Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belaruslular ölkədən qaçırlar: Təyyarə biletləri tapılmır
Belaruslular ölkədən qaçırlar: Təyyarə biletləri tapılmır

Belarusda böyük ajiotaj var. Hakimiyyətin Kremli Ukrayna müharibəsində dəstəkləməsi vətəndaşlarda ciddi narahatlıq yaradıb. Belarusda ölkəyə böyük sanksiyaların tətbiq olunacağı əsas müzakirə mövzusudur. İnsanlar kütləvi şəkildə təyyarə biletləri alırlar. Sanki onlar ölkəni mümkün qədər tez tərk etməyə çalışırlar.

Bizimyol.info xəbər verir ki, “Belavia” şirkətinin reyslərinə qiymətlər kəlləçarxa çıxıb. Müxtəlif istiqamətlərə yaxın günlər üçün bilet qalmayıb. Martın ortalarına və sonlarına olan təkliflər isə çox bahadır.

Minskdən Tiflisə və Kutaisiyə martın 30-dan, Batumiyə aprelin 1-dən tez birbaşa getmək mümkün deyil. Özü də bunun üçün 470 dollar ödəmək lazım gəlir. Məsələn, may üçün Batumiyə lap 150 dollara da bilet tapmaq olur.

İstanbula ən tez martın 17-nə təklif var. Həmin gün Minski tərk etmək istəyən şəxs 600 dollarından keçməlidir. Halbuki mayda “Belavia” ilə İstanbula uçacaq sərnişinlərə 230 dollara bilet təklif olunur. Ümumiyyətlə, Türkiyəyə çıxıb getməyi qarşısına məqsəd qoymuş Belarus vətəndaşı martın 6-da Antalyaya üz tuta bilər. Qiymətdən danışmağa dəyməz. Təsəvvür edin, bunun üçün 1700 dollar ödənməlidir.

Yaxın günlər üçün Özbəkistana 475, Birləşmiş Ərəb Əmirliklərinə 632 dollara bilet var. İrəvana martın 11-də 420 dollara getmək olar. Halbuki mayda Ermənistanın paytaxtına 100 dollara yetişmək imkanı gözə dəyir.

Belarus vətəndaşları inanılmaz qiymətlərə baxmayaraq, bilet alır. Daha çox Tiflisə üz tuturlar. Görünür, oradan Avropaya getmək şansının yüksək olduğunu düşünürlər. Ucuz variantlar barədə çox baş sındırırlar. Daha çox 3 təyyarə dəyişmək variantına üstünlük verirlər. Əvvəlcə Moskvaya, sonra Rostova uçurlar. Axırda isə Bakıdan Tiflisə yollanırlar. Belə mürəkkəb kombinasiyalı bilet 283 dollara başa gəlir.

Bakıya martın 6-na 405 dollara bilet var idi. Amma biz yazını hazırlayan dəqiqələrdə vəziyyət dəyişdi. Həmin günün biletlərinin hamısının satıldığı məlum oldu. Martın 7-dən başlayaraq Bakıya gəlmək istəyən Belarus vətəndaşları 587 dollarından keçməlidir.

Müşahidə olunan prosesin bir adı var. Belaruslular ölkədən qaçırlar.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »