tutulan dərman vasitələri isə androloq və sahənin digər peşəkar mütəxəssisləri tərəfindən təyin edilməlidir. Heç bir problemi fərdi qaydada, internet üzərindən satılan dərmanla aradan qaldırmaq mümkün deyil”,- deyən həkim həmçinin qeyd edib ki, dərmanların lisenziyası olmalıdır. Bununla yanaşı, dərman vasitələrini aptekdən aldığınız zaman onu istehsal edən ölkəyə, tərkibinə və son yararlılıq müddətinə baxmaq vacibdir. Bəzi dərmanların ağır əks göstəriciləri ola bilər. Hətta dərman alarkən bunu da nəzərə almaq vacibdir.

“Dost-tanışın məsləhəti, reklamlar və ya internet məqalələrində tövsiyə edilən dərmanları almaq olmaz. Çünki insan orqanizmi müxtəlifdir. İnsanlar müxtəlif xəstəliklərə müxtəlif reaksiyalar verə bilər. Və buna görə də, rəfiqənin arıqlamaq üçün istifadə etdiyi dərmanı istifadə etsən də eyni nəticəni almaya bilərsən. Hətta dərman əks reaksiya ilə özünü göstərə bilər. Dərman zəhərlənməsi çox ağır zəhərlənmədir. Bəzən ondan sağalmaq da mümkün olmur” - deyən həkim onlayn satılan dərmanları almamağı tövsiyyə edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »