Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda alpinizm üsulu ilə oğurluq edən: “Adam olan evə girmirdik...”
Bakıda alpinizm üsulu ilə oğurluq edən: “Adam olan evə girmirdik...”

Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş futbolçusu Ceyhun Sultanov martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, evindən oğurluqla bağlı zərərçəkmiş qismində ifadə verib.

Bizimyol.info xəbər verir ki, Bakıda hündürmərtəbəli binalarda alpinizm üsuluyla oğuluq olan mənzillərdən biri də Ceyhun Sultanova məxsus olub.

Xaricdə alpinizm təlimləri keçən, mənzillərdən oğurlanan qızıl-zinət əşyalarını əridib, başqa formaya salmaq üçün zərgərlik sənətini öyrənən Cavid Süleymanov və Əhməd Əhmədov futbolçunun Yasamal rayonunda yerləşən mənzilindən oğurluq edib. Bu barədə məhkəmədə danışan Ceyhun Sultanov bildirib ki, hadisə baş verən zaman onlar Bakılda olmayıb: “İstirahətə getmişdim, qayıdanda gördüm ki, evdən oğurluq olub. Qızıl, şuba aparıblar. Təxminən 5 min manat ziyan dəyib”.

Zərərçəkmiş Ceyhun Sultanovdan soruşulub ki, təqsirləndirilən şəxslərdən şikayətçidirmi? O bildirib ki, qanunun tələbi necədirsə, elə olmasını istəyir.

Futbolçu təqsirləndirilən şəxslərə belə bir sual ünvanlayıb: “Əgər həmin vaxt mən, ailəm evdə olsaydı, necə olacaqdı?”

Təqsirləndirilən şəxslərdən biri belə cavab verib: “Biz adam olan evə girmirdik...”

Ceyhun Sultanov əlavə edib ki, oğurluqdan sonra mənzilindəki yataqda ip tapıb. O, ehtimal edir ki, təqsirləndirilən şəxslər həmin ipdən istifadə edərək, alpinizm üsuluyla evə daxil olublar.

1979-cu il təvəllüdlü Ceyhun Sultanov futbolçu kimi karyerasını başa vurandan sonra “Neftçi” və “Keşlə” futbol klublarında idman direktoru işləyib.

Alpinizm üsuluyla evindən oğurluq edilən zərərçəkmişlər arasında polis generalı (hazırda Bakı şəhər İcra Hakimiyyəti başçılsının müşaviri) Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev və başqaları da var. Vüsal Mirzəyevin evindən 167 min manat, Cəlal İsayevin evindən isə 119 min manat pul və qızıl zinət əşyalarının oğurlandığı bildirilir.

Məlumata görə, oğrular zərgər dəqiqliyi ilə işləyib. Bu üzdən uzun müddət onları yaxalamaq mümkün olmayıb. Yalnız general oğlunun evindəki oğurluqdan sonra hüquq-mühafizə orqanları məsələyə daha ciddi yanaşıb və işin üstü açılıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »